NAXÇIVAN :

04 Noyabr 2026, Çərşənbə

Əsrlərin yaddaşını yaşadan Şahab məhəlləsi

...

Qədim məhəllələr xalqımızın əsrlərin sınağından keçərək günümüzədək gəlib çatan milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin və milli kimliyinin yaşadıldığı müqəddəs məkanlardır. Keçmişlə bu gün arasında mənəvi körpü yaradan, nəsillərin yaddaşını özündə yaşadan tarixi məhəllələrin hər küçəsi, hər döngəsi, hər daşı uzaq keçmişdən xəbər verir. Zamanın sınaqlarına sinə gərərək günümüzədək gəlib çatan bu məkanlar xalqımızın zəngin mədəni irsinin ayrılmaz tərkib hissəsidir.

Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Naxçıvan diyarı belə tarixi məhəllələrin zənginliyi ilə seçilir. Muxtar respublikanın müxtəlif bölgələrində tariximizin dərin qatlarına söykənən, əsrlər boyu formalaşaraq keçmişin və gələcəyin izlərini qoruyub saxlayan onlarla qədim məhəllə mövcuddur. Bu baxımdan, Ordubad və Naxçıvan şəhərləri xüsusi diqqət çəkir. Qədim memarlıq ənənələri, özünəməxsus yaşayış mühiti və zəngin tarixi keçmişi ilə seçilən bu şəhərlərin məhəllələri dünənimizin izlərini bu günümüzə daşıyır. Ordubad şəhərinin Sərşəhər, Ambaras və Mingis, Naxçıvan şəhərinin isə Sarvanlar, Gomayıl, Zaviyə və Anbar məhəllələri qədim yaşayış ənənələrimizin canlı nümunələri kimi bu gün də öz tarixi kimliyini qoruyub saxlayır. Belə məhəllələrdən biri də özünəməxsus keçmişi, yaddaşlarda yaşayan xatirələri və nəsildən-nəslə ötürülən ənənələri ilə seçilən Şahab məhəlləsidir.

Naxçıvan şəhərinin qədim məhəllələri onun çoxəsrlik tarixini, şəhərsalma ənənələrini və əhalinin etnik-mədəni həyatını öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu məhəllələr arasında Şahab öz qədimliyi, tarixi mənbələrdə adının çəkilməsi, toponimik xüsusiyyətləri və memarlıq abidələri ilə seçilir. Tarixi mənbələrdə, toponimika ilə bağlı araşdırmalarda və Naxçıvanın şəhərsalma tarixini əks etdirən tədqiqatlarda Şahab məhəlləsi haqqında məlumatlara rast gəlinir. Həmin məlumatlar məhəllənin ən azı XVI əsrdən etibarən şəhərin tanınan yaşayış sahələrindən biri olduğunu göstərir.

Şahab məhəlləsinin tarixi haqqında yazılı mənbələrdə məlumatlara rast gəlinir. Osmanlı dövrünə aid XVI əsrin sonlarına məxsus sənədlərdə Naxçıvan şəhərinin Mirzəbəy, Künbəz, Qazı-i Cahan, Seyid Hüseyn, Molla Əhməd və Şahab kimi məhəllələrinin adları çəkilir. Bu fakt Şahabın həmin dövrdə şəhərin tanınmış yaşayış sahələrindən biri olduğunu göstərir. XVIII əsrin sonlarında isə Şahab Naxçıvanın dörd əsas məhəlləsindən biri kimi qeyd olunur. Digər qədim məhəllələr Sarvanlar, Əlixan və Qurdlar idi. Dilçi alim Adil Bağırovun araşdırmasına görə, Şahab adı Kəngərli tayfasının qollarından biri hesab edilən Şahbanluların adı ilə əlaqəli ola bilər. Bu mülahizəyə əsasən tayfa adının zamanla dəyişərək Şahab formasını aldığı ehtimal edilir. “Naxçıvan şəhərinin tarixi-siyasi və mədəni inkişafı (XIX əsr)” adlı tədqiqat əsərində Şahab məhəlləsi sənətkarlıq fəaliyyəti ilə seçilən yaşayış sahələrindən biri kimi təqdim olunur. Mənbədə XIX əsrin 1830-1840-cı illərində məhəllədə 91 sənətkarın yaşadığı bildirilir. Bu məlumat Şahabın həmin dövrdə Naxçıvanın iqtisadi və ictimai həyatında mühüm yer tutduğunu göstərir.

