Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətir...
13:58 01.11.2026
0
0
0
NAXÇIVAN :
01 Noyabr 2026, Bazar
(portret oçerk)
Adını hər dəfə xatırlayanda gözlərim önündə həlim baxışları, ləngərli yerişi və ən əsası, həmişə maraq doğuran söhbətləri ilə yaddaşımda yaşayan bir insan obrazı canlanır. Dostları, qələm yoldaşları arasında böyük hörmət və ehtiram qazanan bu peşəkar qələm sahibi ilə mən hələ tələbəlik illərindən tanışam. İllər keçsə də, onun səmimiyyəti, təmkinli davranışı və sözə olan sevgisi yaddaşımdan silinməyib.
Artıq bir neçə ildir ki, təqaüddə olmasına baxmayaraq, tez-tez onunla işlədiyim, xatirələrlə dolu illəri yada salır, bəzən telefonla əlaqə saxlayırıq, keçmişdən, gələcəkdən danışırıq. Bəzən də görüşüb saatlarla mətbuat, ədəbiyyat haqqında söhbət edirik. Bir sözlə, onunla nə vaxt üz-üzə gəlsək, danışacaq sözümüz, müzakirə edəcəyimiz mövzumuz mütləq olur. O, “Şərq qapısı” qəzetində uzun illər çalışmış, qələmi və özünəməxsus yaradıcılıq üslubu ilə neçə-neçə gənc jurnalistə örnək olmuş qələm sahibi, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Muxtar Məmmədoğludur.
Ömrünün bir hissəsini qəzetə, qəzetçiliyə, digər bir hissəsini isə müəllimlik kimi müqəddəs peşəyə həsr edən Muxtar müəllim mətbuatımızın ağsaqqal qələm sahiblərindəndir. O, 30 ilə yaxın jurnalist kimi səmərəli fəaliyyət göstərib. Mətbuata başladığım ilk illərdə əlimdən tutan, mənə dəstək olan jurnalistlər arasında onun adını, imzasını görmək, hər şeydən əvvəl, mənim üçün böyük stimul idi.
İllər keçdikcə doğmalaşdıq, dostlaşdıq. Hətta yazılarının ilk oxucularından biri oldum, kitabları haqqında resenziyalar yazdım. Sözə böyük həssaslıqla yanaşan Muxtar müəllimin yaradıcılığı haqqında yazmaq mənim üçün həmişə böyük məsuliyyət tələb edib. Təvazökarlıqdan uzaq olsa da, bu cəsarəti və məsuliyyəti zaman-zaman onun ustad söhbətlərindən, qiymətli tövsiyələrindən aldım. Muxtar müəllim gənclərə məsləhət verəndə qələmdən, sözdən, yazıdan qorxmamağı, diqqətli və qərəzsiz olmağı, mütaliədən, kitabdan, bir sözlə, oxumaqdan uzaq düşməməyi tövsiyə edirdi. Qəzetdə çalışdığı illərdə otağının qarşısından keçərkən onun daim mütaliə etdiyinin, gündəlik qəzetləri vərəqlədiyinin şahidi olurdum. O, yalnız sözləri ilə deyil, şəxsi nümunəsi ilə də gənclərə yol göstərməyi bacarırdı.
Bir neçə il əvvəl işıq üzü görən növbəti kitabında Muxtar müəllim üzünü 60 illik ömür yoluna tutaraq soruşdu: “İllər, sizdə nəyim qaldı?” Söz adamı olan Muxtar müəllimin kitabına nə üçün belə bir ad verdiyini anlaya bilməmişdim. Zaman keçdikcə bu sualın mahiyyətini anlamağa başladım. Sən demə, insan ötən günlərə boylandıqca ən çox ömründən süzülüb gedən illərin xiffətini çəkirmiş. Bəzən darıxır, bəzən kövrəlir, hətta yaşından asılı olmayaraq, uşaq kimi inciyib-küsür. İllər bir-birini əvəz etdikcə insanı sanki bir ev kimi kərpic-kərpic hörür, pillə-pillə ucaldır. Hər il ömrümüzə bir daş qoyur, amma həmin daşla birlikdə bizdən nələrisə də aparır. İndi bu sətirləri qələmə alarkən Muxtar müəllimi daha yaxşı başa düşürəm. Çünki o ötən illərdə, hər şeydən əvvəl, qayğısız uşaqlığını, ata-analı çağlarını, gəncliyini, tələbəlik illərini, bir zamanlar başına sığal çəkdiyi şagirdləri ilə bağlı xoş xatirələrini axtarırdı...
İllərin Muxtar müəllimə nə qazandırdığını, ondan nə apardığını söyləmək, əlbəttə, asan deyil. Amma mətbuatımızın bu cəfakeşini yaxından tanıyan biri kimi əminliklə deyə bilərəm ki, mətbuata həsr etdiyi ömür yolunda Muxtar Məmmədoğlu çox şey qazanıb. Ən başlıcası isə özünəməxsus imzasını... Qəzetə, qəzetçiliyə həsr etdiyi otuz ilə yaxın zaman kəsiyində o, yalnız bir adla, bir imza ilə tanındı: Muxtar Məmmədoğlu. Operativliyi, qərəzsizliyi, gənclərə də bu keyfiyyətləri aşılamağa çalışan müəllim və jurnalist kimi.
