Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi ...
21:59 29.10.2026
0
0
0
NAXÇIVAN :
29 Oktyabr 2026, Cümə axşamı
Memarlıq abidələri daşa yazılmış tarix, xalqların mədəniyyət salnaməsi və sivilizasiyanın güzgüsüdür. Azərbaycan xalqının çoxəsrlik tarixi də memarlıq inciləri ilə zəngindir. Ölkəmizdə şəhərsalma mədəniyyətinin qədimliyini, milli memarlıq ənənələrinin yaşadılmasını və bu sahədəki müasir çağırışları rəhbər tutaraq Prezident İlham Əliyev 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etmişdir. Şəhərsalma, sadəcə, binaların tikilməsi və yolların salınması deyil, o, insan həyatının keyfiyyətini yüksəldən sosial, mədəni və ekoloji mühitin vəhdətidir. Bu il Bakı şəhərinin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi etməsi də Azərbaycanın qlobal urbanizasiya proseslərində artan rolunun bariz nümunəsidir.
Keçmişlə gələcəyin qovuşduğu bu şəhərsalma xəttinin ən parlaq səhifəsi isə orta əsrlər memarlığının zirvəsi sayılan Naxçıvan memarlıq məktəbinə və onun banisinə məxsusdur. XII əsrdə mühüm ticarət və mədəniyyət mərkəzi olan, Atabəylər dövlətinin paytaxtı Naxçıvan şəhəri həm də özünəməxsus bir memarlıq məktəbinin beşiyinə çevrilmişdi. Orta əsr tarixçisi Həmdullah Qəzvininin “Nəqşi-cahan” (Dünyanın bəzəyi) adlandırdığı bu qədim şəhərdə İslam aləminin şah əsərləri ucaldılırdı. Bu məktəbin banisi və zirvəsi isə böyük sənətkar Əcəmi Əbubəkir oğlu Naxçıvani idi. Tanınmış sənətşünas Ə.V. Salamzadə Əcəmi dühası haqqında yazır: “Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına onun təsirini izləmək çətin deyil... Qərb dünyasında arxitektura sənəti hələ anonim səciyyə daşıyan bir dövrdə Əcəmi parlaq və təkrarolunmaz yaradıcı simaya malik böyük sənətkar, bədii və mühəndis təfəkkürünün nəhəngi kimi canlanır”.
Təsadüfi deyil ki, XIII əsrin tarixi mənbələri Əcəminin öz dövründə tayı-bərabəri olmadığı üçün “Şeyxül-mühəndis” (mühəndislər başçısı) rütbəsi daşıdığını xəbər verir. UNESCO çərçivəsində 900 illik yubileyi qeyd olunan bu dahi sənətkarın Naxçıvanda yaratdığı dövlət kompleksinə Cümə məscidi, Eldənizlər sarayı, Qoşa minarəli baştağ və yaradıcılığının şah əsəri sayılan Möminə xatun türbəsi daxil idi. Möminə xatun türbəsi öz monumental ölçüləri, zərif həndəsi naxışları və mühəndislik həlli ilə bu gün də milli memarlığımızın ən böyük rəmzlərindən biri hesab olunur. Akademik araşdırmalara və tarixi faktlara nəzər saldıqda Əcəmi Naxçıvaninin bizə qədər salamat gəlib çatan ilk şah əsərinin Yusif Küseyir oğlu türbəsi olduğunu görürük.
Şeyxlərin başçısı Yusif Küseyir oğlu
Tədqiqatçıların qənaətinə görə, bu türbə 1162-ci ilin payızında Yusif Küseyir oğlunun xatirəsinə tikilib. Abidənin üzərindəki kitabədə ona verilən titullar onun kimliyini daha da yaxşı aydınlaşdırır; “xacə” – onun böyük tacir və görkəmli alim olduğunu, “Adlı-sanlı rəis” – Atabəylər dövləti dövründə Naxçıvan şəhərinin rəsmi hakimi (valisi) olduğunu, “Şeyxlər şeyxi” – şəhərdəki ali ruhani təbəqəyə və sufi xanəgahlarına rəhbərlik etdiyini göstərir. Bu titul və epitetlərin təhlili belə bir qənaətə gəlməyə əsas verir ki, Yusif Küseyir oğlu öz dövrünün yüksəkvəzifəli dövlət xadimi və cəmiyyətdə böyük nüfuz qazanmış seçkin bir şəxsiyyəti idi. Bu səbəbdən onun qəbri üzərində Şeyxül-mühəndis tərəfindən belə bir əbədi abidə ucaldılmışdır.
İllər əvvəl, hələ məktəbli ikən addım atmışdım onun sirli dünyasına. Ekskursiya üçün gəlib qarşısında dayananda, böyük bir heyranlıqla baxmışdım bu qədim daş abidəyə. İçəri girəndə məni bürüyən o qəribə sükunət, başımı yuxarı qaldırıb baxdığım o əzəmətli günbəzi görəndə keçirdiyim hisslər hələ də xatirimdədir. Divarlarındakı hər həndəsi naxış, hər kufi xətt mənə oxunmağı gözləyən gizli bir məktub kimi görünmüşdü. O vaxt uşaq ağlımla o yazılarda nə gizləndiyini anlamağa çalışır, barmaqlarımı əsrlərin yorğunluğunu daşıyan o kərpiclərin üzərində gəzdirirdim.
