NAXÇIVAN :

05 Sentyabr 2026, Şənbə

Gimnaziyanın əsas hədəfi 100 faizlik qəbul ənənəsini qorumaq və qızıl nişan qazananların sayını artırmaqdır

...

Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziya 2025-2026-cı tədris ilini növbəti uğurla yekunlaşdırıb. Təhsil ocağının 54 məzununun hər birinin ali təhsil müəssisələrinə qəbul olunması gimnaziyanın növbəti 100 faizlik göstəricisidir. Yüksək təhsil keyfiyyətini nümayiş etdirən məzunlardan 31-i 500-700 bal intervalında nəticə göstərib, 30-u tam orta təhsil haqqında fərqlənmə attestatına layiq görülüb, Hüseyn Tahirov və Kənan Məmmədzadə isə qızıl nişanla təltif olunublar. 2022-ci ildə Kimya-biologiya təmayüllü lisey kimi fəaliyyətə başlayan təhsil müəssisəsinin qısa müddətdə qazandığı bu nailiyyətlər burada təlim-tərbiyə işinin düzgün təşkili və məqsədyönlü hazırlıq sisteminin bəhrəsidir.

Gimnaziyanın direktoru Nazim Rəhimov bildirir ki, ötən tədris ilində də 100 faizlik nəticə əldə olunub: “2024-2025-ci tədris ilində bizim 36 məzunumuz oldu və onların hər biri ali təhsil müəssisələrinə qəbul oldu. Həmin il məzunlarımızdan 16-sı yüksək nəticə göstərmişdi. 2025-2026-cı tədris ilində isə həm məzunlarımızın sayı artdı, həm də yüksək nəticə göstərən şagirdlərimizin sayı əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə yüksəldi. İki tədris ilinin nəticələrini müqayisə etdikdə yüksək nəticə göstərən məzunlarımızın sayında 97 faiz artım müşahidə olunub. Eyni zamanda bu il məzunlarımızın ixtisas seçimində tibb istiqamətinə maraq xüsusilə yüksək olub. Ümumilikdə, 28 məzunumuz Tibb ixtisasını seçib. 26 məzunumuz isə Naxçıvan Dövlət Universiteti və digər ali təhsil müəssisələrinin müxtəlif ixtisaslarına qəbul olub. Onlar arasından 4 şagirdimiz Türkiyə universitetlərinə qəbul olunub”.

Nazim Rəhimov əldə olunan nəticənin təsadüfi olmadığını vurğulayır: “Gimnaziyada tədris yüksək peşəkarlığa malik müəllimlər tərəfindən aparılır. Müəllimlərimizin hər biri yüksək sertifikasiya nəticələri olan peşəkar müəllimlərdir. Tədrisin düzgün qurulması ilə yanaşı, şagirdlərin olimpiadalara və müxtəlif müsabiqələrə hazırlanmasına da xüsusi diqqət yetiririk. Gimnaziyada bunun üçün Olimpiada Mərkəzimiz fəaliyyət göstərir. Burada şagirdlər və müəllimlər müxtəlif fənlər üzrə hazırlıq keçirlər. Tədrisin düzgün qurulmasının əsas səbəblərindən biri də şagirdlərin burada saat 18:00-dək tədrisdə olmalarıdır. Tədris bizdə iki növbəli təşkil olunur. İkinci növbədə aşağı sinif şagirdləri fənn müəllimlərinin iştirakı ilə növbəti günün dərslərinə hazırlaşırlar. Yuxarı sinif şagirdləri isə Dövlət İmtahan Mərkəzinin qaydalarına uyğun şəkildə imtahanlara hazırlanırlar. Əlavə olaraq gimnaziyanın uğurlarında maddi-texniki bazanın gücləndirilməsinin də böyük rolu var. Artıq keçən tədris ilində gimnaziyanın infrastrukturu yenidən qurulub. Bütün sinif otaqlarında havalandırma sistemləri quraşdırılıb, məktəbin maddi-texniki bazası genişləndirilib, ən yeni elektron lövhələr quraşdırılıb, laboratoriyalarımız avadanlıqlarla təmin olunub. Kimya, biologiya və fizika dərslərinin əyani şəkildə keçirilməsi üçün yaradılan bu imkanlar tədrisin daha düzgün və keyfiyyətli qurulmasına şərait yaradır”.

Məzunların ali təhsil seçimində Naxçıvan Dövlət Universitetinin imkanlarının mühüm rol oynadığını bildirən Nazim Rəhimov universitetdə əcnəbi müəllimlərin fəaliyyət göstərdiyini, ikili diplom proqramlarının və müxtəlif təqaüd imkanlarının olduğunu diqqətə çatdırır. Xüsusilə Tibb ixtisasına marağın artmasının səbəblərindən biri kimi burada tədrisin ingilis dilində aparılmasını və xaricdən dəvət olunan müəllimlərin fəaliyyətini göstərir.

Bu uğurun diqqətçəkən məqamlarından biri isə Hüseyn Tahirov və Kənan Məmmədzadənin qızıl nişana layiq görülməsidir. Yüksək buraxılış və qəbul imtahanı nəticələri ilə yanaşı, “Sabahın alimləri” XV Respublika Müsabiqəsində əldə etdikləri nailiyyət də onların qızıl nişanla təltif olunmasına imkan yaradıb.

