NAXÇIVAN :

23 Yanvar 2026, Cümə

Fəxriyyə Lilpar: “İnsanların, həqiqətən, milli ruhda böyüdüyünü görmək üçün təkcə Xudayar təsnifini göstərmək kifayətdir”

...

Noyabrın 5-də Naxçıvan Dövlət Universitetində 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı “Zəfər irsi” Beynəlxalq Elmi Konfrans keçirilib. Konfransda “Tarixi zəfərimiz mediada” başlığı altında panel müzakirə baş tutub. Müzakirədə yer alanlardan biri, tanınmış jurnalist Fəxriyyə Lilpar jurnalistlərə müsahibəsində qeyd edib:

“Artıq Naxçıvana üçüncü gəlişimdir. Hər gəlişimdə bu bölgənin iqtisadi, mədəni və siyasi cəhətdən hər gün daha da inkişafa doğru getməsinin şahidi oluram. Buna nümunə  burada keçirilən konfranslar və həmin konfransların mövzusudur. Bu mənada, bu gün “Zəfərin iris” adlı konfransda biz iştirakçıların – istər tələbələrin, istər müəllim kollektivinin, istərsə də xarici qonaqların məhz bu mövzuda fikirlərini dinlədik. Həmin fikirlərin hər biri bir daha sübut edir ki, Azərbaycan, bütövlükdə, öz irsinə və mənəvi dəyərlərinə sadiqdir. Gənclərin hər zaman inkişafı üçün əlindən gələni əsirgəməyən, beynəlxalq arenalarda çıxış edən Naxçıvan Dövlət Universitetində də bunu hiss etmək mümkündür. Bu nöqteyi-nəzərdən Naxçıvan Dövlət Universitetinin fəaliyyətini uğurlu hesab edirəm və burada iştirak etmək mənim üçün böyük bir şərəfdir”.

Həmçinin Fəxriyyə Lilpar əlavə edib ki, konfransda “Zəfər mövzusunun mediada bədii vasitələrlə əks olunması” mövzusunda çıxış edib:

“44 günlük Vətən müharibəsi tarixi yalnız informativ materiallarla deyil, həm də bədii vasitələrlə milli ruhu və zəfər ruhunu insanlara aşılayan sənət nümunələri ilə yaşadılmalıdır. Bu gün yaşadıqlarımızı gələcək nəsillərə ötürməyin ən təsirli yollarından biri məhz incəsənətdir. İnsanların, həqiqətən, milli ruhda böyüdüyünü  görmək üçün təkcə Xudayar təsnifini göstərmək kifayətdir. Bu istiqamətdə vətənpərvərlik mövzusunda yazılan marşlar, simfonik və klassik musiqi əsərləri, rəsm tabloları, təşkil olunan sərgilər və keçirilən elmi konfranslar xüsusi əhəmiyyət daşıyır” ,– deyə bildirib.

Səmayə RƏSULOVA

Naxçıvan Dövlət Universitetinin Jurnalistika

ixtisası üzrə IV kurs tələbəsi

Nəşr edilib : 06.11.2025 17:18