Böyük memar Əcəminin yaratdığı möhtəşəm sənət əsəri – Yusif Küseyr oğlu türbəsinin yerləşdiyi Şahab məhəlləsi Vətənimizə İdris Məmmədov kimi Milli Qəhrəman da bəxş edib. Tarixi evləri, qədim həyətləri ilə seçilən bu məhəllə özünəməxsus adət-ənənələri ilə də fərqlənir. Məhəllənin yaxınlığında yerləşən Pirqəmiş məscidinin də maraqlı tarixi var. Xalq arasında yayılmış rəvayətlərə görə, Pirqəmiş adı fars dilində “susan”, “sakit” mənalarını ifadə edən “Xamuş” sözü ilə əlaqələndirilir. Rəvayətə görə, orta əsrlərdə bu xanəgaha rəhbərlik edən sufi şeyxi çox az danışan, gününü, əsasən, səssiz zikr və ibadətlə keçirən bir şəxs olduğundan xalq arasında “Pir Xamuş” adlandırılıb. Sufi ənənələrinə uyğun olaraq, vəfat etdikdən sonra elə öz xanəgahında dəfn edilib. Zaman keçdikcə onun məzarı müridləri və yerli əhali tərəfindən müqəddəs ziyarətgaha çevrilib. Sonralar xanəgahın fəaliyyəti dəyişərək xalq arasında Pirqəmiş məscidi kimi də tanınmağa başlayıb. Bəzi fərqli mülahizələrə görə, əvvəllər həmin ərazidə ətrafı qamışla hörülmüş kiçik bir pir olduğundan bu məkan yerli dildə belə adlandırılıb.

Şahab məhəlləsində bu gün də qədim evlərə və tarixi tikililərə rast gəlmək mümkündür. Belə tikililərdən biri də Kələntərli ailəsinə məxsus qədim evdir. Məhəllənin yaşlı sakinlərindən, yaşı 70-i ötmüş Akif Kələntərli bildirir ki, vaxtilə Şahabda bu cür tarixi tikililərin və qədim evlərin sayı xeyli çox olub. Demək olar ki, məhəllədəki evlərin əksəriyyəti sakinlərə ata-babalarından yadigar qalıb. Onun sözlərinə görə, məhəllənin tarixi kökləri qədim dövrlərə gedib çıxır. Babalarından eşitdiyi rəvayətlərə əsasən Yusif Küseyr oğlu türbəsinin inşasından sonra naxçıvanlılar abidənin ətrafında məskunlaşmağa başlayıblar. Şahab məhəlləsinin təşəkkülü də həmin dövrdən başlayıb. Zaman keçdikcə əhalinin sayı artıb, yaşayış sahəsi genişlənərək bugünkü məhəllənin formalaşmasına zəmin yaradıb.

Müsahibimiz deyir ki, Şahab məhəlləsi həm də əsilli-köklü ailələri ilə tanınır. Kələntərlilər də belə ailələrdəndir: “Atam tərəf Kələntərlər, anamgil isə Kəngərlilər nəslindəndir. Babamın atası düz iki əsr bundan əvvəl bu evdə dünyaya göz açıb. Ümumiyyətlə, babamgilin bu məhəllədə bir neçə evi olub. Hətta ulu babam Şahab məhəlləsində məşhur xeyriyyəçi kimi tanınıb, onlarla ailəyə əl tutub, köməklik göstərib. Məhəllədə tarixi sənədlərdə Şahab məscidi kimi tanınan Kələntərli məscidini də babam Məmmədkərim Kələntərli tikdirib. 1937-ci ilin məlum hadisələri digər vətənpərvər ailələr kimi, bizim nəsildən də yan keçməyib. Babamın qardaşı uşaqları bəy nəslinə mənsub olduqları üçün Qazaxıstana sürgün ediliblər. Onların nəvə-nəticələri hazırda Qazaxıstanda yaşayırlar. İndi də əlaqələrimiz var, mütəmadi danışır, bir-birimizdən xəbər tuturuq. Tariximizi yaşatmaq, gələcək nəsillərə ərməğan etmək hər zaman ailə üzvlərimizin həyat amalı olub. Bax, indi yaşadığımız evə yeni otaqlar əlavə etsək də, heç vaxt bu dəyərli mirası sökmək fikri ağlımızın ucundan keçməyib. Divarlarda və tavanda ustalıqla işlənmiş incə naxışları belə göz bəbəyi kimi qorumağa çalışmışıq”.

