NAXÇIVAN :

17 Iyul 2026, Cümə

Etimadın və qələbənin siyasi təməli

...

Qalib Azərbaycanın uğur yolu, xalq etimadının qazandırdığı uğurlar

Medianın İnkişafı Agent­liyi (MEDİA) tərəfindən 2026-cı ilin birinci yarısında keçirilən ictimai rəy sorğusu Prezident İlham Əliyevin fəaliyyətinə ictimai etimadın yüksək olduğunu bir daha göstərdi. Sorğunun nəticələrinə əsasən Prezident İlham Əliyevə respondent­lərin etimad səviyyəsi, ümumilikdə, 87,7 faiz təşkil edir. Bu göstərici ölkədə hər 10 nəfərdən, təxminən, 9-nun dövlət başçısına etimad göstərdiyini təsdiqləyir. Respondentlərin 93,6 faizi isə Prezidentin fəaliyyətini müsbət qiymətləndirir.
Bu rəqəmlər Ulu Öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də prezident seçkiləri ərəfəsində xalqa müraciətini yada salır: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu tarixi müraciət təkcə siyasi vəsiyyət deyil, həm də uzaqgörən dövlətçilik baxışının ifadəsi idi. Sonrakı illərdə baş verən hadisələr, xüsusilə Azərbaycanın tarixi zəfəri həmin uzaqgörənliyin nə qədər düzgün olduğunu təsdiqlədi. Azərbaycan xalqı 2003-cü ildə etdiyi tarixi seçimin uğurlu nəticəsini bu gün də görməkdədir. Prezident İlham Əliyevin ötən illər ərzində həyata keçirdiyi siyasət göstərdi ki, milli maraqların qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və ümummilli məqsədlərə nail olunması baxımından Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Vətən müharibəsinin başlamasından iki il öncə 2018-ci ildə dövlətimizin başçısı andiçmə mərasimində bu tarixi həqiqəti bir daha vurğuladı: “Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm... Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.

Qətiyyətli siyasətin uğurlu nəticələri

Hər bir azərbaycanlı ona inandı, onunla bir yola çıxdı – Ulu Öndərin bizim üçün müəyyənləşdirdiyi milli inkişaf və işıqlı gələcək yoluna. Azərbaycan xalqı dövlət başçısı ilə birləşib daim sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi. 
Yüksək ictimai etimad məhz bu siyasətin nəticəsidir. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında sülhün, sabitliyin, inkişafın və quruculuğun tərəfdarı olduğunu dəfələrlə nümayiş etdirib. 
Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi ilk gündən torpaqlarımızın işğaldan azad olunmasını əsas milli prioritet kimi müəyyənləşdirdi. Dövlət başçısı çıxışlarında güclü ordunun formalaşdırılması və milli birliyin təmin edilməsini qarşıda duran başlıca vəzifələr kimi təqdim edirdi. 
Dövlət başçısı bu mövqeyini hələ ilk illərdən qətiyyətlə ifadə edirdi: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir. Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir”.
Ulu Öndər Əliyevin uzaqgörənliyi, Prezident İlham Əliyevin polad iradəsi 2020-ci il noyabrın 10-da məntiqi nəticəsinə qovuşdu. Həmin gün Ermənistan təslim olduğunu rəsmən elan etdi. Müzəffər Ali Baş Komandan   İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızın Ermənistan tərəfindən 30 illik işğalına son qoydu. Bununla Azərbaycan qalib dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoydu. 

