Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənista...
12:39 08.08.2026
0
0
0
NAXÇIVAN :
08 Avqust 2026, Şənbə
Bəzən həyatın ən böyük nemətlərinin dəyərini yalnız onları itirmək təhlükəsi ilə üz-üzə qalanda anlayırıq. Halbuki hər səhər doğan günəşin işığını görmək, doğmalarımızın simasını seçmək, təbiətin rənglərini hiss etmək insan ömrünün ən qiymətli nemətlərindəndir. Məhz buna görə də göz sağlamlığının keşiyində dayanan həkimlər cəmiyyət üçün yalnız tibb işçisi deyil, insanlara işıq və ümid bəxş edən fədakar peşə sahibləridir.
8 avqust – Beynəlxalq Oftalmologiya Günü münasibətilə yolumuzu Azərbaycan oftalmologiyasının görkəmli siması, akademik Zərifə Əliyevanın adını daşıyan Naxçıvan Şəhər Poliklinkasına saldıq. Bu sadəcə, bir səhiyyə müəssisəsinə səfər deyildi. Burada hər addımda elmə, insan sağlamlığına və peşəyə sədaqətin yaşadığını hiss etmək mümkündür. Poliklinikanın foyesinə daxil olan kimi diqqəti ilk cəlb edən akademik Zərifə xanım Əliyevaya həsr olunmuş guşə olur. Onun büstü, həyat və elmi fəaliyyətini əks etdirən fotolar, müxtəlif nəşrlər və haqqında söylənilmiş dəyərli fikirlər bu böyük şəxsiyyətin irsinin bu gün də yaşadığını nümayiş etdirir. Burada çalışan hər bir tibb işçisi üçün Zərifə Əliyevanın adı peşəkarlığın, humanizmin və elmə sədaqətin rəmzidir.
Zərifə xanım Əliyeva oftalmologiya sahəsində apardığı elmi tədqiqatlarla Azərbaycan tibb elminə misilsiz töhfələr verib. Xüsusilə peşə fəaliyyəti dövründə göz xəstəliklərinin öyrənilməsi istiqamətində əldə etdiyi nailiyyətlər onu dünya oftalmologiyasının tanınmış simalarından birinə çevirib. Onun adı bu gün də elmi irsində, yetişdirdiyi məktəbdə və insanların sağlamlığına xidmət edən tibb müəssisələrində yaşayır. Bu müqəddəs ənənəni yaşadan ünvanlardan biri də Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasıdır. 1921-ci ildə Naxçıvan şəhər xəstəxanasının nəzdində ambulatoriya kimi əsası qoyulan tibb müəssisəsi 1930-cu ildən poliklinika statusunda fəaliyyət göstərməyə başlayıb. 1999-cu ildən poliklinikaya akademik Zərifə xanım Əliyevanın adının verilməsi onun tarixində mühüm mərhələ kimi yadda qalıb. 2012-ci ildən müasir binasında xidmət göstərən müəssisə hazırda müxtəlif sahələr üzrə əhaliyə ambulator tibbi xidmət göstərən aparıcı səhiyyə ocaqlarından biridir.
Poliklinikada olduğumuz müddətdə müəssisənin baş həkimi Ləman İbrahimova ilə görüşərək səhiyyə ocağının fəaliyyəti, yaradılan şərait və görülən işlər barədə ətraflı məlumat aldıq. Baş həkim bildirdi ki, poliklinikada əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün zəruri şərait yaradılıb, müxtəlif ixtisaslar üzrə həkimlər fəaliyyət göstərir, müasir tibbi avadanlıqlardan istifadə olunmaqla diaqnostika və müalicə xidmətləri həyata keçirilir. Onun sözlərinə görə, müəssisənin əsas məqsədi hər bir vətəndaşa əlçatan, keyfiyyətli və operativ tibbi xidmət göstərmək, pasiyent məmnunluğunu daim yüksək səviyyədə saxlamaqdır. Ləman İbrahimova qeyd etdi:
“Zərifə xanım Əliyevanın adını daşıyan tibb müəssisəsində bu ada layiq fəaliyyət göstərmək, əhaliyə keyfiyyətli tibbi xidmət təqdim etmək kollektivimizin əsas məqsədidir. Müasir tibbin imkanlarından istifadə etməklə əhalinin sağlamlığının qorunması istiqamətində fəaliyyətimizi davam etdiririk. Xüsusilə göz sağlamlığının qorunması, xəstəliklərin erkən diaqnostikası və əhalinin maarifləndirilməsi sahəsində görülən işlərə xüsusi önəm verilir. Bu il Zərifə xanım Əliyevanın anım günü münasibətilə oftalmoloji müayinələr təşkil olunub”.
Baş həkimin sözlərindən də aydın olur ki, burada əsas məqsəd yalnız xəstəliklərin müalicəsi deyil, həm də profilaktik tədbirlərin genişləndirilməsi, vətəndaşların sağlam həyat tərzinə təşviqi və hər bir müraciətə həssas yanaşılmasıdır. Poliklinikanın oftalmologiya şöbəsində uzun illərdir, çalışan həkim-oftalmoloq Kamilə Orucəliyeva ilə də həmsöhbət olduq. O, 1989-cu ildən tibb sahəsində fəaliyyət göstərir, 1997-ci ildən isə oftalmoloq kimi insanların göz sağlamlığının qorunmasına xidmət edir. Onun səmimiyyətlə söylədiyi fikirlər peşəsinə olan sevgini və məsuliyyəti açıq şəkildə hiss etdirirdi: “Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında oftalmoloq kimi çalışmaq mənim üçün böyük qürur və məsuliyyətdir. Hər gün insanların göz sağlamlığının qorunmasına töhfə verməyə çalışırıq. Xəstələrimizin müalicədən sonra razı qalması, yenidən sağlamlığına qovuşması bizim üçün ən böyük sevincdir. Bu peşə, sadəcə, iş deyil, eyni zamanda insanlara faydalı olmaq və onların həyat keyfiyyətini yaxşılaşdırmaq imkanıdır. Buna görə də bu peşəni sevərək və böyük məsuliyyətlə yerinə yetirirəm”.
Bu sözlərdə illərin təcrübəsi ilə yanaşı, həkimlik peşəsinin əsl mahiyyəti də əks olunurdu. Çünki oftalmoloq üçün ən böyük uğur statistik göstəricilər deyil, həyat işığını itirmək qorxusu yaşayan bir insana ümid bəxş etməkdir. Poliklinikadan ayrılarkən bir daha əmin olduq ki, bəzi adlar yalnız tarix kitablarında yaşamır. Onlar insanların əməyində, xidmətində və yaşatdıqları dəyərlərdə yaşayır. Akademik Zərifə Əliyevanın adı da məhz belə adlardandır. Onun ömrünü həsr etdiyi işıq bu gün də Naxçıvanda, adını daşıyan bu tibb ocağında insanların gözlərinə, həyatına və sabahına nur saçmaqda davam edir.
8 avqust – Beynəlxalq Oftalmologiya Günü münasibətilə göz sağlamlığımızın keşiyində dayanan bütün oftalmoloqları təbrik edir, onlara bu şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq. Çünki bəzən bir insanın həyatını dəyişmək üçün cəmi bir baxış kifayət edir. O baxışı qorumaq isə həkim peşəsinin ən ali missiyalarından biridir.
Səmayə Rəsulova
Digər xəbərlər