Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkə...
14:32 28.08.2026
0
0
0
NAXÇIVAN :
28 Avqust 2026, Cümə
Ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlət siyasətinin prioritet məsələsidir. Birbaşa Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət müvafiq kateqoriyadan olan vətəndaşların sosial rifahının yüksəldilməsinə və layiqli həyat şəraitinin təmin olunmasına xidmət edir.
Şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına da Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılıb. Prezident İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşlara göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində sosial müdafiə tədbirləri, o cümlədən mənzil təminatı proqramı ardıcıl şəkildə genişləndirilib. Zəfərlə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə proqramın miqyası beş dəfə artırılıb.
Naxçıvan Muxtar Respublikasında da bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır. Avqustun 19-da daha 68 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxs yeni mənzillə təmin olunub. Bu mənzillərin 29-u Naxçıvan şəhərində, 23-ü Şərur rayonunda, digər mənzillər isə Babək, Culfa, Ordubad, Şahbuz və Kəngərli rayonlarında yerləşən yeni çoxmənzilli yaşayış binalarındadır. Mənzil sahibi olan ailələrin sevincini bölüşmək, bu diqqətin onlar üçün nə ifadə etdiyini öyrənmək məqsədilə həmin ailələrlə görüşüb təəssüratlarını dinlədik.
“Bu gün Şuşada, Murovdağın zirvəsində dalğalanan bayraq hər bir şəhid ailəsinin qürurudur”
Vətən müharibəsi şəhidi Həsən Quliyevin ailəsi də yeni mənzil sahibi olan ailələrdəndir. Şəhid atası, Şərur rayon Qarahəsənli kənd sakini İbrahim Quliyev deyir ki, oğlu Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub. Azərbaycan Ordusunun leytenantı olan qəhrəman “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Şəhid atası bildirdi ki, Vətən müharibəsinin qələbə ilə başa çatması şəhidlərimizin qəlbimizə vurduğu yaranı sağaltdı. Bu gün Şuşada, Murovdağın zirvəsində dalğalanan qələbə bayrağı hər bir şəhid ailəsinin qürurudur. Bu gün həm də ona görə fəxr edirik ki, dövlətimiz şəhid ailələrini heç bir zaman unutmur, onlara böyük diqqət və qayğı ilə yanaşır.
Şəhidin anası İradə ana isə oğlunun adını daşıyan nəvəsini böyütdüyünü bildirir: “Şərur şəhərində bizə təqdim olunan mənzilə köçmək, orada Həsənin adını daşıyan nəvəmi böyütmək mənim üçün böyük sevincdir. Füzulidə, Laçında çırağı yanan evləri görəndə qürur duyuram. Həsən də bu torpağın azadlığı uğrunda döyüşüb. Bu gün ocağımızda Həsən adlı bir oğul da böyüyür. Onu adına və Vətəninə, xalqına layiq şəkildə yetişdirəcəyik. Biz bir ölüb, min dirilirik”.
“Oğul həsrətinə Vətən müharibəsindəki Zəfər təsəlli olub”
Qədim igidlər yurdu Kəngərlinin Şahtaxtı kənd sakini, şəhid anası Səkinə Qədimovanın illərdir, oğul həsrəti ilə döyünən ürəyinə Vətən müharibəsində qazanılan Zəfər təsəlli olub. Oğlu Famil yurdumuzun ən çətin günlərində – 1990-cı illərin qanlı-qadalı vaxtlarında hərbi xidmətini kəşfiyyatçı əsgər kimi edib. Naxçıvan Muxtar Respublikasının düşmənlə sərhədinin müxtəlif istiqamətlərində mərdliklə vuruşub. Yaralansa da, geri çəkilməyib. Sədərək kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Övladını itirdiyi gündən ötən 30 il ərzində Səkinə Qədimova və ailəsi dövlətin diqqət və qayğısı ilə əhatə olunub. İllər sonra yeni mənzillə təmin olunan şəhid anası sevincini belə ifadə edib: “Ömrümün ahıl çağında yeni mənzillə təmin edildim. Bunun üçün dövlət başçımıza minnətdaram. Allah dövlətimizi var eləsin. Şəhidlərimizin ruhu şad olsun”.
