NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Firuzə rəngli əfsanə, yaxud qadın yüksəkliyinin memarlıq zirvəsi dünya tədqiqatçılarının əsərlərində

...

Tarixi İpək Yolunun ən mühüm qovşaqlarından biri olan Naxçıvan əsrlərboyu həm ticarət, həm də mədəniyyət mərkəzi kimi strateji əhəmiyyətini qorumuşdur. Hələ qədim dövrlərdə K.Ptolomeyin əsərlərində xatırlanan bu diyar, orta əsrlərdə özünəməxsus memarlıq məktəbi ilə İslam dünyasının sənət mərkəzinə çevrilmişdir. Sənətşünasların fikrincə, bu məktəb memarlıq sahəsində “Nizami zirvəsi”nə yüksəlmişdir. Gəmiqayanın sıldırım qayalarındakı daş yaddaşından başlayaraq Əlincə qalasının sarsılmaz əzəmətinə, Yusif Küseyr oğlu türbəsinin mühəndislik dəqiqliyinə və Qarabağlar kompleksinin firuzəyi zərifliyinə qədər bu region bir memarlıq ensiklopediyasını xatırladır.

Bu zəngin memarlıq irsi içərisində elə bir inci var ki, o həm sənətkarlıq səviyyəsi, həm də daşıdığı mənəvi, fəlsəfi dəyəri ilə bütün dünyanı özünə heyran qoymuşdur. Qadın zəkasının dövlət idarəçiliyindəki gücünü simvolizə edən Möminə xatun türbəsi Naxçıvan abidələri arasında xüsusi bir məna qatı daşıyır. XII əsrdə, Şərq intibahının çiçəkləndiyi bir dövrdə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz tərəfindən həyat yoldaşı Möminə xatunun şərəfinə ucaldılan bu türbə Azərbaycan xalqının qadına, anaya verdiyi yüksək dəyərin ən bariz nümunəsidir. Əcəmi Naxçıvaninin bənzərsiz memarlıq fantaziyasının məhsulu olan bu memarlıq incisi qadın zərifliyini daşın sərtliyində əbədiləşdirən bir sevgi və ehtiram simvoludur. Türbənin uca gövdəsini yuxarıda qapayan yazı qurşağında – abidənin baş kitabəsində yazılmışdır: “Bu türbəni dünyanın elmli adil məliki, böyük qalib Şəmsəddin Nüsrət əl-islam və əl-muslimin Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəgiz…dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu Möminə xatunun xatirəsinə tikilməyi əmr etdi”.

Qeyd edək ki, Naxçıvanın memarlıq irsi tarixboyu əcnəbi səyyahların, arxeoloqların və şərqşünasların diqqət mərkəzində olmuşdur. Bu tədqiqatçılar içərisində N.Xanıkov, V.Sısoyev, U.Ouseley, D.Monpere, J.Dyölafua, İ.P.Şeblıkin və bir çoxlarının Naxçıvan memarlıq abidələrinin, xüsusilə də Möminə xatun türbəsinin beynəlxalq mədəni və elmi müstəvidə tanıdılmasında müstəsna xidmətləri olmuşdur. XX əsrin tanınmış sənətşünası M.V.Alpatov qeyd edir: “XII əsrin sonlarında Azərbaycan ustalarının görkəmli əsəri olan Naxçıvandakı Möminə xatun məqbərəsi özünün xüsusi gözəlliyi və zərifliyi ilə seçilir. Güclü və bir qədər kobud despotizmi əks etdirən Qahirə məqbərələrindən fərqli olaraq Şərq hökmdarının həyat yoldaşının məzarı üzərində tikilən bu abidə daha nəcib, daha zərif, daha lirikdir...”. Əsrlərboyu Naxçıvana səfər edən bir çox tədqiqatçı bu möhtəşəm abidəni təkcə sözlərlə təsvir etməklə kifayətlənməmişlər. Onların bir çoxunun həm də peşəkar rəssamlıq istedadına malik olması sənət tarixi üçün misilsiz bir şans yaratmışdır. Onların fırçasından çıxan rəsmlər türbənin zamanın aşındırıcı təsirinə məruz qalmamışdan əvvəlki ilkin əzəmətini və bənzərsiz ornamentlərini sənədləşdirərək bu gün bərpaçı mühəndislər və sənətşünaslar üçün ən mötəbər vizual mənbəyə çevrilmişdir.        

