Naxçıvanda ictimai nəqliyyatda yenilik
13:00 12.08.2026
0
0
0
NAXÇIVAN :
12 Avqust 2026, Çərşənbə
Xalqımız üçün dostluq hər zaman yüksək dəyər daşıyan, mənəvi zənginliyi ifadə edən anlayışlardan biri olub. Dost dedikdə insanın yalnız sevincini bölüşən deyil, çətin anında yanında olan, qayğısına şərik çıxan, ehtiyac duyduğu anda ona dayaq göstərən doğma bir insan obrazı canlanır. Bu gün “dost” anlayışı dövlət xidmətlərinin müasir modeli kimi də yeni məna qazanıb – insanın ehtiyac duyduğu anda yanında olan, dövlətin sosial xidmətlərini vətəndaşa daha yaxın, əlçatan və rahat edən DOST kimi.
Naxçıvanda DOST-un fəaliyyətə başlaması muxtar respublika sakinləri üçün sosial xidmətlərin inkişafında yeni mərhələnin başlanğıcıdır. Müasir standartlara cavab verən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzi vətəndaşların müxtəlif sosial məsələlərlə bağlı müraciətlərinin daha rahat və operativ şəkildə həllinə imkan yaradacaq.
Məqsəd şəffaflıq və insanların rifah halının yaxşılaşdırılmasıdır
Xalqa ləyaqətlə xidmət etməyi hər zaman özünə şərəf sayan və ona arxalanan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial siyasəti insanların rifah halının yaxşılaşmasına, bu sahədə mühüm layihələrin həyata keçirilməsinə və ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına zəmin yaradıb. Sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan, müasir, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin qorunmasıdır.
Dəfələrlə çıxışlarında siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını vurğulayan dövlətimizin başçısının həyata keçirdiyi siyasətin əsasında dövlət maraqları, ölkənin inkişafı və təhlükəsizliyi ilə yanaşı, xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Ölkə başçısının “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin məqsədi də hər bir Azərbaycan vətəndaşının yanında olmaq, məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində xidmətlərin keyfiyyətini yüksəltmək, şəffaflığı artırmaq, innovativ həllər tətbiq etmək və vətəndaş məmnuniyyətini təmin etməkdir.
Avqustun 11-də fəaliyyətə başlayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzində “bir pəncərə” prinsipi ilə məşğulluq, pensiya, sosial müavinət və təqaüdlər, sosial xidmətlər, əlillik, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək münasibətləri və digər sahələr üzrə vətəndaşlara 164 sosial xidmət göstəriləcək. Ümumilikdə, 117 işçinin və 50 könüllünün fəaliyyət göstərəcəyi mərkəzdə gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur. DOST mərkəzlərində xidmətlərin “bir pəncərə”, operativlik, şəffaflıq, rahatlıq və vətəndaş məmnunluğu prinsipləri əsasında təşkili modelin əsas xüsusiyyətlərindəndir.
Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas məqsədlərindən biri əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və insanların rifah səviyyəsinin yüksəldilməsidir. Bu istiqamətdə aparılan islahatlar və görülən işlər hər bir Azərbaycan vətəndaşının mənafeyinə xidmət edən sosial siyasətin nəticəsidir. Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayanması nəticəsində ölkəmiz güclü sosial siyasətə malikdir. Son 7 ildə ardıcıl olaraq icra olunan 5 sosial islahat paketi də bunu əməli şəkildə təsdiq edir.
Qeyd edilən sosial islahat paketləri əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə ciddi artımlara, o cümlədən minimum əməkhaqqının 3,1 dəfə, ortaaylıq əməkhaqqının 2 dəfə, minimum pensiyanın 3 dəfəyə yaxın, ortaaylıq pensiyanın 2,6 dəfə, sosial müavinət və təqaüd ödənişləri üçün ayrılan illik vəsaitin 5 dəfə, ünvanlı yardımın hər ailəyə düşən ortaaylıq məbləğinin isə 2,4 dəfə artmasına imkan verib.
