Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay fest...
11:30 27.06.2026
0
0
0
NAXÇIVAN :
27 Iyun 2026, Şənbə
Prezident İlham Əliyevin iyunun 23-də imzaladığı “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncam fədakar mütəxəssislərin əməyinə verilən yüksək qiymətin növbəti təzahürü oldu. Bu ali mükafata layiq görülənlərdən biri də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Ümumi işlər şöbəsinin əməkdaşı Vəli Məmmədovdur. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən Vəli müəllim bu mükafatla bağlı sevincini və zəhmətinin bəhrəsi olan bu mükafat münasibətilə duyğularını bizimlə bölüşdü.
Dövlət qulluqçusu olmağın həm də böyük məsuliyyət və Vətənə xidmət borcu olduğunu vurğulayan Vəli Məmmədov bu ali mükafatı fəaliyyətinə verilən ən böyük dəyər kimi qiymətləndirir: “Dövlət idarəetmə sisteminin əsas elementlərindən biri kimi dövlət qulluğu vətəndaşlarla dövlət arasında qarşılıqlı əlaqəni təmin edir və ictimai etimadın formalaşmasında həlledici rol oynayır. Dövlət proqramlarının effektiv icrası, qəbul olunmuş idarəetmə qərarlarının praktik reallaşdırılması və vətəndaş müraciətlərinə operativ cavab verilməsi məhz dövlət qulluqçularının fəaliyyəti ilə təmin olunur.
Ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlar nəticəsində 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanun qəbul edilmiş və bununla dövlət qulluğu sisteminin hüquqi təməllərinin əsası qoyulmuşdur. Ötən dövr ərzində Ulu Öndərin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qulluğu sistemi müasir dövlət quruculuğunun vacib istiqamətlərindən biri kimi daim diqqət mərkəzində saxlanılmışdır”.
Dövlət qulluğu sahəsində həyata keçirilən islahatların əhəmiyyətindən danışan Vəli Məmmədov qeyd edir: “Bu sahədə əsas mərhələlərdən biri dövlət başçısı İlham Əliyevin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın qəbul edilməsi olmuşdur. Strategiya dövlət idarəetməsinin ən mühüm institutlarından biri olan dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədi daşıyır. Hazırda da dövlət qulluğu sahəsində islahatlar davam etdirilir. Dövlət qulluqçularının iqtisadi və sosial müdafiəsi gücləndirilir, rotasiya qaydaları təkmilləşdirilir, elektron xidmətlərin tətbiqi genişləndirilir, insan resurslarının inkişafı, innovativ yanaşmaların tətbiqi və təşviqi həyata keçirilir. Heç şübhəsiz ki, Prezident cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilən 23 iyun – Dövlət qulluqçularının peşə bayramı günü bu peşənin cəmiyyət və dövlət həyatındakı mühüm roluna verilən yüksək qiymətin ifadəsidir. Həmçinin dövlət qulluqçularının mütamadi şəkildə dövlət mükafatları ilə təltif olunması bu kadrlara göstərilən xüsusi diqqətin göstəricisidir”.
15 illik fəaliyyət təcrübəsindən danışan həmsöhbətimiz vurğulayır: “Artıq 15 ildir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlət qulluqçusu kimi müxtəlif sahələrdə fəaliyyət göstərirəm. Bu illər ərzində dövlət və vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsinin, dövlət qulluqçularının bilik və bacarıqlarını təkmilləşdirərək yeni idarəçilik yanaşmalarına yiyələnməsinin şahidi olmuşam. Sözsüz ki, fəaliyyətimizin ən həssas və məsuliyyətli tərəfi vətəndaş məmnuniyyətinin təmin edilməsidir. Dövlət başçısı İlham Əliyevin çıxışlarında vurğuladığı kimi, hər bir dövlət qulluqçusu fəaliyyətində “vətəndaş məmnuniyyəti” meyarını əsas tutmalıdır. Bu mənada, şəffaf operativ və dəqiq xidmət göstərmək bizim üçün əsas şərtlərdəndir. Dövlət qulluğunda çalışan hər bir şəxs cəmiyyətdəki rolunun və fəaliyyətindəki məsuliyyətin fərqində olmalıdır. Bilməlidir ki, peşə prinsiplərinə əməl etmək, dövlətin maraqlarını və vətəndaş məmnuniyyətini önə çəkmək prioritet məqamlardandır.
Bu gün zəfər qazanmış ölkənin vətəndaşı kimi idarəetmə prosesində iştirak xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 23 iyun tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan dövlət qulluqçuları sırasında yer almaq məsuliyyətimi daha da artırır. Öz növbəmdə, dövlətimizin başçısına göstərdiyi ali diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm”.
Elnurə CƏFƏROVA
Digər xəbərlər