Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sulul...
16:52 04.09.2026
0
0
0
NAXÇIVAN :
04 Sentyabr 2026, Cümə
Türk dünyasının tanınmış mütəxəssislərinin Azərbaycanda bir araya gəlməsi müasir ortopediya və travmatologiyanın aktual problemlərinin müzakirəsi və bu sahənin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
"Şərq qapısı" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov türkcə danışan ölkələrin travmatoloq və ortopedlərinin beynəlxalq konqresində çıxışı zamanı deyib.
Ə.Əmiraslanov bildirib ki, son illər Türk Dövlətləri Təşkilatı çərçivəsində səhiyyənin müxtəlif istiqamətləri üzrə keçirilən konqreslər, o cümlədən onkoloqların, kardioloqların, ürək-damar cərrahlarının və hazırda ortoped və travmatoloqların toplantısı Azərbaycan tibb ictimaiyyəti üçün mühüm hadisədir.
O qeyd edib ki, konqresdə Türk dünyası, eləcə də dünya miqyasında tanınan yüksəkixtisaslı mütəxəssislərin iştirakı xüsusi əhəmiyyət daşıyır. Onların azərbaycanlı həmkarları ilə bilik və təcrübə mübadiləsi aparması, müasir ortopediya və travmatologiyanın qarşısında duran problemləri müzakirə etməsi bu sahələrin ölkəmizdə daha sürətli inkişafına təkan verəcək.
Milli Məclisin komitə sədri ortopediya və travmatologiyanın sürətlə inkişaf edən tibb sahələrindən olduğunu vurğulayaraq, bu istiqamətdə elmi-praktik tədbirlərin keçirilməsinin yeni yanaşmaların və qabaqcıl tibbi metodların öyrənilməsi baxımından mühüm olduğunu bildirib.
Ə.Əmiraslanov konqresin xüsusilə gənc mütəxəssislər üçün böyük əhəmiyyət daşıdığını deyib. Onun sözlərinə görə, gənc həkimlər dünya miqyasında tanınan mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq, onların elmi araşdırmalarının nəticələri ilə tanış olmaq və qabaqcıl təcrübəni öyrənmək imkanı əldə edirlər.
Komitə sədri bu cür tədbirlərin yalnız tibbi məsələlərin müzakirəsi baxımından deyil, türk dövlətləri arasında bilik və təcrübə mübadiləsinin, elmi əməkdaşlığın gücləndirilməsi baxımından da əhəmiyyətli olduğunu qeyd edib və tədbirin işinə uğurlar arzulayıb.
Digər xəbərlər