Kənan Məmmədzadə üçün bu uğur müəyyən mənada gözlənilən olsa da, nəticənin yaratdığı sevincin daha böyük olduğunu deyir: “Düzünü desəm, qızıl nişan mənim üçün tam gözlənilməz olmadı. Çünki 11 il ərzində buna doğru planlı şəkildə getmişdim. Nəticə elan olunanda isə yenə də xüsusi bir hiss yaşadım. Ölkə üzrə 149 nəfərdən biri olmaq insanı həm sevindirir, həm də məsuliyyət hissi yaradır. Deyərdim ki, gözləntim var idi, amma sevincim gözlədiyimdən daha böyük oldu. Məni ən çox motivasiya edən gördüyüm işin baş verən problemi həll etdiyini görmək idi. Robototexnika və proqramlaşdırma məndə daim “Bunu daha yaxşı etmək olar” düşüncəsini formalaşdırıb. Bu da həm dərslərimə, həm də layihələrimə böyük enerji verib. Təbii ki, ailəmin və müəllimlərimin mənə olan inamı da bu yolda mühüm dəstək olub. Qızıl nişanı mənim üçün 11 illik mərhələnin məntiqli yekunu hesab edirəm. Bu, keçmişdə gördüyüm işlərin qiymətləndirilməsidirsə, Kompüter mühəndisliyi ixtisasına qəbul olmağım artıq gələcəyə açılan yeni qapıdır. Yəni bir tərəfi yekundur, digər tərəfi isə başlanğıcdır. Mən ikinci tərəfi daha vacib hesab edirəm”.

Kənanın ixtisas seçimində məktəb illərində üzərində işlədiyi layihələr mühüm rol oynayıb: “Məktəb illərində üzərində işlədiyim layihələr də ixtisas seçimimə böyük təsir göstərib. “Sabahın alimləri” müsabiqəsində “ReseptPlus” layihəsi ilə kompüter elmləri üzrə I yer qazandım. Daha sonra “BioScript” – barmaq izi əsaslı biometrik tibbi sistem layihəsi üzərində çalışdım. Bu layihələr mənə göstərdi ki, məni cəlb edən sırf kod yazmaq deyil, texnologiya vasitəsilə insanların gündəlik problemlərini həll etməkdir. Ona görə də tədrisi ingilis dilində olan kompüter mühəndisliyini seçdim. Gələcəkdə özümü həm mühəndis, həm də öz məhsulunu qurub inkişaf etdirən bir komanda rəhbəri kimi görürəm.

Robototexnika və proqramlaşdırma ilə bağlı marağım müxtəlif olimpiada və müsabiqələrdə iştirak etməyimə də imkan yaradıb. Dünya Robot Olimpiadasında İzmir və Panamada iştirak etmişəm, Respublika Robot Olimpiadasında isə I yerə layiq görülmüşəm. Bu yarışların mənə ən böyük töhfəsi həm də məhdud vaxtda işləmək, komanda qurmaq və uğursuzluqdan sonra yenidən başlamaq bacarığı olub. Beynəlxalq mühitdə öz həmyaşıdlarımla eyni masa arxasında olmaq da öz imkanlarıma baxışımı dəyişib. Dərslərdə göstərdiyim nəticəni də, əslində, həmin intizamın davamı hesab edirəm”.

Kənanın qarşıdakı əsas hədəfi “ReseptPlus” layihəsini işlək və real istifadəyə hazır məhsula çevirməkdir. Bununla yanaşı, bakalavr təhsilini yüksək nəticələrlə başa vuraraq magistratura üçün beynəlxalq səviyyəli universitetə, xüsusilə ABŞ-də Nyu-York Universitetinə qəbul olmaq istəyir.

Hüseyn Tahirov üçün də qızıl nişan uzun illər ərzində qarşısına qoyduğu məqsədlərdən birinin reallaşmasıdır: “Müsabiqədə qazandığım qızıl medal və buraxılış imtahanında əldə etdiyim yüksək nəticədən sonra bu uğur mənim üçün gözlənilməz olmadı. Orta məktəbdə oxuyarkən qarşıma bir sıra məqsədlər qoymuşdum. Bunların sırasında arzusunda olduğum Tibb ixtisasına yüksək balla qəbul olmaq və təhsildə xüsusi nailiyyətə görə qızıl nişanla təltif olunmaq da var idi. Qəbul olduğum Tibb ixtisası uşaqlıqdan bəri arzum olub. İnsanlara kömək etmək, onlara ümid işığı olmaq məni çox xoşbəxt hiss etdirir. Gələcəkdə özümü həkimlik peşəsində çox uğurlu görürəm. Təhsilimi davam etdirərək bilik və bacarıqlarımı daha da inkişaf etdirmək, sonrakı mərhələdə isə əldə etdiyim biliklərlə Vətənimə və xalqıma xidmət etmək əsas hədəflərimdəndir”.

Hüseyn məktəb illərində çoxsaylı fənn olimpiadaları və müsabiqələrdə iştirak edib, bir çoxunda uğurlu nəticələr əldə edib. Onun sözlərinə görə, həmin nailiyyətlər qızıl nişana layiq görülməsində də mühüm rol oynayıb.

Hər iki məzunun fikirlərində ortaq məqam isə uğurun yalnız istedadla məhdudlaşmamasıdır. Onların qənaətinə görə, istedad düzgün istiqamətləndirmə və davamlı əmək ilə müşayiət olunanda real nəticəyə çevrilir. Bu baxımdan, müəllimlərin və ailənin dəstəyi ilə yanaşı, məqsədyönlü çalışma və düzgün hazırlıq sistemi də mühüm əhəmiyyət daşıyır.

Gimnaziyanın qarşıdakı əsas hədəfi isə artıq ənənəyə çevrilən 100 faizlik qəbul nəticəsini qorumaqla yanaşı, qızıl nişan qazanan məzunların sayını artırmaqdır.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 05.09.2026 10:20