Cənubi Qafqazda lider, dünyada isə söz sahibi

Qazanılan zəfər uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin siyasi fəaliyyətinin ən böyük uğurlarından biri olmaqla yanaşı, xalqın milli birliyinin də parlaq təzahürünə çevrildi. Ölkəmiz Cənubi Qafqazda lider, dünyada isə söz sahibi kimi qəbul olunur. Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi uğurlara nail oldu, dünyadakı nüfuzunu daha da artırdı. Regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən Azərbaycan yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atır. Ölkəmiz artıq söz sahibi bir ölkə kimi dünya səviyyəli tədbirlərə ev sahibliyi etməklə bərabər illərdir, öz evinə həsrət qalan sakinlərini yurduna, yuvasına qaytarır. Böyük Qayıdışın əhatəsi gündən-günə artır. Vaxtilə düşmənin caynağında xarabaya dönən yurd-yuvamız cənnətə çevrilir. Dövlət başçısı ilk dəfə prezident seçiləndə xalqa verdiyi bütün vədləri yerinə yetirir və “Biz birlikdə güclüyük” prinsipinə əsaslanmaqla dövlətimizi daha da gücləndirir. Prezident İlham Əliyevin dövlət başçısı postunda fəaliyyətinin təhlili onu göstərir ki, o həmişə cəmiyyətin, dövlətin maraqlarını əsas tutaraq siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri, kommunikasiya bacarığı sayəsində sadə insanlardan tutmuş dünyanın nüfuzlu şəxsiyyətlərinə kimi hər kəsin rəğbətini və hörmətini qazanır. O, Azərbaycanın dünyadakı səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantıdır. O, keçmiş ənənələr üzərində müasir ölkəmizin yeni reallıqlarını yaradıb, güclü və müstəqil Azərbaycan naminə çalışır. Onun əsas istinad nöqtəsi Azərbaycan xalqının ən böyük nailiyyəti olan müstəqillikdir! Ulu Öndərin layiqli davamçısının liderlik obrazını milli-mənəvi dəyərlərə bağlılıq, müstəqillik ideyalarına sadiqlik, Azərbaycançılıq məfkurəsinə ali münasibət, müstəqillik, Vətən və xalq sevgisi tamamlayır.

Ən güclü indikatorlardan biri vətəndaşların seçki davranışlarıdır

Etimad və dəstəyin yüksək olduğunu təsdiq edən ən güclü indikatorlardan biri vətəndaşların seçki davranışlarıdır. Ümummilli Liderin yüksək etimadını doğruldan İlham Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycanı dünyaya tanıtdı. Dahi şəxsiyyətin layiqli davamçısının müdrik rəhbərliyi ilə görülən işləri dünyada yaşayan soydaşlarımız da dərk edir, sülhün və əmin-amanlığın hökm sürdüyü məkana çevrilən, iqtisadi göstəricilərinə görə daim qüdrətlənən Azərbaycan dövləti ilə fəxr edirlər. Azərbaycan dövlətinin sərhədləri daxilində yaşayan insanlar gündən-günə inkişaf edən ölkənin vətəndaşları olaraq gələcəyə ümidlə baxır, verdiyi hər sözü yerinə yetirən ölkə başçısına sədaqət nümayiş etdirirlər. Azərbaycan vətəndaşları seçkilərdə nümayiş etdirdikləri fəallıq və verdikləri səslə Prezident İlham Əliyevin siyasi kursuna dəstəklərini dəfələrlə ifadə ediblər. Məhz bunun nəticəsidir ki, 2003-cü ildən keçirilən bütün prezident seçkilərində xalqın seçimi İlham Əliyev olub.
2003-cü ildə prezident seçkilərində seçicilərin 76,84 faizi  İlham Əliyevə səs vermişdisə, sonrakı seçkilərdə bu göstərici ardıcıl şəkildə yüksəlib. 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində isə O, seçicilərin 92,12 faizini qazanaraq zəfər seçkisinin qalibi olub. Bu bir xalqın təkcə öz Prezidentinə yox, həm də Azərbaycanı canından çox sevən Ümummilli Liderinə sədaqətinin ifadəsidir. 
Bu gün Azərbaycan ona görə güclü dövlətdir ki, onun İlham Əliyev kimi Lideri var. Dövlətimizin başçısı isə ona görə alternativsiz liderdir ki, Onun arxasında yenilməz gücü – xalqı var. Müstəqil Azərbaycanın uğurlarının təməlində dayanan əsas amil məhz Prezident İlham Əliyevin xalqına sevgisi, Vətəninə məhəbbəti, Ulu Öndər siyasətinə sədaqətidir. 

Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 16.07.2026 09:55