NAXÇIVAN :

22 Oktyabr 2026, Cümə axşamı

Gələcəyin texnologiyasını quran məktəbli: Asifin robotu düşünür, danışır və öyrənir

...

Texnologiyanın sürətlə inkişaf etdiyi, süni intellektin həyatımızın müxtəlif sahələrinə nüfuz etdiyi bir dövrdə gələcəyi formalaşdıran yeniliklərə maraq göstərmək üçün yaşın böyük olmasına ehtiyac yoxdur. Bəzən bir uşağın xəyalı gələcəkdə gerçəkləşəcək böyük ideyaların ilk addımına çevrilir. Əsas olan isə marağı suallarla, sualları araşdırma ilə, araşdırmanı yaradıcı düşüncə və zəhmətlə birləşdirməkdir. Naxçıvanda da texnologiyaya olan marağını real layihəyə çevirən, öz ideyalarını kodlar vasitəsilə həyata keçirən məktəblilər var.

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric Məktəbinin 8 “B” sinif şagirdi Asif Axundzadə də məhz belə gənclərdəndir. O, hazırladığı “ELVIN” (Electronic Logic Visual Internet Navigator) adlı robotla yüksək proqramlaşdırma bacarığı ilə yanaşı, yeni texnologiyalar kəşf etməyə və gələcəyi formalaşdırmağa olan böyük marağını da əks etdirir.

Asiflə həmsöhbət olarkən aydın olur ki, “ELVIN” onun üçün, sadəcə, texniki qurğu deyil, bu onda uşaqlıqdan gələn maraqdan, yeni ideyaları sınaqdan keçirmək həvəsindən və gələcəkdə daha mürəkkəb sistemlər qurmaq arzusundan qaynaqlanır.

Asif texnologiyaya və robototexnikaya marağının 5-ci sinifdən başladığını deyir “Robotun hərəkət etməsini, səs eşitməsini, danışmasını və suallara cavab verməsini istəyirdim. Bunun üçün ona dinamik, mikrofon və kamera quraşdırmışam. Dinamik vasitəsilə danışır, mikrofonla səsi qəbul edir, kamera ilə isə ətrafı görə bilir. Bu komponentləri proqramlaşdırma vasitəsilə bir-birinə bağlayaraq robotun müxtəlif funksiyalarını işlək vəziyyətə gətirməyə çalışmışam. Mənim məqsədim, sadəcə, hazır texnologiyalardan istifadə etmək deyil. Onların necə işlədiyini öyrənmək, öz ideyalarımı həyata keçirmək və hazırladığım robotu daha da təkmilləşdirmək istəyirəm. “ELVIN” üzərində işləyərkən əsas diqqətimi onun müxtəlif funksiyalarını vahid sistemdə birləşdirməyə yönəltmişəm. İstəyirəm ki, robot yalnız verilən əmrləri yerinə yetirməsin, həm də ətrafdan aldığı məlumatlara uyğun reaksiya verə bilsin”, – deyə Asif bildirir.

Asif robotun imkanlarını daha da genişləndirmək istədiyini bildirir: “Bu robotu hazırlayarkən çalışmışam ki, onun funksiyaları bir-biri ilə əlaqəli şəkildə işləsin. Mənim üçün ən maraqlı tərəf müxtəlif texniki hissələri birləşdirib onların vahid sistem kimi fəaliyyət göstərməsinə nail olmaqdır. Hələ öyrənməli olduğum çox şey var və gələcəkdə robotun imkanlarını daha da artırmaq istəyirəm”.

“ELVIN”in insanlarla ünsiyyət imkanlarından danışan Asif qeyd edir ki, robot ingilis dilində danışa bilir, lakin Azərbaycan dilində danışığı anlamaq məsələsində müəyyən çətinliklər mövcuddur: “Azərbaycan dilində dialekt və ləhcə fərqləri çoxdur. Eyni söz müxtəlif bölgələrdə fərqli tələffüz oluna bilir. Bu da robotun deyilənləri düzgün anlamasına təsir göstərir. İstəyirəm ki, gələcəkdə bu problemi də həll edim. Robotun Azərbaycan dilində danışığı daha yaxşı anlaması, verilən suallara uyğun cavablar verməsi üçün onun üzərində işləməyə davam edəcəyəm”.

Asif proqramlaşdırma sahəsində biliklərini artırmağın vacibliyini də vurğulayır. Hazırda Python və C# dillərindən istifadə etdiyini deyən məktəbli növbəti mərhələdə C++ dilini də öyrənir: “Proqramlaşdırma daim öyrənməyi və araşdırmağı tələb edir. Bir layihəni hazırlamaqla iş bitmir. Onu inkişaf etdirmək, yeni funksiyalar əlavə etmək və qarşıya çıxan problemləri həll etmək lazımdır. Buna görə də biliklərimi artırmağa çalışıram. C++ dilini də öyrənirəm ki, gələcəkdə daha mürəkkəb layihələr hazırlaya bilim”.

Gələcək hədəflərindən danışan Asif mühəndisliyə xüsusi maraq göstərdiyini bildirir. O, Massaçusets Texnologiya İnstitutunda (MIT) mexanika mühəndisliyi üzrə təhsil almağı arzulayır: “Gələcəkdə MIT-də mexanika mühəndisliyi üzrə təhsil almaq istəyirəm. Robototexnika mənə həm proqramlaşdırmanı, həm də mexaniki sistemlərin necə işlədiyini öyrənmək imkanı verir. İndiki layihəmi başlanğıc hesab edirəm. Qarşıda daha böyük layihələr hazırlamaq, robotun imkanlarını genişləndirmək və yeni ideyalarımı həyata keçirmək istəyirəm”.

Asifin təhsil aldığı Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric Məktəbində müəllimləri də onun bacarıqlarını və öyrənməyə münasibətini yüksək qiymətləndirirlər. Müəllimlərinin sözlərinə görə, Asif məktəbə yüksək nəticə ilə, birinciliklə qəbul olunan şagirdlərdəndir və təhsil müəssisəsinin ilk şagirdləri arasında yer alır. Onun ingilis dili biliyinin yüksək olması, müəllimləri ilə eyni səviyyədə ünsiyyət qura bilməsi də diqqətçəkən xüsusiyyətlərindəndir.

İngilis dilini yaxşı bilməsi Asifin texnologiya sahəsində inkişafı üçün mühüm üstünlükdür. Proqramlaşdırma, süni intellekt və robototexnika ilə bağlı resursların böyük hissəsinin bu dildə olması ona yeni biliklər əldə etmək və beynəlxalq təhsil imkanlarından yararlanmaq üçün əlavə şərait yaradır. 

Asif Axundzadə üçün maraq, zəhmət və öyrənmək həvəsi böyük hədəflərə aparan yolun elə ilk addımıdır. Cəmi iki-üç aya ərsəyə gətirdiyi “ELVIN” robotu onun gələcək mühəndislik yolundakı ilk uğurlu imzasıdır.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 20.10.2026 12:07