Aparılan araşdırmalar zamanı məlum olur ki, Möminə xatun türbəsinin çəkilmiş ilk təsviri britaniyalı şərqşünas U.Ouseleyə məxsusdur. Bu haqda Y.Xəlilovun məqaləsində oxuyuruq: “1823-cü ildə britaniyalı şərqşünas U.Ouseleyin Londonda çap edilmiş “Şərqin müxtəlif ölkələrinə, xüsusilə də İrana səfərlər” adlı kitabına müraciət edək. Həmin kitabdan aydın olur ki, U.Ouseley 1812-ci ildə səyahəti zamanı Naxçıvanda da olmuş və həmin il Möminə xatun türbəsinin rəsmini çəkmişdir”. Bəhsi gedən kitabda oxuyuruq: “Naxçıvandakı günbəzin (söhbət Möminə xatun türbəsindən gedir) və digər dağılmış tikililərin tədqiqini səhərə qədər təxirə salmaq qərarına gəldim... Qeyd olunan günbəz geniş qübbəli zaldan ibarət idi. Kərpic divarları içəri tərəfdən tamamilə çılpaq idi, lakin çöldə mavi şirli kufi yazısı sərgilənirdi.”                  İsveçrəli səyyah və rəssam D.Monperenin altı cildlik “Qafqaza səyahət” əsərindən məlum olur ki, o, 1830-cu illərdə Gəncə, Qarabağ, İrəvanla yanaşı, Naxçıvanı da ziyarət etmişdir. Səyyah bəhsi gedən kitabda Naxçıvanda olduğunu ruh yüksəkliyi ilə vurğulayır: “Nəhayət, mən özümü möhtərəm Nuh şəhərində, tarixçi İosifin (İ.Flavin) fikrincə, ilk yaşayış yeri mənasını verən Naxçıvanda tapdım”.     

D.Monpere də Möminə xatun türbəsini təsvir edən ilk rəssamlardan idi. Şərqşünasın öz qeydlərindən oxuyuruq: “Giriş qapısı ilə üzbəüz bir az aralıda yerləşən abidə öz növünə görə unikaldır. O adətən, Atabəy günbəzi adlanır”. Türbənin tikinti xarakteri qarşısında heyranlığını və təəccübünü gizlədə bilməyən səyyah qeyd edir: “Necə də səbirlə işlənib...”         

Qeyd edək ki, D.Monpere öz sələflərindən fərqli olaraq bizə kompleksin daha geniş təsvirlərini qoymuşdur. Belə ki, onun dövründə kompleksin dağılmış hissələri, memarlıq ansamblını əhatə edən divarları da mövcud idi.   

Cənubi Qafqaz və Azərbaycanın tarixi bölgələrinə həsr etdiyi tədqiqatları, eləcə də zəngin vizual arxivi ilə tanınan fransız arxeoloq və səyyah J.Dyölafuanın “İran, Keldani və Suziana” adlı fundamental əsərində D.Lancelot, H.Klerget kimi fransız rəssamlar tərəfindən böyük ustalıqla işlənmiş Naxçıvan memarlıq abidələrinin qravür təsvirləri yer almışdır. Bu təsvirlər arasında Möminə xatun türbəsinin qrafik rəsmləri həm detalların dəqiqliyi, həm də bədii ifadə tərzi baxımından xüsusilə seçilir. Bu qravürlər abidənin XIX əsrdəki vəziyyətini sənədləşdirməklə yanaşı, onun Naxçıvan memarlıq irsinin bənzərsiz nümunəsi kimi beynəlxalq arenada təqdim olunmasında mühüm rol oynamışdır.                           

J.Dyölofua Möminə xatun türbə kompleksi haqqında kitabın 24-cü səhifəsində məlumat verərək yazır: “Qismən dağılmış günbəzlə örtülmüş nəhəng bir məscidi və bir qədər aralıda böyük bir müsəlman şəxsiyyətinin son yuxusunu keçirdiyi cazibədar kiçik bir bina olan Atabəy günbəzini ziyarət edirik... Onun hər bir üzündə bir-biri ilə iç-içə keçən kərpicləri və firuzəyi-mavi zolaqları son dərəcə zərif dizaynlar yaradır.”

J.Dyölafuanın əsərində fransız qravüraçı-rəssam D.Lancelot tərəfindən təsvir edilmiş “Naxçıvandakı Cümə məscidi və minarənin dağıntıları” adlı lövhə xüsusi maraq doğurur. Qravürdə mərkəzi kompozisiya kimi qoşa minarəli baştağ və onun fonunda ucalan Möminə xatun türbəsi təsvir edilmişdir. Bu sənət əsəri Möminə xatun kompleksinə həsr olunmuş rəsmlər arasında baştağın və minarələrin bu dərəcədə nəhəng, əzəmətli və detallı əks olunduğu nadir vizual mənbələrdən biridir.               Qravür təkcə müəllifinin rəssamlıq məharətini deyil, həm də Əcəmi dühasının əzəmətini özündə təcəssüm etdirir. Əsər daş üzərində həkk olunmuş sənət möcüzəsinin, onun həsr olunduğu şəxsin nüfuzunun, ona verilən ali dəyərin memarlıq dilindəki təntənəsini bir daha sübut edir.                                              

D.Lancelotun əsərində işıq-kölgə münasibətlərinin düzgün həlli sayəsində türbə kompozisiyanın mərkəzi obyekti kimi baştağdan daha işıqlı verilmişdir. Sadə cizgilərlə nəfis şəkildə ifadə olunan mürəkkəb ornamentlər kərpic hörmənin zənginliyini, eləcə də abidənin plastik həcmini ön plana çıxarır. Yuxarıya  doğru istiqamətlənmiş dar tağçalar isə memarlıq nümunəsinin bədii biçimini tamamlayaraq ona dinamik yüksəklik bəxş edir.                                 

