NAXÇIVAN :

30 Sentyabr 2026, Çərşənbə

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub

...

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə Azərbaycan dili kurslarının yeni tədris ilinin iştirakçıları, diaspor nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov kurslara yeni qoşulan iştirakçılara uğurlar arzulayıb. Diplomat çıxışında Azərbaycan dilinin xalqımızın milli kimliyinin, zəngin mədəni irsinin və tarixi yaddaşının əsas daşıyıcılarından biri olduğunu vurğulayıb. O, Azərbaycan dilinin əsrlər boyu böyük inkişaf yolu keçərək zəngin ədəbi dil səviyyəsinə yüksəldiyini və dövlətçilik ənənələrimizdə mühüm yer tutduğunu qeyd edib.
Səfir Azərbaycan dilinin dünya azərbaycanlılarını birləşdirən əsas milli-mənəvi dəyərlərdən biri olduğunu vurğulayaraq, Azərbaycan dilinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsinə xidmət edən belə layihələrin mühüm əhəmiyyət daşıdığını bildirib.
Diplomat bildirib ki, Mədəniyyət Mərkəzində təşkil olunan Azərbaycan dili kurslarında tədris prosesi peşəkar mütəxəssis tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə qurularaq, interaktiv tədris metodlarından, süni intellekt texnologiyalarının yaratdığı imkanlardan, praktiki məşğələlərdən və müxtəlif əyani vəsaitlərdən istifadə edilməklə həyata keçirilir. Bu yanaşmanın Azərbaycan dilinin daha səmərəli və praktik şəkildə öyrənilməsinə, iştirakçıların dil, bilik və bacarıqlarının inkişaf etdirilməsinə geniş imkan yaratdığını qeyd edib.
Tədbir çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən süni intellekt texnologiyalarından istifadə edilməklə xüsusi hazırlanmış, Azərbaycan dilinin tarixi inkişaf yolunu, zənginliyini və özünəməxsus xüsusiyyətlərini əks etdirən videomaterial nümayiş olunub.
Sonda Azərbaycan dili kurslarına yeni qoşulan gənclər üçün Mədəniyyət Mərkəzində tanışlıq ekskursiyası təşkil edilib. İştirakçılar Mərkəzdə fəaliyyət göstərən muzeylər və kitabxana ilə yaxından tanış olub, burada nümayiş etdirilən ekspozisiyalar, eksponatlar, eləcə də kitabxananın kitab fondu haqqında ətraflı məlumat əldə ediblər.

Nəşr edilib : 30.09.2026 18:23