NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Deputat Teymur Rzayev: Xalqımız Vətən müharibəsi ilə yenilməz gücünü, milli ruhunu ortaya qoydu

...

"Azərbaycan 2020-ci il sentyabrın 27-dən etibarən başlayan və 44 gün davam edən Vətən müharibəsi ilə regionda hökm sürən 30 illik tarixi ədalətsizliyə son qoydu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz torpaqlarımızın əksəriyyətini döyüş meydanında azad etdi. Prezident İlham Əliyevin də dediyi kimi, biz cəmi 44 gün ərzində 300-dən çox şəhər və kəndi düşmənin əlindən aldıq, döyüş meydanında bu Zəfəri qazandıq, danışıqlar yolu ilə yox, kiminsə güzəşti ilə yox, qan tökərək, şəhidlər verərək".
Bu sözləri “Şərq qapısı”na açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Teymur Rzayev deyib.
Deputat qeyd edib ki, 44 günün hər biri salnamədir, tarixi zəfər yolunda atılan qətiyyətli, mütərəqqi addımdır. Azərbaycan həmin günlərdə bütün cəbhələrdə qalib oldu. Həm hərbi meydanda, həm siyasi arenada, həm iqtisadi, həm də informasiya cəbhəsində bir qalib var idi – Azərbaycan. Xalqımız “dəmir yumruq” ətrafında sıx birləşərək öz gücünü, yenilməz milli ruhunu ortaya qoydu. Azərbaycan 200 illik tarixində ilk dəfə olaraq torpaq itirən deyil, ərazi bütövlüyünü bərpa edən ölkə kimi tarixə düşdü, tanındı. 
“Prezident İlham Əliyev Vətən müharibəsi dövründə cəbhədə döyüşən Azərbaycan Ordusu ilə yanaşı, informasiya məkanında gedən müharibədə də əzmlə, dəyanətlə mübarizə apararaq Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırdı. Qırx dörd gün davam edən müharibə dövründə Prezident 11 ölkənin 26 KİV-nə müsahibələr verdi. Beynəlxalq hüququn prinsiplərinə, tarixi həqiqətlərə və siyasi reallıqlara əsaslanma həmin müsahibələrin məzmununu təşkil edirdi. Beləliklə, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli liderliyi, xalqımızın birliyi, ordumuzun gücü ilə əzəli torpaqlarımız azad olundu. Vətən müharibəsi təkcə Ermənistanın deyil, onun havadarlarının da üzərində qazanılan misilsiz zəfərlə yekunlaşdı”, – deyə Teymur Rzayev əlavə edib.

Nəşr edilib : 23.09.2025 12:20