Akif dayı deyir ki, 1987-1988-ci illərdə erməni daşnaklarının Naxçıvana hücumu zamanı məhəllə sakinləri şəhərin müdafiəsində cəsarətlə və qətiyyətlə dayanıblar: “Burada könüllü dəstələr yaratmışdıq. Əvvəlcədən əldə etdiyimiz məlumatlar əsasında hücum gözlənilən bölgələrə qüvvələr göndərirdik. Şahablılar Sədərək döyüşlərində də yurda bağlılıqlarını əməli işləri ilə sübut etdilər. Həmin dövrdə məhəlləmizdə gənc-qoca fərqi qoyulmadan 70 nəfərdən ibarət topçu divizionu yaratdıq. Vətənimizin müdafiəsi üçün cəbhəyə yola düşən könüllü dəstələrə təkcə Şahabdan deyil, Əliabad qəsəbəsindən, Qaraxanbəyli kəndindən və Çuxur məhəlləsindən də çox sayda insan qoşulmuşdu. Onlar beş il Vətənin keşiyində dayandılar. Aralarında şəhidlərimiz də oldu, sağ qayıdanlar da. Atam Asif Kələntərli (1991-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini işləyib) də ozamankı hadisələrdə xüsusi fəallıq göstərib, mən bu proseslərdə yaxından iştirak etmişəm. İdris Məmmədov isə Sədərəyin ilk şəhidlərindən biri kimi həm də məhəlləmizin fəxri olaraq tarixə düşüb...”

Akif dayı danışdıqca gözlərim önündə bir məhəllənin sözlərə, cümlələrə çevrilən zəngin tarixi ilə yanaşı, xalqımızın mübarizə əzmi, Vətəni çətin günlərdən xilas etmək naminə nümayiş etdirdiyi birlik və həmrəylik ruhu canlanır. Bir daha əmin oluruq ki, Azərbaycan xalqının zəngin və keşməkeşli tarixi yalnız tarix kitablarının səhifələri ilə məhdudlaşmır. Vətənimizin hər bir guşəsində, hər bir ailənin yaddaşında xalqımızın əsrlər boyu apardığı mübarizənin izləri yaşayır. Bu müqəddəs yaddaş nəsildən-nəslə ötürülərək gələcək nəsillərə miras qalır.

Müsahibimizlə sağollaşıb əsrlərin izlərini özündə yaşadan qədim evdən ayrılırıq. Məhəllənin başında ucalan Pirqəmiş məscidinin minarəsindən yüksələn azan səsi düşüncələrimə hakim kəsilir. Bu səs məni sanki zamanın axarından ayıraraq yüz illər əvvələ, Şahab məhəlləsinin uzaq keçmişinə aparır. Uzaqdan günbəzi görünən Yusif Küseyr oğlu türbəsi isə bu qədim yurdun zəngin tarixini, nəsillərdən-nəsillərə ötürülən mənəvi dəyərlərini xatırladır. Əsrlərin yaddaşını yaşadan bu tarixi məkan keçmişlə bu gün arasında möhkəm mənəvi körpü yaradır, Şahab məhəlləsinin daşlara hopmuş xatirələrini və qədimlik ruhunu yaşatmağa davam edir...

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 04.11.2026 14:24