Böyük Britaniyanın Ticarət üzrə elçisi Lord Alderd...
20:22 14.12.2025
0
0
0
NAXÇIVAN :
14 Dekabr 2025, Bazar
Hələ də əllərinin izləri yaşayan həyət evlərinin küçə qapısını döyürəm. Uşaq səsi eşidirəm:
– Ay baba, qapı döyülür. Gedim açımmı?
Bir azdan qapı açılır. Bu, uzaqdan-uzağa tanıdığım Əsəd Ələkbərovdur, Bağırın atası. Şəhid Bağırın. Salamlaşırıq. Ürəyimdən keçənləri ifadə etməyə çalışıram. Hiss edirəm ki, mənim də durumumu başa düşür. Gözümdən qaçmır ki, hələ də çöhrəsi oğul itkisini özündə saxlayıb. Ancaq söhbəti bu məğrur atanın daxili aləmini ilk anda ortaya qoyur:
– Ruhu şad olsun ki, başımızı uca etdi. Bu müharibə hər yada düşdükcə ərazi bütövlüyümüzü təmin edənlər minnətdarlıqla xatırlanacaq, qazandığımız qələbədə qazi olanlar, şəhidliyə yüksələnlər məhəbbətlə anılacaq. Bağır da onlardan biri kimi. Bir vaxtlar yaşadığı otağa keçirik. Otağın divarlarında şəkilləri, hərbi mundiri asılıb. Bu anda balaca oğlu içəri girir, əlini şəkillərə uzadaraq:
– Atamdır, əsgərliyə gedib, o gələndə mən məktəbə gedəcəyəm, – deyir. Mən isə düşünürəm ki, bu uşaq “atasının əsgərlikdən qayıtmasını” nə qədər gözləyəcək? O anda da fikrimdən keçir ki, həyatın belə cavabsız sualları nə qədərdir görəsən?
...1995-ci ildə Naxçıvan şəhərinin Əliabad qəsəbəsində hərbçi ailəsində dünyaya göz açmışdı. Bəlkə də, ona hərbiyə maraq elə atasından keçmişdi. Onu da deyim ki, şəhidimizin əmisi, dayısı oğlu da hərbçidirlər. Bağır ibtidai təhsilini Naxçıvan Qarnizonu tam orta məktəbdə almış, atasının xidməti ilə əlaqədar Culfa şəhərinə köçdüklərindən orta təhsilini Culfa şəhər 3 nömrəli tam orta məktəbdə başa vurmuşdu.
2013-cü ildə xüsusi təyinatlı qüvvələrdə snayperçi kimi hərbi xidmətə başlamışdı. Xidmətini qurtarmağa 3 ay qalmış nizam-intizamını, qabiliyyətini, hərbiyə marağını nəzərə alaraq ona gizir rütbəsi verilmiş, valideynlərinə təşəkkür məktubu göndərilmiş, döyüş və ictimai-siyasi hazırlıqda fərqləndiyinə görə Fəxri Fərmanla təltif edilmişdi.
İxtisasını təkmilləşdirmək üçün Türkiyəyə göndərilmiş, burada Özəl qüvvət kəskin nişançı, sonra isə Özəl qüvvət uzman nişançı kurslarını uğurla başa vuraraq sertifikat almışdı. Bağır həm də gözəl idmançı idi. İdmanın bir neçə sahəsi ilə məşğul olurdu. Əlbəyaxa döyüş növünü isə daha çox sevirmiş. Bu idman növü üzrə keçirilən yarışlarda həmişə qalib gəlib, mükafatlandırılırmış.
Qardaşı Ayxan Bağırın aldığı Fəxri fərmanları, təşəkkür məktublarını, təltifləri göstərir. Düşünürəm ki, yaşasaydı Azərbaycan Ordusunun yüksək rütbəli zabitlərindən biri olacaqdı Bağır. Həmin təltiflərdən birinə baxıram. 2018-ci il mayın 20-dən 27-nə qədər Naxçıvan Muxtar Respublikasına qarşı ermənilərin növbəti təxribatı Əlahiddə Ümumqoşun Ordunu əks-həmlə əməliyyatı keçirməyə gətirib çıxarır. Xüsusi təyinatlı qüvvələrin tərkibində olan Bağır Şərur rayonunun Günnüt kəndinin, Ağbulaq yüksəkliyinin, Qızılqaya, Qaraqaya dağlarının azad olunmasında, Dərələyəz mahalının Arpa kəndinin Azərbaycan Ordusunun nəzarəti altına keçməsi üçün gedən döyüşlərdə fəallıq göstərir, pul və qol saatı ilə mükafatlandırılır.
Bir qədər sonra Bağır yenə də ixtisasının sirlərinə daha dərindən yiyələnmək üçün xüsusi snayper tapşırıqlarının yetirilməsi kursunu bitirir, beynəlxalq təlimdə iştirak edir, xüsusi fəallıq və bacarığı yüksək dəyərləndirilir.
2019-cu ildə Bağır Ələkbərov “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilir.
Bu yazını hazırlayarkən Bağırla birlikdə döyüşən yoldaşlarından bir neçəsi ilə əlaqə saxladım. Onların söhbətlərindən hiss etdim ki, igid şəhidimiz yoldaşlarının qəlbində cəsur, qorxmaz, ölümün gözünə dik baxan bir qəhrəman kimi yaşayır. Bunu da xüsusi vurğuladılar ki, o, mənsub olduğu xalqı, vətəndaşı olduğu dövləti hər şeydən uca tuturdu.
Yağı üzərinə qorxmadan, çəkinmədən getməyi də onun qanındakı vətənpərvərlik duyğularının alovlanması idi. Nə qədər düşmən texnikasını sıradan çıxarmışdı, snayperi ilə yüzlərlə erməni vandalını məhv etmişdi.
Bağır Ələkbərov bu gün təkcə cəbhə dostlarının deyil, bütün xalqımızın qəlbində yaşayır. Ölkə başçısının müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülən Bağırın qəhrəmanlığı mənə adını unutduğum bir filosofun sözlərini xatırlatdı: “Xalqı yolunda canından keçənlər əbədi yaşamaq hüququ qazananlardır”.
Muxtar MƏMMƏDOV
Digər xəbərlər