Zaman keçdi, mən böyüdüm, amma Naxçıvanın bu qədim guşəsində türbə yenə də öz görkəmini qoruyaraq saxlayıb. Bu gün eyni yerə baxanda zamanın çarxının geriyə fırlandığını hiss edirəm. Çünki indi də o qapıdan içəri eyni heyranlıq, eyni maraq dolu gözlərlə baxan məktəblilər daxil olur. Mənim illər əvvəl hiss etdiklərimi, bu gün başqa bir uşaq o naxışlara baxaraq yaşayır.
Möminə xatun göz önündə parıldayan bir tacdırsa, Yusif Küseyir tarixin qəlbində gizlənmiş bənzərsiz bir incidir. Bu inci hər yeni nəslin gözündə yenidən kəşf olunmağı gözləyir. O sanki səs-küylü məhəllələrin, gündəlik qayğıların arasında özünü gizlədib. Dünyanın qaçaqaçından buraya sığınan bir müdrik kimi sakitcə dayanıb. Şəhər onun ətrafında böyüyür, dəyişir, avtomobillər keçir, insanlar tələsir... Amma o, Atabəylər dövrünün möhtəşəm ruhunu qoruyaraq, Naxçıvan şəhərinin Şahab məhəlləsində gizlənərək gülümsəyir.
Yusif Küseyir oğlu türbəsi tədqiqatlarda
Naxçıvanın tarixini və epiqrafik irsini dərindən araşdıran AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli qeyd edir ki: “Əcəmi Naxçıvaninin bizə qədər salamat gəlib çatan ilk əsəri məhz Yusif Küseyir oğlu türbəsidir. Bu abidəni unikal edən əsas cəhət odur ki, üst piramida örtüyünün quraşdırılmasından 864 il keçməsinə baxmayaraq, o, zəmanəmizədək salamat vəziyyətdə gəlib çatmışdır. Bu, Əcəminin mühəndislik dühasının sübutudur.
Yusif Küseyir oğlu türbəsi üzərində kərpic dekorun ən mürəkkəb və zəngin örnəkləri “girih” (düyün) adlanan xüsusi həndəsi ornamentlərlə yaradılmışdır. Memarlıq dekorunda girih naxışların aparıcı rol oynaması baxımından Yusif Küseyir oğlu türbəsi Azərbaycan memarlığında yeni mərhələdir.
Səkkizguşəli türbənin səthlərinin hamısının yuxarı hissəsi qurşaq şəklində ayrılmış və orada iri hərflərlə böyük həcmli kitabə yerləşdirilmişdir. Oxunuşundan aydın olur ki, kitabənin mətni İslamın müqəddəs kitabı “Qurani-Kərim”in 3-cü (“Ali-İmran”) surəsindən götürülmüş 17, 18-ci ayələrdən və 19-cu ayənin kiçik bir hissəsindən ibarətdir. Bu ayədən sonra “Qurani-Kərim”in 112-ci (“əl-İxlas”) surəsi yazılmışdır. Məqbərənin giriş qapısının sol tərəfindəki üzünün baş tərəfində yazılan kitabədə memar öz adını qeyd etmişdir: “Bənna Əcəmi Əbubəkir oğlu Nəşəvinin (Naxçıvaninin – H.S.) əməlidir”. Kitabədən göründüyü kimi, memar Əcəmi Əbubəkir oğlu Naxçıvani ilk yaradıcılıq məhsulu olan Yusif Küseyir oğlu türbəsinin üzərində özünü “Nəşəvi” nisbəsi (doğulduğu və ya yaşadığı yerin adı) ilə təqdim etmişdir. Nəşəva, Nəşəvi orta əsrlər zamanı Naxçıvan şəhərinin adlarından biri olmuşdur”.
Əsrlərdən süzülüb gələn irsə dövlət qayğısı
Əcəmi Naxçıvaninin yaratdığı memarlıq irsi səkkiz əsrdən artıqdır ki, zamanın sınağından çıxaraq öz dəyərini qoruyub saxlayır. Möminə xatun və Yusif Küseyir oğlu türbələri yalnız XII əsr Azərbaycan memarlığının şah əsərləri deyil, həm də Naxçıvanın tarixi kimliyinin və şəhərsalma mədəniyyətinin canlı simvollarıdır. Prezident İlham Əliyevin Möminə xatun türbəsinin bərpası və konservasiyası, eləcə də Azərbaycan memarlığının görkəmli nümayəndəsi Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Naxçıvan şəhərində abidəsinin ucaldılması və Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncamlar milli-mədəni irsimizin qorunmasına göstərilən yüksək diqqətin təzahürüdür. Naxçıvan şəhərində Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması və Möminə xatun türbəsində həyata keçirilən bərpa işləri yalnız tarixi abidələrin mühafizəsinə deyil, həm də Azərbaycanın zəngin memarlıq ənənələrinin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Bu addımların hər biri milli memarlıq tariximizə göstərilən dövlət qayğısının və sənətkarlarımızın irsinə olan sonsuz ehtiramın rəmzidir.
Səmayə RƏSULOVA
Digər xəbərlər