Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti...
12:13 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
İran illərdir, ölkəmizə münasibətdə daxili işlərimizə hörmətlə yanaşmağı öyrənə bilmədi. Arazın bu tayındakı müstəqil Azərbaycan dövlətinin varlığını həzm etmədi. Bakı isə bunun qarşılığında dözüm göstərərək qonşuluq münasibətlərini qoruyub saxladı.
Tarixə nəzər
Tarixin izi ilə gedərkən biz İranın dövlətçilik ənənələrinin formalaşmasında, ölkənin inkişafında və qüdrətlənməsində, mədəni tərəqqisində azərbaycanlıların, həqiqətən də, böyük rol oynadığının şahidi oluruq. Azərbaycanlılar müasir İran ərazisində hələ İslamın qəbulundan əvvəl yaşamış, hakimiyyətin və dövlətçiliyin də əsasını qoymağa başlamışdılar. Fars tarixçiliyində və ədəbiyyatında Əfrasiyab şah kimi qeyd edilən xaqan Alp Ər Tunqa müasir İran ərazisində ilk azərbaycanlı hökmdar olub. Onun nəslindən olan sacilər, qəznəvilər və səlcuqlar sonradan İranla yanaşı, qonşu ölkələri də idarə ediblər. Daha sonra isə Atabəylər, Elxanilər, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular dövlətləri yaranıb ki, onları idarə edən azərbaycanlı hökmdarlar İranın hakimi-mütləqləri olublar. Uzun Həsənin dönəmində isə Ağqoyunlular Xorasandan Anadoluya, Qafqazdan Ərəbistan dənizinə qədər böyük bir ərazinin sahibi olublar. 1501-ci ildə Şah İsmayıl Xətainin başçılığı ilə Təbrizdə elan olunan Səfəvilər sonradan xanədana çevrildi, 1736-cı ilədək ölkəni idarə etdi. Həmin ildə Əfşarlar sülaləsinin yetirdiyi böyük azərbaycanlı Nadir şah səltənətinin sərhədlərini Hindistanın Dehli şəhərinədək genişləndirmişdi. 1747-ci ildə Nadir şahın öldürülməsindən və hakimiyyət uğrunda davam edən uzun mübarizədən sonra taxta çıxan Ağa Məhəmməd şah Qacar 1796-cı ildə paytaxtı Tehran olan Qacarlar dövlətini qurmuşdu. Qacarlar 1925-ci ilədək – Pəhləvi sülaləsi hakimiyyətə gələnədək İranı idarə ediblər. Bu dövrə qədər İran adlı dövlət olmamışdır.
Xəzərin hüquqi statusu məsələsi
Xəzərin statusu məsələsi İranın hər zaman qeyri-konstruktiv mövqe tutduğu bir məsələ olmuşdur. Tehran hesab edirdi ki, Xəzərin bütün sərvətləri sahilyanı ölkələr arasında bərabər şəkildə bölünməlidir. Ancaq İranın burda qanuni payı 13 faiz idi. Bunun da səbəbi ondan ibarətdir ki, İran Xəzəri göl hesab edirdi. İran ekoloji problemlər adı ilə Xəzərin dibi ilə neft-qaz kəmərlərinin çəkilməsinə mane olurdu. Həmçinin İran istəyirdi ki, hər hansı ölkə digər sahilyanı dövlətlərin razılığını almadan öz sularından sərbəst istifadə edə bilməsin. Məsələn, biz azərbaycanlılar Xəzərdə öz sərhədlərimiz daxilində hərəkət etmək istəsək, İrandan icazə almalı idik. Ancaq Azərbaycan daxil 4 sahilyanı dövlət Xəzəri beynəlxalq aləmdə qəbul olunduğu kimi, dəniz statusunda görmək istəyirdi. Nəhayət, çox çəkən müzakirələrdən sonra İran Xəzərin indiki statusu ilə razılaşdı. Bu, Tehran rejiminin qeyri-sağlam siyasətindən irəli gəlirdi. İran istəmir ki, 3 sahilyanı türk dövləti – Azərbaycan, Türkmənistan və Qazaxıstan güclənsin.