Həyat yolunun ən maraqlı məqamlarından biri də budur ki, bir əlində təbaşir tutub müəllimlik etdiyi illərdən bəri mətbuatla əlaqəsini kəsməyib. Hələ məktəbdə çalışdığı vaxtlardan müxtəlif mətbuat orqanlarında dərc olunan maraqlı və yaddaqalan yazıları ilə oxucuların diqqətini çəkib, Muxtar müəllimin jurnalistikaya gəlişi də təsadüfi deyildi. Müəllimlik illərində qazandığı müşahidə qabiliyyəti, insanları yaxından tanımaq bacarığı, sözə və hadisələrə həssas münasibəti onun publisistikasında da özünü göstərdi. O, həyatın adi görünən məqamlarından belə maraqlı nəticələr çıxarmağı, insan talelərinə, sözün məsuliyyətinə və zamanın yaddaşına işıq salmağı bacarırdı. Bəlkə də elə buna görədir ki, Muxtar Məmmədoğlunun adı “Şərq qapısı”nın tarixi ilə yanaşı çəkiləndə yaddaşlarda yalnız bir jurnalist obrazı canlanmır. Qarşımızda sözə sədaqətlə xidmət etmiş, müəllimlikdən jurnalistikaya, jurnalistikadan isə mənəvi yaddaşa uzanan ömür yolu keçmiş bir ziyalı obrazı dayanır.
Dostu, Əməkdar jurnalist, yazıçı-publisist Hüseyn Əsgərov Muxtar müəllim haqqında danışarkən və yazarkən onu Naxçıvanda redaktə məktəbinin sonuncu nümayəndəsi adlandırır. Bu fikirdən çıxış edərək bir məqamı da qeyd etmək yerinə düşər. Muxtar Məmmədoğlu “Şərq qapısı” qəzetində çalışdığı illərdə redaktə bacarığı və peşəkarlığı nəzərə alınaraq “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşriyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Burada çalışdığı müddətdə 50-yə yaxın kitaba redaktorluq edib.
Bu gün onunla söhbət edəndə yenə keçmişdən danışırıq. Köhnə qəzetlərdən, həmkarlardan, müəllimlik illərindən, nəşriyyatdakı fəaliyyətindən, ədəbiyyatdan, jurnalistikadan söz açırıq. Hər söhbətin sonunda isə insanın içində qəribə bir duyğu yaranır: sanki danışdığımız yalnız keçmiş deyil, zamanın özüdür. O zamanın ki, içində hər şeydən çox insan ömrü var. Doğma və əziz xatirələr yaşayır, unudulmayan insanlar, yaşanmış günlər var. Həyat adlı bir nağıl var. Bu, insan ömrünün, insan həyatının nağılıdır. Bu ömrün sonunu biz yazmırıq. Onu zaman yazır, xatirələr yaşadır. Ömürdən ötüb keçən illər həyatı sətir-sətir, səhifə-səhifə qələmə alır. Və elə bir zaman gəlir ki, biz üzümüzü həmin illərə tutub ərkyana soruşuruq: “İllər, sizdə nəyim qaldı?”
Mən düşünürəm ki, bu sualın cavabı elə Muxtar müəllimin öz ömründədir. Bu illər onun 67 illik ömründən nələrsə aparıb. Amma bir həqiqət də var: Həmin illərdə yazdığı sözləri, yetişdirdiyi şagirdləri, qazandığı dostları, qoyduğu imzanı, ən əsası isə insanların yaddaşında yaratdığı xoş xatirələri zaman apara bilməyib. Çünki əsl ömür təqvimdə qalan illərlə deyil, insanların yaddaşında qalan izlərlə ölçülür. Muxtar müəllimin ömür yoluna nəzər salanda həmin izlərin çoxluğunu görürük. Onlar qəzet səhifələrində, qələmə aldığı yazılarda, yetişdirdiyi şagirdlərinin uğurlarında, həmkarlarının xatirələrində, dostlarının söhbətlərində, onu tanıyan insanların yaddaşında yaşayır.
Bu gün ömrünü mətbuata həsr etmiş, sözə və sənətə sədaqəti ilə seçilmiş, Naxçıvan mətbuatının ağsaqqal qələm sahiblərindən biri olan, Əməkdar jurnalist, “Tərəqqi” medallı söz adamı Muxtar Məmmədoğlunu böyük hörmət və ehtiramla salamlayırıq. Xatırladırıq ki, uzun illər mətbuat sahəsində səmərəli fəaliyyət göstərən söz adamının əməyi qeyd etdiyim fəxri adla və medalla yekunlaşmayıb. O, dövlətimiz tərəfindən mənzillə təmin olunub, ötən il isə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalına layiq görülüb.
Zaman keçsə də, illər bir-birini əvəz etsə də, milli mətbuatımız yaşadıqca, ömrünü mətbuata həsr edən jurnalistlərimizin adı və imzası da yaşayacaq. Çünki bəzi insanlar ömürdən ötüb keçən illərlə deyil, illərin içində qoyduqları izlərlə xatırlanırlar. Muxtar müəllim də məhz belə bir ömür yaşayıb və yaşadığı ömürlə qürur duyur...
Məcid RƏŞADƏTOĞLU
Digər xəbərlər