Состоялась церемония официальной встречи Президент...
11:37 22.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasını, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilmiş 2025-ci il ölkəmiz üçün çox əlamətdar hadisələrlə yaddaqalan oldu.
Ümummilli Lider Heydər Əliyevin birbaşa rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk milli Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş və müstəqil dövlət quruculuğunun hüquqi əsaslarını təsbit etməklə ölkəmizin gələcək inkişaf konsepsiyasını müəyyənləşdirmişdir. Konstitusiyada təsbit olunan əsas prinsiplər – dövlət suverenliyi, ərazi bütövlüyü, hakimiyyətin xalqa məxsus olması, insan hüquq və azadlıqlarının qorunması ölkənin inkişaf strategiyasının əsas xəttini təşkil edir.
Lakin Konstitusiyamızda təsbit olunmuş prinsiplərin tam şəkildə həyata keçirilməsi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində mümkün olmamışdır. Ölkə ərazisinin bir hissəsinin işğal altında qalması Konstitusiyanın suverenlik və ərazi bütövlüyü müddəalarının faktiki olaraq pozulması demək idi. Buna baxmayaraq, Azərbaycan dövləti heç vaxt bu vəziyyətlə barışmamış, beynəlxalq hüquq normalarına əsaslanaraq öz haqlı mövqeyini ardıcıl şəkildə müdafiə etmişdir.
2020-ci ildə 44 günlük Vətən müharibəsi bu mübarizənin kuliminasiya nöqtəsi oldu. Azərbaycan Ordusunun qazandığı şanlı qələbə nəticəsində işğal altındakı torpaqlar azad edildi, ölkənin suverenliyi faktiki olaraq tam təmin olundu. Bu zəfər nəticəsində Konstitusiyada təsbit edilmiş ərazi bütövlüyü və suverenlik tam bərpa edildi. Tarixi zəfər Azərbaycan Ordusunun gücünü, lider-xalq-ordu birliyinin sarsılmazlığını bütün dünyaya göstərdi.
2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi dərin siyasi, hüquqi və tarixi məna daşıyır. Çünki 30 il dövlətimizin inkişafına xidmət edən Konstitusiyamız dövlətimizin hüquqi sütunu, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, ordumuzun qəhrəmanlığı və xalqımızın birliyi ilə əldə etdiyimiz tarixi qələbə və suverenliyimiz isə dövlətimizin varlığının və davamlılığının qarantıdır. Bu mənada, Konstitusiya, suverenlik və tarixi zəfər bir-biri ilə sıx bağlıdır.
Azərbaycanın 30 illik inkişaf və tərəqqisinin hüquqi əsasını müəyyənləşdirən Konstitusiyamızın qəbul edilməsinin 30 illiyi və ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunmasının 5 illiyi ilə əlamətdar olan 2025-ci il həm də Vaşinqton görüşü, Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü, III MDB Oyunları, Qars-Naxçıvan dəmir yolunun təməlinin qoyulması, Laçın şəhərinin 2025-ci il MDB-nin mədəniyyət paytaxtı olması, Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşü, müstəqillik tariximizin ən böyük Amnistiya aktı kimi hadisə və tədbirlər, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionda sülh və stabillik təşəbbüsləri, beynəlxalq diplomatiyada güclü aktivlik, daxili infrastruktur və sosial layihələr, elm, təhsil və texnologiya sahələrində irəliləyişlər və sosial islahatlarla Azərbaycan xalqı üçün daha da yaddaqalan oldu.
Bütün bunlar bir daha sübut edir ki, Konstitusiyaya əsaslanan idarəetmə, milli birlik və qətiyyətli siyasi iradə dövlətin suverenliyinin əsasını təşkil etməklə daha da işıqlı sabahların müjdəçisidir və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan bu uğurlar gələcək nəsillər üçün ən böyük mirasdır.
Əjdər ƏLİYEV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər