Muxtar Babayev: Yeni NDC-lər yaşıl investisiyalar ...
21:54 26.06.2025
0
0
0
NAXÇIVAN :
26 Iyun 2025, Cümə axşamı
Harada yaşasam da, harada olsam da, qəlbimdə daim Naxçıvanın sabahı işıqlanır. Mən bu qədim diyarda dünyaya göz açmışam. Bu müqəddəs torpaq yalnız bir Vətən deyil, həm də tarixə şahidlik etmiş qədim bir mədəniyyət beşiyidir. Burada hər daş bir dastan, hər bulaq bir bayatıdır. Naxçıvan Nuh Peyğəmbərin izlərini daşıyan, Əshabi-kəhfin sükutunu qoruyan, Batabatın aynası ilə danışan bir müqəddəs məkandır. Bu torpaq mənim təkcə doğma yurdum deyil, həm də qürur mənbəyimdir.
Naxçıvanda böyümək yalnız bir yerdə yaşamaq deyil, həm də mənəvi olaraq yetkinləşməkdir. Burada hər bir gəncin gözündə Ulu Öndər Heydər Əliyev zirvəsi kimi ucalmaq arzusu var. Bu, bir amal, bir idealdır. Mənim də bu idealın iziylə addımlayan qəlbimdə bir arzu var idi – jurnalist olmaq. Vətənimin hər bölgəsini gəzmək, onun gözəlliklərini, insanlarını, tarixini tanımaq və tanıtmaq istəyirdim. İçimdəki bir səs daim deyirdi: “Sən bu amallar üçün doğulmusan”.
İllər keçdi. Bu gün 24 yaşım var və artıq Naxçıvan mətbuatında gənc bir qələm sahibi kimi fəaliyyət göstərirəm. Lakin illərdir, içimdə gizlənən bir həsrət var – adı olmayan, izahı çətin bir həsrət. O həsrət ki milyonlarla azərbaycanlının dilində bir ümidsizliyə yox, ümidə çevrilmiş diləkdir: “Zəngəzur yolu ilə Vətənə qovuşum”.
Mən hələ də Qarabağ torpağına birbaşa Naxçıvandan ayaq basa bilməmişəm. Hər dəfə televiziya ekranında Cıdır düzünü, Xudafərin körpüsünü, Laçın dağlarını görəndə içimdə qəribə bir sızıltı yaranır. Düşünürəm: “Kaş mən də o torpaqlardan keçə biləydim, o havanı uda, şəhid məzarlarının önündə baş əyəydim”.
Lakin əminəm ki, o yollar bir gün açılacaq. O yol ki Zəngəzurdan keçib Qarabağa aparacaq. O zaman mən bu həsrətə son qoyacağam. O torpaqlara qürurla ayaq basacağam. Oradan ilk reportajımı hazırlayacağam, ilk müsahibəmi alacağam, ilk fotolarımı çəkəcəyəm. Dəftərçəmə burada yaşadığım təəssüratlarımı yazacağam.
Bu, sadəcə, bir peşə arzusu deyil, bu, bir Vətən sevdasıdır. Bu, Naxçıvanda doğulub Azərbaycanın hər daşına, hər qarışına könül verən bir gəncin səmimi istəkləridir. Mən əminəm ki, bu istək bir gün reallaşacaq. Qarabağın yenidən dirçəlişini göstərmək mənim həyatımın ən böyük missiyası olacaq.
Bu gün Naxçıvanda oturub bu sətirləri yazarkən bilmirəm o yola nə zaman çıxacağam. Amma bir şeyi dəqiq bilirəm: o yol açılacaq! Və mən o yolun sərnişini olacağam. O zaman həm bir jurnalist, həm də bir vətəndaş kimi borcumu yerinə yetirəcəyəm. Mənim həsrətimin adında Zəngəzur yolları uzanır, arzularımda isə Qarabağ torpağı yaşayır.
Vətəndən Vətən torpağına qovuşmaq arzusu ilə…
Bülbül Rövşənqızı
Digər xəbərlər