“Övladlarımızın xatirəsini uca tutan dövlətin varlığını hiss etmək böyük təsəllidir”
Dövlət tərəfindən mənzillə təmin olunan ailələrdən biri də Vətən müharibəsi şəhidi Mətin Hüseynovun ailəsidir. Ordubad rayonunun Düylün kəndindən olan leytenant Mətin Hüseynov Füzuli, Xocavənd, Qırmızı Bazar və Şuşa istiqamətlərində rəşadətlə vuruşub. Daşaltı əməliyyatı zamanı – noyabrın 9-da şəhidlik zirvəsinə ucalıb. Göstərdiyi şücaətə görə Mətin Hüseynov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Şəhid atası Ramiz Hüseynov göstərilən diqqətdən razılığını belə ifadə edir: “Dövlətimiz hər zaman şəhid ailələrinin yanındadır və bizi diqqətdən kənarda qoymur. Ailəmizin yeni mənzillə təmin olunmasına, göstərilən bu böyük diqqət və qayğıya görə cənab Prezidentə və dövlətimizə dərin minnətdarlığımı bildirirəm. Övladlarımızın xatirəsini hər zaman uca tutan dövlətin varlığını hiss etmək biz şəhid valideynləri üçün böyük təsəlli və qürur mənbəyidir”.
“Mənzil yeni həyatın başlanğıcıdır”
Sədərək rayonunun Dəmirçi kənd sakini Turqay Məhərrəmov Vətən müharibəsində iştirak edib, döyüşlərdə sağlamlığını itirib. 13 il Azərbaycan Ordusunda xüsusi təyinatlı zabit kimi xidmət edən Turqay Məhərrəmov “Şücaətə görə”, “İgidliyə görə”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid və qazi ailələrinə göstərilən diqqətin ardıcıl xarakter daşıdığını vurğulayan Turqay Məhərrəmov yeni mənzilin ailəsi üçün yaratdığı imkanlardan danışır: “Şərur şəhərinin mərkəzi küçəsində yerləşən yeni mənzilə köçmək ailəmiz üçün böyük sevincdir. Dörd övladım həmin mənzildə böyüyəcək. Onların Vətənə layiqli şəxsiyyət kimi yetişməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm. Müzəffər Ordunun zabiti olmaq qüruru ilə yaşayır, ömrüm boyu Ali Baş Komandanımıza minnətdar olacağam”.
“Bu diqqət bizim üçün böyük mənəvi dayaqdır”
Ordubad rayonunun Məzrə kənd sakini Hüseyn Məmmədov da Vətən uğrunda sağlamlığını itirənlərdəndir. 2019-cu ildən Azərbaycan Ordusunda zabit kimi xidmət edən Hüseyn Məmmədov Suqovuşan, Murovdağ və Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Ötən günlərdə o, Naxçıvan şəhərində mənzillə təmin olunub. Dövlət tərəfindən göstərilən diqqəti yüksək qiymətləndirir: “Prezidentimiz öz fəaliyyəti ilə həmişə sübut edib ki, O hər bir azərbaycanlının Prezidentidir. Dövlət başçımız bütün vətəndaşlara qayğı göstərir, onların problemlərinin həlli istiqamətində ardıcıl işlər görür. Bu gün fiziki sağlamlığını itirmiş insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işlər də bunun göstəricisidir”.
