Azərbaycan və Türkiyə Orta Dəhlizin inkişaf istiqa...
12:48 22.05.2025
0
0
0
NAXÇIVAN :
22 May 2025, Cümə axşamı
Azərbaycan Heydər Əliyev yolu ilə uğur qazanaraq zirvələr fəth edir
Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə çox böyük işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman iftixar hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil görmək istəyən, Vətəninin, xalqının yolunda həyatını qurban verməyə hazır olan Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən etibarən mənsub olduğu xalqın tükənməz yaradıcılıq enerjisinin, milli müstəqillik duyğularının reallaşmasına çalışan Ümummilli Lider Heydər Əliyev xalqımızı dünyanın ən inkişaf etmiş xalqları səviyyəsinə çatdırmaq üçün əlindən gələni əsirgəməmişdir.
Ulu Öndər milli dövlətçilik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmış böyük şəxsiyyətdir. Ümummilli Liderimiz Heydər Əliyev çıxışlarında deyirdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub”. Müstəqil dövlətçilik salnaməmizdə, xüsusilə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömürboyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev bu gün dünyada Azərbaycan dövlətinin rəmzi kimi qəbul edilir. Hər kəs yaxşı bilir ki, böyük Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası müstəqil Azərbaycanın uğurlu inkişafının təməlində dayanan əsas amildir.
Xoşbəxt o xalqdır ki, Vətənə sonsuz sevgisi, xalqa dərin ehtiramı, dövlətə tükənməz sədaqəti ilə nümunə olan, əqli, iti zəkası, dühası və fitri istedadı ilə dünyada şöhrət qazanmış, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi naminə mübarizəyə həsr etmiş tarixi şəxsiyyətləri var. Ümummilli Lider Heydər Əliyev məhz belə şəxsiyyət kimi Azərbaycana həm sevimli övlad, həm də dahi rəhbər olmuşdur. Ulu Öndər Heydər Əliyev fədakar və vətənpərvər fəaliyyəti ilə adını xalqımızın ictimai fikir və dövlətçilik tarixinə qızıl hərflərlə yazmış dahi şəxsiyyətdir.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri son dərəcə böyük, çoxşaxəli və misilsizdir. Heydər Əliyev təkcə bir tarixi şəxsiyyət, yaxud böyük dövlət xadimi deyil, eyni zamanda müstəqil Azərbaycan dövlətinin banisi, memarı və qurucusudur. Məhz Heydər Əliyevin siyasi dühası, sarsılmaz iradəsi, tükənməz enerjisi, təcrübəsi, xarizması və sair bu kimi əsl dövlət xadiminə xas keyfiyyətləri, yorulmaz fəaliyyəti, xalqına və vətəninə olan sonsuz sevgisi sayəsində müstəqil Azərbaycan dövləti yenidən qurulmuş, inkişaf etmiş və əbədi yaşaması üçün bütün sahələr üzrə möhkəm təməllər qoyulmuşdur. Dövlətimiz və xalqımız qarşısındakı müstəsna xidmətləri dünyaşöhrətli siyasətçi böyük Heydər Əliyevə əbədi xalq məhəbbəti və dünya azərbaycanlılarının Ümummilli Lideri adını qazandırmışdır. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və böyük dövlət xadimi kimi ən mühüm missiyanı gerçəkləşdirərək yeni tariximizi öz əlləri ilə yazmışdır. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və şanlı səhifələrindəndir. Dahi şəxsiyyət Heydər Əliyev özünün həyatı və şərəfli fəaliyyəti dövründə xalqına arxalandığı kimi, xalq da öz taleyini ona etibar etmiş, böyük öndərinə arxalanmışdır. Bu inamın, etibarın nəticəsidir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra da ən ağır günlərində xalqımızın gözü yalnız onu axtarmış, ona pənah aparmışdır. Böhranlı, ağır zamanda xalqının səsinə dərhal səs vermiş, ölkəni, onun müstəqilliyini qorumuş, Azərbaycanı stabil və inkişaf edən dövlətə çevirmişdir. Hər zaman doğma xalqına arxalanan görkəmli dövlət xadimi Heydər Əliyev deyirdi: “Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Ulu Öndər milli şüurun oyanışında, formalaşmasında və möhkəmlənməsində misilsiz xidmətlər göstərmiş, iqtisadi, siyasi, sosial sahədə olduğu kimi, elmin, təhsilin, səhiyyənin, mədəniyyətin də inkişafının strategiya və taktikasını hazırlamış, uğurla həyata keçirilməsinə nail olmuşdur. Ulu Öndər hələ 1960-80-ci illərdə bu işləri görərkən yaxın gələcəkdə Azərbaycanın müstəqil bir dövlət olacağını düşünürdü və sonralar çıxışlarının birində bu fikrini açıq şəkildə ifadə etmişdi: “Bəli, mən bu işləri görərkən həm də gələcək müstəqil Azərbaycan üçün fəaliyyət göstərirdim və gələcək müstəqil Azərbaycan dövlətinin əsaslarını yaradırdım”. Əgər 1969-cu il iyulun 14-də millətimizin, xalqımızın taleyi Ulu Öndər Heydər Əliyevə tapşırılmasaydı, Azərbaycan Ona etibar edilməsəydi, indiki inkişafdan danışmaq mümkün olardımı? Təbii ki, yox. Elə ona görə də dünyaca məşhur olan siyasətçilər Heydər Əliyevin hakimiyyətə hər iki gəlişini xalqımızın taleyində bir dönüş mərhələsi kimi səciyyələndirirlər.
Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Xalq ən ağır günlərini yaşadığı bir zamanda sevimli oğlunu, dahi şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə çağırdı. Bu təkidli çağırışın arxasında sonsuz xalq etimadı, millətin məhəbbəti və inamı dayanırdı. Lakin onun birinci hakimiyyəti dövründəki abad Azərbaycandan heç nə qalmamışdı. Ümummilli Liderin 1993-cü il iyunun 15-də Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı xalqın milli dövlətçiliyinə və sabahkı gününə inamını özünə qaytardı, ölkə həyatının bütün sahələrinə nüfuz etmiş böhran aradan qaldırıldı, ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik və vətəndaş sülhü təmin edildi, ən başlıcası isə itirilməkdə olan dövlət müstəqilliyi qorunub saxlanıldı.
Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri bu gün artıq həqiqətə çevrilməkdə, iqtisadi, siyasi, sosial və hüquqi sistemdə aparılan islahatlar öz bəhrəsini verməkdədir. Ulu Öndər Heydər Əliyevin inkişaf və tərəqqi konsepsiyasını davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dayanıqlı və dinamik iqtisadi inkişafı ilə dünya birliyində öz layiqli yerini tutmuş, sosial-iqtisadi yüksəliş əldə olunmuşdur. Azərbaycan adlı dövlətin varlığını bizim ən böyük tarixi sərvətimiz, bütün azərbaycanlıların qazandığı ən böyük nailiyyət hesab edən Ulu Öndər Heydər Əliyev inkişafımızın memarı, müstəqillik konsepsiyasının müəllifidir. “Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı – Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, demokratik cəmiyyət qurmaq”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu fikirləri Ulu Öndərin dövlətimizə, dövlətçiliyimizə və xalqımıza təmənnasız xidmətinin ən gözəl ifadəsidir.
Xalqımız Ulu Öndərin Prezident İlham Əliyev haqqında dediyi “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirləri hər keçən gün öz təsdiqini tapdığının, hər bir azərbaycanlının Prezidenti olduğunun şahidi olur. Bütün bu əhəmiyyətli amillər isə həm də o deməkdir ki, müqəddəs, sarsılmaz və qüdrətli dövlətimiz etibarlı əllərdədir.
Ümummilli Lider Heydər Əliyevin bu müdrik kəlamları möhtəşəm siyasi uzaqgörənlik nümunəsinə çevrildi. 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağın azad edilməsi bu fikirlərin ən qabarıq təcəssümüdür. Dövlət başçısı İlham Əliyev Heydər Əliyevin başladığı, lakin sona çatdıra bilmədiyi işi – Qarabağın azad edilməsini uğurla başa çatdırdı, Azərbaycana qürur, iftixar mənbəyi bəxş etdi. Dahi şəxsiyyət Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətinin qüdrət və əzəmətinə tarixi möhür vurdu. 2020-ci il noyabr ayının 8-də Şuşanın azad olunması münasibətilə Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” fikirləri Heydər Əliyevin arzularının ən böyük təntənəsi idi.
Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq və bərpa işləri aparılır. Qarabağda yeni infrastruktur qurulur, tariximizin və mədəniyyətimizin izləri yenidən dirçəlir. Bu quruculuq həm də Azərbaycanın güclü, qüdrətli və yenilməz bir dövlət olduğunu sübut edir.
Azərbaycanın müstəqillik tarixinin 1993-cü ildən bu günədək olan dövrünü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə Vətəninə, dövlətinə, xalqına bağlı liderin ölkəsini hansı çətinliklərdən, faciələrdən, təhlükələrdən xilas etmək gücünə, qüdrətinə malik olduğunu əsaslı şəkildə indiki və gələcək nəsillərə çatdırmaq zərurəti yaranır. Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. 1993-cü ildən başlanan Heydər Əliyev yolu Azərbaycanı uğurdan-uğura, zəfərdən-zəfərə aparır. 44 günlük Vətən müharibəsindən sonra dünya Azərbaycanın qələbəsinə, onun gücünə və qətiyyətinə şahid oldu. Daim xalqına arxalanan, xalqdan güc alan Prezident İlham Əliyevə milyonların sevgisi şəksizdir. Bunu ölkədə xalq-lider birliyinin sarsılmazlığı, xalqın inamı və etimadı təsdiqləyir. Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara, zəfərlərə imza atacaq, söz sahibliyini qoruyacaq.
Qızıltac ŞAHBAZOVA
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi
Digər xəbərlər