İrandan Zəngəzur dəhlizinə ikili münasibət
44 günlük Vətən müharibəsindən sonra Ermənistanın təslim aktı olan 2020-ci ilin 10 noyabrında Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanatın 9-cu bəndi, o cümlədən sənədin nəqliyyat əlaqələri ilə bağlı müddəası (“Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”) İranda ciddi narahatlıqla qarşılanmışdır. Diqqət edildikdə aydın görünür ki, İranın çəkdiyi qırmızı cizgilərin nə bir geosiyasi, nə siyasi, nə də real əsası yox idi. Çünki Azərbaycanın İrana münasibətdə nə işğalçılıq, nə sərhədlərin dəyişdirilməsi kimi planları yox idi. İranın cizgilər, xüsusən sərhədlərin dəyişməməsi ilə bağlı qırmızı xətti onun Qafqaz siyasətinin nə qədər məkrli olduğunu bir daha əyani nümayiş etdirir. İran Azərbaycan Respublikası ərazisinin 20 faizinin işğal edilməsinə, sərhədinin 132 kilometrinin faktiki dəyişməsinə, yəni Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçməsinə 30 il səssiz qalıb. Bu ölkə həmin vəziyyətlə nəinki razılaşıb, hətta təcavüzkara hərtərəfli dəstək verib. Azərbaycan ermənilərin sərhədinin bir metrini belə öz nəzarəti altına almadığı halda, İran ölkəmizin Ermənistana təcavüzü barədə xəbərdarlıq edirdi. İran unudur ki, Azərbaycanın qələbəsi nəticəsində artıq yeni geosiyasi reallıq yaranmışdır. Onu görmək istəməmək, qəbul etməmək iddiasına düşmək Azərbaycana qarşı düşmənçilik münasibəti sərgiləməkdən başqa cür dəyərləndirilə bilməzdi.
İran nə üçün zəfərdən sonra bu qədər hiddətlənmişdi? Çünki Azərbaycanın üstünlüyünü həzm edə bilmirdi. Bunun arxasınca nələrin gələcəyi onu qorxudurdu. Elə məhz buna görə də yenə rəzil planlarını həyata keçirməyə başladı. Bu planlardan birini 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında İrandan olan jurnalistin Vətən müharibəsində terrorçu qruplaşmalarının iştirakı iddiası ilə bağlı sualında gördük. Prezident İlham Əliyev bu suala sərt reaksiya verdi: “Siz bunu sual formasında verə bilərsiniz. Ancaq dediyinizin arxasında durmalısınız. Müharibə zamanı hər hansı terrorçu qrupların iştirakıyla bağlı elə hesabatlar, məlumatlar, dəlil, sübut yoxdur. Bu, uydurulmuş məlumatdır. Təəssüf edirəm ki, dost ölkədən olan jurnalist belə bir sual verir. Azadolunma əməliyyatında heç bir terrorçu iştirak etməyib. Bunun heç bir sübutu yoxdur. Bu, sadəcə olaraq, Azərbaycanı ittiham etməkdir. Bu, Ermənistan tərəfindən ediləndə anlaşılandır. Onlar üçün ağrılı məsələdir ki, onları Azərbaycan əsgəri məhv edib. Sizə tövsiyəm o olardı ki, spekulyasiyalarla məşğul olmayasınız. Siz xanım olaraq dost ölkədən gəlmisiniz. Xahiş edirəm, sualınızda məsuliyyətli olasınız”.
Azərbaycan Tehrana qarşı beynəlxalq miqyaslı sanksiyaların tətbiq edildiyi, hücumların gündəmə gəldiyi zamanlarda öz ərazisini anti-İran müharibə plasdarmına çevirməkdən imtina edib. Hətta, uzun illər İsraildə səfirliyimizin olmaması da ehtiramdan qaynaqlanıb. Ancaq bunun qarşılığında nə gördük?
