Naxçıvanda sertifikatlaşdırmanın 2-ci gününün I se...
15:26 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
Azərbaycan qazandığı tarixi Zəfərlə dünyanın diqqət mərkəzindədir. XXI əsrin hələ ki ilk və tək ədalətli müharibəsini aparan və bununla da konstitusion quruluşunu, suverenliyini təmin edən xalq və dövlət olaraq qürurluyuq, millilik duyğusundan, Böyük Qələbəmizdən gözlərimiz yaşarır. Tarix qarşısındakı borcumuzu yerinə yetirmişik, gələcək nəsillərə bütöv, üçrəngli göylər gözəlinin – Azərbaycan Bayrağının dalğalandığı suveren bir diyar ərməğan qoymuşuq. Artıq Azərbaycan xalqı 5-ci ildir ki, dünyaya tarixi Zəfərin qüruru ilə baxır. Elə dünya da minlərlə Vətən oğlunun qanı və igidliyi bahasına Qarabağa qayıdan, 30 il doğma od-ocağa dönmək üçün cəfa çəksə də, bu yoldan dönməyən, Şuşa aşiqi, Xankəndi sevdalısı kimi baxır bizə.
Hər bir dini etiqadın özünə görə müqəddəs bilinən kitabı, inandığı dəyərləri vardır. Azərbaycan xalqından ötrü müqəddəslik rəmzlərindən biri də Böyük Zəfərdir. Çünki biz bu tarixi Qələbənin komponentlərində həm də şəhidliyi yaşadırıq. Şəhidlik bizim üçün həm də şahidlikdir. Vətəni son damla qanına qədər sevməyə şahidlik etməkdir. Şəhidlik həm də şəhanə igidlik etmək, bütün yolların Qarabağa aparması deməkdir bizim üçün. Ona görə də əsrin Qələbəsi deyirik bu Zəfərə. Tayı-bərabəri, bənzəri yoxdur bu tarixin... XXI əsrdə ədalətli müharibə aparıb Xocalının, Ağdaban faciəsinin, tunel qətliamının – sırf türk olduğuna, damarlarında azərbaycanlı qanı daşıdığına görə qətlə yetirilən yüzlərlə günahsız körpənin, ahılın, qız-gəlinin qisasını düşməndən alan, doğma od-ocağından yağının ayağını birdəfəlik kəsən, işğalçıların arzu və xəyallarını torpağa basdıran, Böyük Qayıdışla yurdunu qurub-yaradan, cənnətə çevirən, illərlə torpaq həsrəti ilə burnunun ucu göynəyən insanları ev-eşiyinə qovuşduran nə qədər Lider var ki?!
Bu, ritorik sualdır, cavab tələb olunmur. Qarabağda tarix yazan, beləliklə, adını tarixə yazdıran bir Lider varsa, O da cənab İlham Əliyevdir. O səngərdəki əsgərin Ali Baş Komandanı, müasir Azərvaycan tarixinin Qalib Sərkərdəsi, siyasi arenada isə xalqımızı ən yaxşı formada təmsil edən Müzəffər Prezidentdir. Deməli, tarix Azərbaycandır, tarix cənab İlham Əliyevdir, tarix Azərbaycan xalqıdır. Bir vaxtlar arzu etdiyimiz “Ermənistan törətdiyi qanlı əməllərə görə tarix qarşısında cavab verəcək!” nidasının mütləq həqiqətə çevrildiyi günləri yaşayırıq. Bakıda əsrin məhkəməsi qurulub. Bir vaxtlar Qarabağda oturub özünü “prezident”, “parlament sədri” və “nazir” kimi təqdim edən canilər, siyasi şizofrenlər bu gün Azərbaycan qanunları qarşısında cavab verirlər. Bu, gördüyümüz, Azərbaycan Prezidentinin gözlərimiz önündə yazdığı, gələcək nəsillərə qürurla danışacağımız tarixin bir parçasıdır. Deməli, yaşından, cəmiyyətdəki mövqeyindən, statusundan asılı olmayaraq, damağında böyük Zəfərin dadı olan, bu günlərə şahidlik edən hər bir azərbaycanlı həm də tarixi şəxsiyyətdir.
