Azərbaycanın Qazaxıstandakı səfiri II dərəcəli “Do...
23:52 26.06.2026
0
0
0
NAXÇIVAN :
27 Iyun 2026, Şənbə
Bakıda keçirilən pankration və qrapplinq üzrə Azərbaycan birinciliyi Naxçıvan idmançılarının növbəti qələbəsi ilə yadda qalıb. Baş məşqçi Xəyal Abdullayevin rəhbərliyi ilə yarışa yollanan “Turan” döyüş klubunun yetirmələri muxtar respublikaya 27 medal qazandırıblar.
Həm pankration, həm də qrapplinq idman növündə rəqiblərinə şans tanımayaraq iki qızıl medal qazanan Nürəddin Əliyev qələbəyə gedən yolun heç də asan olmadığını vurğulayıb: “Bakıya getməmişdən öncə məşqlərdə çox əziyyət çəkmişdik, hər gün saatlarla hazırlaşırdıq. İki fərqli növdə birdən vuruşmaq adama böyük məsuliyyət yükləyir, həm də fiziki olaraq çox çətindir. İlk görüşlərdə bir az həyəcan var idi, amma rinqə çıxan kimi ancaq qələbəni fikirləşdim. Rəqiblərim zəif deyildilər, xüsusən final döyüşləri çox gərgin keçdi. Naxçıvana iki qızıl medalla qayıtmağı çox istəyirdim və şükürlər olsun ki, buna nail oldum. İndi qarşıda dünya çempionatı var. Yarışın Bakıda keçirilməsi bizim üçün böyük şansdır. Doğma azarkeşlərin qarşısında dünya çempionu olmaq və himnimizi səsləndirmək ən böyük hədəfimdir”.
Pankration idman növündə bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə ucalan Əsgər Heydərov isə bu birinciliyin onun üçün əsl xarakter sınağı olduğunu diqqətə çatdırır: “Pankration həm fiziki, həm də psixoloji cəhətdən çox ağır idman növüdür. Burada anidən verdiyin yanlış bir qərarla sən hər şeyi itirə bilərsən. Ona görə də yarış boyunca hər döyüşə final görüşüymüş kimi yanaşdım və elə mübarizə apardım. Pankrationda saniyələr hər şeyi həll edir, ona görə də bir anlıq diqqətsizlik məğlubiyyətə apara bilər. Qələbə anında keçirdiyim sevinci izah etmək çətindir, çiyinlərimdən böyük bir yük götürüldü sanki. Amma əsl sınaq indi başlayır. Dünya çempionatına daha ciddi hazırlaşmalıyıq ki, orada da gücümüzü göstərə bilək”.
Qrapplinq idman növündə parlaq qələbələr qazanaraq qızıl medala sahib çıxan Həmid Əkbərli isə bu idman növünün fəlsəfəsindən və yarışın gedişatından söz açıb: “Qrapplinqdə təkcə güclə qalib gəlmək olmur, gərək hər gedişi əvvəlcədən düşünəsən. Bakıdakı rəqiblərim fəndləri yaxşı bilirdilər, müdafiə olunmaq çətin idi. Məşqçinin kənardan verdiyi məsləhətlər və vaxtında etdiyi xəbərdarlıqlar qələbəmdə böyük rol oynadı. Komanda olaraq 27 medal qazanmağımız çox böyük nəticədir, bizim necə güclü komanda olduğumuzu göstərir. İndi məqsədim Bakıdakı dünya birinciliyində bu titulu qorumaq və qızıl medalı yenidən qazanmaqdır”.
Azərbaycan birinciliyində əldə olunan uğurlar idmançılara qarşıdakı beynəlxalq yarışlara daha inamla hazırlaşmağa stimul verir. Qazanılan medallar isə Naxçıvanda döyüş idman növlərinin inkişafının və gənc idmançıların potensialının göstəricisi kimi qiymətləndirilir.
Elnurə CƏFƏROVA
Digər xəbərlər