27 yanvar terroruna baxış
27 yanvar 2023-cü il tarixdə saat 8 radələrində İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla ölkəmizin paytaxt Tehrandakı diplomatik nümayəndəliyinə daxil olmuşdu. O heç bir maneə görmədən, mühafizə postunu yarmış, səfirlik əməkdaşlarına atəş açmışdı. Nəticədə, səfirliyimizin mühafizə xidmətinin rəhbəri, baş leytenant Orxan Əsgərov həlak olmuşdu. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi xəsarət almışdı. Onlardan biri– terrorçunu zərərsizləşdirməyə nail olan Vasif Tağıyevin çiyninə və çənəsinə güllə dəymişdi. Məsələyə münasibət bildirən molla rejimi isə terrorçunun guya, həyat yoldaşının səfirlikdə olduğunu düşündüyü və bu səbəbdən ora silahla getdiyini bildirmişdir. Uzun müddət davam edən prosesdən sonra terror aktını törədən şəxsin məhkəməsinin ilk iclası 27 yanvar 2024-cü il tarixidə keçirilmişdir. Burada, sadəcə, bir məsələni vurğulamaq istərdik. Səfirliyə qarşı törədilmiş terror aktı fonunda akkreditasiya ölkəsi kimi İran tərəfi “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası”ndan irəli gələrək səfirliyin binasının hər cür hücumlardan qorunması və onun əməkdaşlarının təhlükəsizliyinin təminatına dair öhdəliyini yerinə yetirməmişdir.
Naxçıvanda törədilən terror
5 mart 2026-cı il tarixdə İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücum edildi. Hücum zamanı Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına ziyan dəydi, həmçinin Şəkərabad kəndində məktəb yaxınlığına düşən dron nəticəsində mülki şəxslər xəsarət aldı. Bu hadisə mülki obyektlərin hədəf alınması baxımından beynəlxalq hüquqa zidd və qəbuledilməz addım kimi qiymətləndirilir. Əlbəttə ki, bunlar təsadüfi deyil, çünki təyinat elə hava limanı idi. Dronlar təsadüfən bura düşə bilməzdi. Özü də bir yox, iki dron. Halbuki, Azərbaycan bütün rəsmi səviyyələrdə səsləndirilən mövqeyini səmimiliklə nümayiş etdirib: Azərbaycan ərazisindən və hava məkanından İrana qarşı istifadə edilə bilməz! Hətta Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xameneinin ölümündən sonra İran prezidentinə başsağlığı verib və İranın Bakıdakı səfirliyini ziyarət edib. Belə ki, Azərbaycan qonşuluq və humanist prinsiplərə sadiq qalıb.
Diplomatlıq və humanist addımlar göstərilsə də, İranın Naxçıvanda törətdiyi terror hadisəsindən sonra Silahlı Qüvvələr və xüsusi xidmət orqanları tam səfərbərlik vəziyyətinə gətirilmişdir, hücumlara qarşı sərt cavab verməyə hazır olduğu bildirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib ki, Azərbaycan öz ərazisinə qarşı törədilən bu hücumu qətiyyətlə pisləyir və cavabsız qoymayacaq. Prezident vurğulayıb: “Bizim gücümüzü sınamaq istəyənlərin başı "dəmir yumruq" vasitəsilə yarıldı". Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz suverenliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atmağa qadirdir və heç bir təxribat ölkəmizi qorxuda bilməz. Azərbaycan xalqı hər zaman olduğu kimi dövlətinin və ordusunun yanında olduğunu bir daha göstərir.
Bəli, İranın Azərbaycana qarşı xain hərəkətlərinin sayı-hesabı yoxdur. İslam respublikası ərazilərimizin 30 ilə qədər Ermənistanın işğalı altında qalmasında maraqlı olub, hətta ermənilərin dini abidələrimizi donuz saxlamaqla murdarlamalarına seyrçi qalıb. Şəhər, kənd və qəsəbələrimizin talan edilməsində erməni qardaşları ilə əlbirliyi faktlarla sübuta yetirilmiş acı həqiqətdir.
ASƏF ORUCOV
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı
Digər xəbərlər