Demək olar ki, hər gün keçmiş köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıtması, məskunlaşması ilə bağlı rəsmi mənbələrdən məlumatlar alırıq. Sözü və imzası bir olan cənab İlham Əliyev işğaldan azad etdiyi Qarabağı kəndbəkənd, məhəllə-məhəllə qurub-yaradır. Görün, təkcə “Konstitusiya və Suverenlik İli”ndə Qalib Lider neçə kəndin, qəsəbənin, şəhərin yenidən qurulmasında, Böyük Qayıdışın reallaşmasında iştirak edib. Xəyallar gerçəyə, arzular həqiqətə dönüb. Tarixi anlara, tarixi kadrlara şahidlik edirik. Şuşanın, Xankəndinin, Xocalının yenidən dirçəlməsini, Zəngilanın “Ağıllı Ağalı”sını, Kəlbəcərdə keçirilən bal festivalını görən gözlər nə xoşbəxtdir, İlahi!.. Tələbə şəhərciyinə dönüb Xankəndi, mötəbər xarici qonaqları, dünya liderlərini qarşılayır bizim Şuşa. Füzulidən, Zəngilandan keçməklə Naxçıvana yol açmaq planları üzərində işləyirik. Ruhun şaddır, Pənahəli xan, gözün aydın olsun, Xan qızı Natəvan. İndi Qarabağa Zəfər dadında ucalıq, böyüklük gətirmişik. Böyük Qayıdışla ulu yurda dönənlər dövlətin onlar üçün qurub yaratdığı doğma od-ocaqda cənab İlham Əliyevlə şipşirin, bal dadında dialoq qururlar. Bundan böyük xoşbəxtlik, bundan böyük qürur varmı Allah?!
2025-ci ildə – “Konstitusiya və Suverenlik İli”ndə Böyük Qələbənin beşilliyini qeyd edirik. Deyirəm, alqış sənə olsun beş yaşlı böyük, beş yaşlı tarix, beş yaşlı qürur – TARİXİ ZƏFƏRİMİZ, səndən bəhs edirəm! Duyursan, dünya səndən, səni ərsəyə gətirən xalq, ordu və Liderin gücündən, birliyindən, siyasi iradə və qətiyyətindən, cəmi beş yaşında necə tarixə dönməyindən danışır. Əmin ol ki, bundan sonra da səni hamıdan çox oxşayıb əzizləyəcəyik. Qəti və birmənalı olaraq sənə adi gözlə baxa bilmərik. Çünki Zəfər adlı tarixi reallıqda şəhidlərimizin müqəddəs qanı, müzəffər xalq və Liderin həmrəyliyi, əzm və siyasi qətiyyəti yaşayır. Övladlarımıza, nəvə-nəticələrimizə hələ səndən çox bəhs edəcəyik, qürur mənbəyimiz – BÖYÜK QƏLƏBƏMİZ! Gün o gün olsun ki, yaşının üstünə neçə-neçə beşlər gəlsin, qərinələrə, əsrlərə dönəsən!
Suveren Azərbaycan naminə canından keçən Vətən sevdalı oğullar, hər zaman olduğu kimi, tarixi zəfərin 5 illik yubileyində də sizin müqəddəs ruhunuz qarşısında baş əyirik. Siz Müzəffər Liderin dəmir yumruğutək əzəmətəli, yenilməz oldunuz. Əfsanəvi igidliyiniz bir ömür boyu bu böyük xalqın yaddaşında dastanlaşacaq. İndi siz milyonların övladısınız. Adınız gələndə gözlərimiz qürurdan yaşarır, rəşadətinizlə öyünürük. And içirik ki, canınızı qurban verdiyiniz müqəddəs Vətən torpağını göz bəbəyi kimi qoruyacaq, indiki kimi qurub-yaradacaq, ona kəm gözlə baxmaq niyyətində olanların gözünü oyacağıq. Suverenliyin, 86.6 min kvadratkilometrlik müqəddəs torpağın bütövlüyünün qədrini hər şeydən çox biləcəyik.
Gözün aydın, milyonların doğması, öz övladı – şəhid, bu böyük xalqa Zəfər dolu günlərin şirinliyini, xoşbəxtliyini halal edin deyirik!
Muxtar RZAZADƏ
Digər xəbərlər