NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Hazırda Heydər Əliyev su anbarında 16 milyon 30 min kubmetr su ehtiyatı mövcuddur

...

“13 yanvar 2026-cı il tarixinə Heydər Əliyev su anbarında 16 milyon 30 min kubmetr su ehtiyatı mövcuddur. Ötən ilin eyni dövründə isə bu göstərici 40 milyon 930 min kubmetr olub”. 
Bu sözləri “Şərq qapısı”na açıqlamasında Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Texniki istehsalat və suyun balansı şöbəsinin müdiri Fərman Fərzəliyev deyib. O bildirib ki, su ehtiyatlarının azalması fonunda mövcud resurslardan səmərəli istifadə xüsusilə aktuallaşıb: “Keçən ilin quraqlıq keçməsi fonunda son günlər muxtar respublikanın dağlıq və dağətəyi ərazilərinə yağan qar su ehtiyatlarının bərpası baxımından müsbət amil kimi qiymətləndirilir. Bu yağıntılar çayların qidalanmasına, su anbarlarına suyun yığılmasına və ümumilikdə, su təminatının mərhələli şəkildə yaxşılaşmasına şərait yarada bilər. 2025-ci ilin 13 yanvar tarixinə muxtar respublikada ümumi su ehtiyatları 163 milyon 830 min kubmetr təşkil edib. Cari ilin eyni dövründə isə bu göstərici 80 milyon 64 min kubmetrdir. Bu rəqəmlər ötən ilin quraq keçməsinin su ehtiyatlarına ciddi təsir göstərdiyini deməyə əsas verir”.
Şöbə müdiri əlavə edib ki, Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansında irili-xırdalı, ümumilikdə, 37 ədəd su anbarı mövcuddur. Həmin su anbarları əhalinin içməli suya, kənd təsərrüfatının isə suvarma suyuna olan tələbatının ödənilməsində mühüm rol oynayır. Son günlər dağlıq və dağətəyi ərazilərə yağan qar yağıntıları su ehtiyatlarının tədricən artması baxımından ümidverici hesab olunur. Qar örtüyünün yaz aylarında mərhələli şəkildə əriməsi çayların axımına, su anbarlarına suyun yığılmasına və su balansının müəyyən qədər bərpasına müsbət təsir göstərə bilər. Mütəxəssislər vurğulayırlar ki, mövcud vəziyyət su ehtiyatlarının qorunması, qənaət rejiminin tətbiqi və balanslı idarəetmə mexanizmlərinin gücləndirilməsini zəruri edir.

Nəşr edilib : 13.01.2026 12:08