DOST – Azərbaycanın yeni brendi
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST mərkəzləri sosial xidmətlərin göstərilməsində keyfiyyətcə yeni mərhələnin formalaşmasına səbəb olub. Bu mərkəzlərdə indiyədək vətəndaşlara 164 növ xidmət göstərilib, ümumilikdə, 4,6 milyon sosial xidmət təqdim olunub. Xidmətlərdən məmnunluq səviyyəsinin 99 faiz olması isə DOST modelinin vətəndaşlar tərəfindən qəbul edildiyini və rəğbətlə qarşılandığını göstərir.
DOST Agentliyinin yaradılması “ASAN xidmət”in müsbət təcrübəsinin sosial xidmətlər sahəsində davam etdirilməsi məqsədini daşıyır. Dövlət sosial xidmətlərinin vahid platformadan, “bir pəncərə”dən, tam şəffaf və operativ, vətəndaş rahatlığı, nəzakətlilik və sadə prosedurlar əsasında təqdim olunması bu təşəbbüsün əsas mahiyyətini təşkil edir. Belə mərkəzlərin yaradılması yalnız sosial xidmətlərin əlçatanlığının artırılmasına deyil, eyni zamanda məşğulluğun genişləndirilməsinə və ölkəmizin dayanıqlı inkişafının təmin olunmasına xidmət edir.
Bütün xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkili Naxçıvan sakinlərinə də sosial məsələlərlə bağlı müraciətlərini daha rahat, operativ və əlçatan şəkildə həll etmək imkanı yaradacaq. Vətəndaşın müxtəlif sosial məsələlər üçün ayrı-ayrı ünvanlara müraciət etməsinə ehtiyac qalmayacaq, ehtiyac duyduğu xidmətlər vahid mərkəzdə təqdim olunacaq.
Hazırda DOST şəbəkəsinin ölkə üzrə genişləndirilməsi istiqamətində işlər davam etdirilir. 2026-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində DOST qəbul şöbələrinin yaradılması, 2030-cu ilədək isə ölkə üzrə 18 DOST Mərkəzinin, o cümlədən 60 şöbə və məntəqədən ibarət geniş xidmət şəbəkəsinin formalaşdırılması nəzərdə tutulur. Bu isə Naxçıvanda sosial xidmətlərin yalnız bir mərkəzlə məhdudlaşmayaraq mərhələli şəkildə bütün rayonlara yayılmasına imkan verəcək.
Son illərdə ölkəmizdə həyata keçirilən sosial islahatlar beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən 300-dən artıq mükafat və sertifikatla təltif olunub. Onların arasında “Hamı üçün inklüziv və bərabər sosial təminat xidmətləri” təşəbbüsünə görə BMT-nin Dövlət Xidmətləri Mükafatı da var.
Bütün bunlar göstərir ki, DOST modeli yalnız sosial xidmətlərin göstərildiyi məkan deyil. Bu model dövlət-vətəndaş münasibətlərində insan amilini önə çəkən, xidmətin keyfiyyəti ilə yanaşı, vətəndaşın rahatlığını və məmnunluğunu əsas götürən yeni yanaşmadır.
Naxçıvanda Regional DOST Mərkəzinin fəaliyyətə başlaması da bu baxımdan mühüm hadisədir. Çünki insanın ehtiyac duyduğu anda yanında olmaq, onun müraciətini dinləmək, probleminin həllinə çevik və şəffaf şəkildə kömək göstərmək dostluğun mahiyyətində olduğu kimi, müasir sosial xidmətin də əsas fəlsəfəsini təşkil edir.
Beləliklə, illərdir, mənəvi dəyər kimi yaşatdığımız “dost” anlayışı bu gün dövlət xidmətlərində də özünün yeni ifadəsini tapır. Dostluqdan “DOST”a uzanan bu yolun mahiyyətində isə dəyişməyən bir dəyər dayanır – insan və onun rifahı.
Rəmzi TAHİRLİ
Digər xəbərlər