NAXÇIVAN :

21 May 2025, Çərşənbə

Günnüt əməliyyatı: qələbənin başlanğıcı

...

90-cı illər yaddaşlarda Azərbaycan xalqı üçün çətin, ağrı-acılı günlərlə qaldı. Torpaqlarımız işğal olundu, yüzlərlə kənd dağıdıldı, minlərlə azərbaycanlı qaçqın-köçkün taleyi yaşadı. Bütün bunlara rəğmən xalqın mübarizə ruhu bu çətinliklərin sonunda qələbələr olacağının zəmanəti idi. 

Müdafiə potensialı gücləndirilən, düşmənin istənilən təxribatının qarşısını almağa qadir ordumuz 2016-cı ilin aprelində Lələtəpə yüksəkliyini və ətraf əraziləri düşməndən azad etdi. Aprel döyüşlərində qazanılan zəfər 2018-ci il mayın 20-də başlayan Günnüt əməliyyatı ilə uğurla davam etdirildi.

90-cı illərdə Şərur rayonunun bir çox kəndləri kimi Günnüt kəndi də düşmən hücumlarına məruz qalırdı. Kənd əhalisi digər yaşayış məntəqələrinə köçməyə məcbur olub. Həmin kənd, məktəb və qəbiristanlıqlar erməni vandalları tərəfindən xarabalığa çevrilmişdi.

2018-ci il may ayının 20-dən 27-dək Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya, Qaraqaya dağları düşməndən azad olundu, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Strateji baxımdan əhəmiyyət daşıyan yüksəkliklərin alınması Ermənistan ordusunun üzbəüz mövqelərinin zəifləməsinə səbəb oldu. Buna görə də düşmən mövqelərini geri çəkmək məcburiyyətində qaldı. Ermənilərin itirilmiş əraziləri geri qaytarmaq üçün etdiyi cəhdlər uğursuzluqla nəticələndi. Ümumilikdə, 11 000 hektarlıq ərazi ermənilərdən təmizləndi. Əməliyyat Azərbaycan Silahlı Qüvvələrinə İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verdi. Təminat-təxliyə məqsədilə 50 kilometrdən çox yeni yol çəkildi, 60 kilometrdən artıq yol isə bərpa olunaraq istifadəyə verildi. 

Qızılqayaya bayrağımızı sancan Azərbaycan əsgəri Vətən torpaqlarının keşiyində sədaqətlə dayandı. Bir də bu torpaqlara düşmən ayağı dəyməsin deyə. Pillə-pillə, qarış-qarış, gecəsini gündüzünə qataraq Qızılqayanı fəth edən Azərbaycan əsgərinin bu qayalarda sinəsini sipər edərək düşmənə sədd çəkməsi may zəfərinə kölgə salmağa cəhd edən ermənilərə və ermənipərəst qüvvələrə layiqli bir cavab oldu. Düşmənlə üz-üzə postlardan birinə isə bu əməliyyatda şəhadətə ucalan əsgər Adil Tatarovun adı verildi.

Qazanılan uğur Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən “Uğurlu Naxçıvan əməliyyatı” adlandırılmış, bu əməliyyatda xidməti olanlar təltif edilmiş, onların göstərdikləri qəhrəmanlıqlar yüksək qiymətləndirilmişdir. 2021-ci il may ayının 10-da Naxçı­vana növbəti səfəri zamanı ölkə başçısı İlham Əliyev Günnüt döyüşünün nəticələri­ni yüksək qiymətləndirərək demişdi: “Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nə­zarət edirik. İkinci Qarabağ mühari­bəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edil­məsində kömək göstərdi”.

Günnüt əməliyyatının uğurla başa çatması ordumuzun özünə inamını, döyüş əzmini daha da artırdı. Aprel döyüşündən sonra yüksələn döyüş əzmi Günnüt əməliyyatı ilə öz kulminasiyasına çatdı və 44 günlük müharibə də tarixi Qələbə üçün zəmin oldu. Azərbaycan xalqının torpaqlarının işğalda olması ilə barışmayacağını bilən düşmən Aprel döyüşlərindən, Günnüt əməliyyatından, Tovuz döyüşlərindən sonra Vətən müharibəsində böyük məğlubiyyət yaşadı. Azərbaycan Ordusu döyüş meydanında düşməni darmadağın edərək 30 illik işğala son qoydu. Doğma torpaqlarından didərgin düşən soydaşlarımızın yurd həsrəti sonlandırıldı. 

Bir sözlə, Günnüt əməliyyatı inkişafda olan Azərbaycan Ordusunun gücünün və qüdrətinin yeni bir ifadəsi oldu. Bu əməliyyatın gedişi, idarə edilməsi, ko­mandir heyətinin səriştəsi və məharəti göstərdi ki, Azərbaycan Ordusu daha böyük zəfərlərin əldə edilməsinə qadir­dir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan 44 günlük Vətən müharibəsinin bütün dünyaya səs salan nəticələri də bunun təsdiqi oldu.

Rauf CƏFƏROV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 21.05.2025 12:39