Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏ...
16:24 24.09.2026
0
0
0
NAXÇIVAN :
24 Sentyabr 2026, Cümə axşamı
Naxçıvanda “I Naxçıvan Beynəlxalq Tibb Günləri – 2026” keçirilir. Dünyanın müxtəlif ölkələrindən və Azərbaycanın ayrı-ayrı şəhərlərindən tanınmış həkim və mütəxəssislərin iştirak etdiyi tədbir çərçivəsində tibbin müxtəlif istiqamətləri üzrə konfranslar, ustad dərsləri, praktiki məşğələlər və tibbi aksiyalar təşkil olunur.
Konfransda qarşıya qoyulan məqsədlər barədə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev jurnalistlərə müsahibəsində qeyd edib: “Bu gün doğma Naxçıvanımız böyük bir elmi-praktik tədbirə – I Beynəlxalq Tibb Günlərinə ev sahibliyi edir. 24-26 sentyabr tarixlərdə keçirilən tədbir Naxçıvan Dövlət Universitetində davam edəcək. Dünyanın müxtəlif ölkələrindən gələn həkimlər, tibb dərnəklərinin və müxtəlif tibbi qurumların rəhbərləri bu günlər ərzində universitetimizdə tibbin müxtəlif istiqamətləri üzrə ustad dərsləri, konfranslar və praktiki məşğələlər keçirəcəklər”.
Rektor bildirib ki, tədbir çərçivəsində tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına da xüsusi diqqət yetirilir: “Tədbir, təxminən, 2 minə yaxın akademik heyət, həkim, rezident və tələbəni əhatə edəcək. Ən mühüm istiqamətlərdən biri isə Naxçıvanın tibb müəssisələrində tibbi aksiyaların keçirilməsidir. Müxtəlif tibbi sahələr üzrə tanınmış həkimlərin iştirakı ilə müayinələr və müalicələr aparılacaq. Bu prosesdə tələbələrimizin iştirakı onların klinik bazalarda praktiki bilik və bacarıqlarının inkişafına mühüm töhfə verəcək”.
Elbrus İsayev tədbirdə müxtəlif mövzularda açıq panel sessiyalarının da keçiriləcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu sessiyalarda tibb sahəsinə maraq göstərən Naxçıvan ictimaiyyətinin iştirakı da nəzərdə tutulur.
Tədbirdə yerli və xarici qurumların geniş təmsil olunduğunu bildirən rektor qeyd edib: “Tədbirin təşkilatçısı və ev sahibi Naxçıvan Dövlət Universiteti ilə yanaşı, dost və qardaş universitetlərimiz, eləcə də Azərbaycan Tibb Universitetinin böyük heyəti burada təmsil olunur. Türkiyənin müxtəlif universitetlərinin tibb dərnəklərinin rəhbərləri və üzvləri, müxtəlif ölkələrdən gəlmiş mütəxəssislər Naxçıvan Tibb Günlərində iştirak edirlər. Təxminən, 200 nəfərə yaxın qonağımız var”.
Rektor tədbirin Naxçıvanın tibbi turizm imkanlarının tanıdılması baxımından da əhəmiyyətini vurğulayıb. O bildirib ki, xaricdən gələn mütəxəssislərin Duzdağ mağarası, termal sular və digər müalicə imkanları ilə tanışlığı gələcək əməkdaşlıqlar üçün yeni imkanlar yarada bilər.
Elbrus İsayev qeyd edib ki, Beynəlxalq Tibb Günlərinin gələcək illərdə də Naxçıvanda keçirilməsi planlaşdırılır: “Bu, ilk tədbirdir və ümid edirik ki, gələcək illərdə də tibbin müxtəlif aktual problemlərinə həsr olunmuş konfransların, müalicə və müayinələrin, ustad dərslərinin keçilməsi ilə Beynəlxalq Tibb Günlərini davam etdirəcəyik. İnanıram ki, Naxçıvan ictimaiyyətinin də yaxından iştirak etdiyi bu tədbir səhiyyəmizin və tibb təhsilimizin inkişafına, eləcə də Naxçıvanın sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək”.
Digər xəbərlər