Qeyd etmək lazımdır ki, kitabda rast gəlinən bəzi faktlar tarixi həqiqətlərlə ziddiyyət təşkil edir. Məsələn, 24-cü səhifədə müəllif Möminə xatun türbəsini təsvir edərkən onu XIV əsrə və Moğol memarlığına aid edir. Hündürlüyü və Cümə məscidi ilə əlaqəsi baxımından söhbətin məhz Möminə xatun türbəsindən getdiyi şübhəsiz olsa da, onun xronologiyası və aid olduğu memarlıq məktəbinin adı kökündən yanlışdır. Memarlıq tariximizin incisi olan bu türbə XII əsrdə öz inkişafının zirvəsində dayanan Naxçıvan memarlıq məktəbinin ən parlaq nümunəsidir. Fikrimizcə, bu yanlışlıq müəllifin istinad etdiyi qeyri-dəqiq mənbələrdən qaynaqlanmışdır. Lakin bütün bunlarla yanaşı, etiraf edilməlidir ki, J.Dieulafoyun müəllifi olduğu bu əsərdəki illüstrasiyalar Möminə xatun türbəsinin həmin dövrdəki mövcud vəziyyətini sənədləşdirmək baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu rəsmlər abidənin o zamankı real görüntüsünü vizual şəkildə qoruyub saxlayan qiymətli bir mənbədir.  Müxtəlif tarixi dövrlərdə Naxçıvanda olmuş şərqşünaslar arasında İ.P.Şeblıkinin adı da xüsusi vurğulanmalıdır. 1928-ci ildə Bakıya dəvət edilən və Azərbaycan memarlıq abidələrini araşdıran görkəmli tədqiqatçı Möminə xatun türbəsinin hər bir kərpicini, hər bir ornamentini mahir bir rəssam ustalığı ilə kağıza köçürmüşdür. İ.P.Şeblıkinin qeydlərində bu abidə Şərq memarlığının tacı” kimi təsvir olunur. Onun qrafik eskizləri bu gün abidənin orijinal görkəminin bərpası və öyrənilməsi üçün əvəzolunmaz elmi mənbədir.                     

Nəhayət, qeyd etmək olar ki, Möminə xatun türbəsi həm bir anaya, həm də bir dövlət xadiminə duyulan ehtiramın əbədiyyət rəmzidir. Bu abidənin dünya tədqiqatçıları tərəfindən öyrənilməsi təkcə memarlıq irsimizin deyil, həm də tariximizin humanist mahiyyətinin dərk edilməsi deməkdir. Belə ki, türbə təkcə Şərq memarlığının bənzərsiz möcüzəsi deyil, həm də orta əsrlər Azərbaycanında qadın şəxsiyyətinə verilən ali dəyərin daşlaşmış təzahürüdür.              

Bu gün Naxçıvanın memarlıq incisi özünün yeni intibah dövrünə qədəm qoyur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi mədəni irsimizə göstərilən dövlət qayğısının ən ali təzahürüdür. Bu əlamətdar ilin dünya şöhrətli sənətkar memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illik yubileyi ilə səsləşməsi isə xalqımızın çoxəsrlik dövlətçilik və mədəniyyət tarixinin simvolik bir vəhdətidir. Məhz bu yubiley ili çərçivəsində dövlət başçısının qayğısı ilə Türk-İslam dünyasının möhtəşəm abidəsi olan Möminə xatun türbəsinin əsaslı şəkildə bərpa olunması, Naxçıvan şəhərində Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması haqqında qərarlar dahi Əcəmi dühasına və onun bizə miras qoyduğu memarlıq möcüzəsinə olan ehtiramın ifadəsidir. Bir vaxtlar dünyaşöhrətli tədqiqatçıların heyranlıqla izlədiyi “firuzə rəngli əfsanə”, aparılan yüksək səviyyəli bərpa işləri sayəsində öz ilkin görkəmini yenidən qazanmaqdadır. Bu bərpa işləri təkcə bir abidənin xilası deyil, həm də Naxçıvan memarlıq məktəbinin bəşər mədəniyyətinə bəxş etdiyi silinməz imzanın əbədiləşdirilməsidir. “Biz gedirik, ancaq qalır ruzigar, biz ölürük, əsər qalır yadigar”, – deyən ustad Əcəminin irsi doqquz əsr sonra yenidən öz bədii və memarlıq zirvəsində bərqərar olur.

Şəmsiyyə ZALOVA

AMEA Naxçıvan Bölməsinin elmi işçisi,

Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan Muxtar Respublikası

Rəssamlar Birliyinin üzvü

Nəşr edilib : 07.03.2026 10:30