“Yeni mənzil bizim üçün böyük sevincdir”
Vətən müharibəsində göstərdiyi rəşadət və fədakarlıqla seçilən leytenant Azər Rüstəmli də mənzillə təmin olunanlar sırasındadır. Azərbaycan Silahlı Qüvvələrində zabit kimi xidmət edən Azər Rüstəmli Vətən müharibəsində ağır yaralanıb. Vətən qarşısındakı xidmətlərimə görə cənab Prezidentimiz tərəfindən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Qəhrəmanımız dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açaraq bildirir: “Döyüşdən sonra dövlətimiz tərəfindən avtomobil və ötən günlərdə Ordubad şəhərində yeni mənzillə təmin olunmuşam. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların, şəhid ailələrinin və müharibə veteranlarının təminatına dəstək məqsədilə yaradılmış “Dəstək” Fondu və “YAŞAT” Fondu tərəfindən mənə maddi dəstək də göstərilib. Bunun üçün dövlətimizə minnətdarlığımı bildirirəm”.
“Zəfərin qəhrəmanlarına dövlət qayğısı”
Mənzillə təmin olunanlar arasında Babək rayonunun Didivar kəndindən olan Elxan Əliyev və Şahbuz rayonunun Keçili kəndindən Firuz Məmmədov da var. Onların hər ikisi Vətən müharibəsində müxtəlif istiqamətlərdə gedən döyüşlərdə iştirak edib və göstərdikləri xidmətə görə dövlət təltiflərinə layiq görülüblər.

Müharibənin ilk günlərindən Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edən Elxan Əliyev daha sonra Xocavənd istiqamətində gedən döyüşlərdə vuruşub və ağır xəsarət alıb. Döyüş meydanında göstərdiyi şücaət dövlət tərəfindən yüksək qiymətləndirilib. Elxan Əliyev “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
Firuz Məmmədov isə Vətən müharibəsi zamanı Murovdağ, Suqovuşan və Talış kəndi istiqamətlərində gedən döyüşlərdə iştirak edib. O, Murovdağ yüksəkliyi uğrunda gedən döyüşdə sağlamlığını itirib. “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
Şahbuz şəhərində yeni mənzillə təmin olunan hər iki müsahibim göstərilən diqqət və qayğının ailələri üçün böyük əhəmiyyət daşıdığını bildirir.
“Göstərilən qayğı böyük mənəvi dayaqdır”
Babək rayonunun Vayxır kəndindən olan İkinci Qarabağ müharibəsi qazisi, ehtiyatda olan leytenant Fərdi Məmmədov da yeni mənzillə təmin edilib. O, Vətən müharibəsi zamanı Ağdam, Ağdərə və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Daha əvvəl avtomobillə təmin edilən Fərdi Məmmədov yeni mənzili yalnız yaşayış yeri deyil, həm də yeni başlanğıc kimi qiymətləndirir: “Dövlətimizin göstərdiyi diqqət və qayğı insanı qürurlandırır. Mənzillə təmin olunmağım çox gözəl hissdir. Mənim üçün bu, yeni bir həyatın başlanğıcıdır. Dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirirəm. Göstərilən qayğı Vətən müdafiəçiləri üçün böyük mənəvi dayaqdır”.

“Dövlət qayğısının müxtəlif istiqamətlərdə özünü göstərməsi qürurvericidir”
İkinci Qarabağ müharibəsi iştirakçısı, ehtiyatda olan leytenant Mürsəl Behbudov da mənzillə təmin olunanlar sırasındadır. Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edən Mürsəl Behbudov göstərdiyi rəşadətə görə “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

O, dövlət qayğısının müxtəlif istiqamətlərdə özünü göstərdiyini bildirir: “2022-ci ildə avtomobillə təmin olunmağımı da böyük diqqət nümunəsi kimi qiymətləndirirəm. Qazilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər dövlət tərəfindən daim diqqətdə olduğumuzu göstərir. Culfa şəhərində yeni mənzillə təmin olunmağımız da bizim üçün böyük mənəvi əhəmiyyət daşıyır”.
"Şərq qapısı"
Digər xəbərlər