NAXÇIVAN :

14 Iyun 2026, Bazar

Heykəltaraş Elxan Zeynalov: Hüseyn Cavidin əzəmətli abidəsini yaratmaq ən böyük arzumdur

...

Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasının zirzəmisində yerləşən emalatxanaya daxil olan kimi insan özünü başqa bir aləmdə hiss edir. Gil qoxusu, yarımçıq büstlər, divarlara söykənmiş eskizlər, hər küncdə davam edən yaradıcı proses burada zamanın başqa cür axdığını göstərir.

Emalatxananın mərkəzində isə heykəltaraş Elxan Zeynalov dayanıb. Baxışları qarşısındakı əsərə – Ulu Öndər Heydər Əliyevin büstünə yönəlib. Fevralın 20-dən etibarən üç aydan artıqdır ki, bu iş üzərində çalışır.

Elxan müəllimin adı ilk dəfə geniş ictimaiyyətə magistratura təhsili illərində hazırladığı Milli Qəhrəman Allaverdi Bağırovun heykəli ilə tanış oldu. Diplom işi üzərində işləyərkən emalatxanada çəkdirdiyi bir fotoşəkli sosial şəbəkədə paylaşması gözlənilmədən böyük maraq doğurub. Qısa müddətdə həmin paylaşım müxtəlif xəbər platformalarında yayılıb və gənc heykəltaraşın yaradıcılığı daha geniş auditoriyanın diqqətini cəlb edib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 2018-ci ildə bakalavr, 2020-ci ildə isə magistratura təhsilini başa vuran Elxan Zeynalov bu illər ərzində Azərbaycan heykəltaraşlıq məktəbinin görkəmli nümayəndələrinin yanında yetişib. Bakalavr təhsilində Xalq rəssamı, heykəltaraş Tokay Məmmədov onun müəllimi olub. “Biz o vaxt hələ tam dərk etmirdik ki, bu qədər böyük sənətkar bizə dərs deyir”,  – deyən Elxan müəllimin səsində hələ də tələbəlik dövründəki xətirələrin çalarları hiss olunur. Magistratura illərində isə Xalq rəssamı, heykəltaraş Ömər Eldarovun emalatxanası onun ikinci evi olub.

Onun peşəkar olaraq formalaşmasında Əməkdar rəssam Azad Zeynalovun və əslən naxçıvanlı olan Xalq rəssamı Akif Əsgərovun da mühüm rolu olub. Bakının memarlıq simasına öz möhürünü vurmuş bir sıra məşhur əsərlərin müəllifi olan Akif Əsgərovun sənət məktəbi Elxan Zeynalovun yaradıcılığında da öz izlərini buraxıb.

2023-cü ildə Naxçıvana gələrək Naxçıvan Dövlət Universitetində müəllim kimi fəaliyyətə başlayan heykəltaraş həmin ildən memar Əcəmi obrazı üzərində işləməyə başlayıb. Eskizə diqqətlə baxdıqda maraqlı bir detal diqqəti cəlb edir. Memarın qarşısında Möminə xatun türbəsinin kiçik modeli yerləşdirilib: “Mən onu elə təsvir etmişəm ki, türbə hələ inşa olunmamışdan əvvəl memar onun modelini hazırlayır, əsəri haqqında düşünür və onu xəyalında formalaşdırır”.

Elxan Zeynalovun müəllifi olduğu digər diqqətçəkən işlərdən biri Hüseyn Cavidə həsr olunmuş eskizdir. Heykəltaraş hər dəfə Cavidin məqbərəsinin önündən keçərkən bu layihənin həmin məkanda gerçəkləşdiyini təsəvvür edir. “Ən böyük arzum Hüseyn Cavidin məqbərəsi önündə onun əzəmətli abidəsinin ucaldılmasıdır”, – deyə o bildirir.

Elxan Zeynalovun pedaqoji fəaliyyəti universitet auditoriyalarından əvvəl başlayıb. O, 2019-cu ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsində yeniyetmə məhkumlarla işləyib.

“Bilirdim ki, qısa müddətdə onlardan peşəkar heykəltaraş yetişdirə bilmərəm. Amma çalışırdım ki, onlara, ilk növbədə, nümunəvi insan olmağın vacibliyini aşılayım”, – deyə o xatırlayır. Bu təcrübə onun müəllimlik fəlsəfəsinin formalaşmasında mühüm rol oynayıb. Bu gün də tələbələrinə fərdi yanaşmağa çalışır: “Bəzən zəif hesab edilən tələbə sonradan öz üzərində işləyərək böyük uğurlar qazanır. Bəzən isə çox perspektivli görünən biri sənətdən uzaqlaşır. Ona görə əsas məsələ sənəti öyrənmək deyil, sənətdə qala bilməkdir”.

Emalatxananın müxtəlif guşələrində düzülmüş əsərlər sanki müxtəlif dövrlərin yaddaşını bu günə daşıyır. Ulu Öndər Heydər Əliyev, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Viktor Hüqo, Əziz Əliyev və Mustafa Kamal Atatürk…

Elxan müəllimin sözlərinə görə, əsas məqsəd tarixi şəxsiyyətlərin zahiri görünüşünü deyil, onların daxili dünyasını ifadə etməkdir. Füzulinin simasındakı nisgil təsadüfi deyil. Heykəltaraş bunu şairin yaradıcılığında daşıdığı dərin kədər və həsrətlə əlaqələndirir. Nəsiminin baxışlarındakı qətiyyət və məğrurluq isə onun həyat fəlsəfəsinin bədii ifadəsidir.

Viktor Hüqo haqqında danışarkən isə Elxan müəllim xüsusi duyğulanır. “Bütün dünya ədəbiyyatını yığıb yandırsalar, təkcə “Səfillər”i saxlasalar, dünya ədəbiyyatının yarısı xilas olar”, – deyə bildirir. Onun fikrincə, Hüqonun simasında həm böyük yazıçının, həm də ağır həyat sınaqları yaşamış bir insanın taleyi əks olunmalıdır.

Söhbət Naxçıvandakı abidələrdən düşəndə Elxan Zeynalov bir sıra nümunələri yüksək qiymətləndirir. O, Cəlil Məmmədquluzadənin heykəlini, Məmməd Səid Ordubadinin və Nəriman Nərimanovun büstlərini, həmçinin Ordubadda ucaldılmış Yusif Məmmədəliyevin abidəsini uğurlu nümunələr hesab edir. Azərbaycanda ən çox bəyəndiyi əsər isə Xalq rəssamı, heykəltaraş Mirəli Mirqasımovun müəllifi olduğu şair, dramaturq Cəfər Cabbarlı abidəsidir. Eyni zamanda bəzi abidələrin yerləşdiyi məkan və ölçü münasibətlərinin yenidən nəzərdən keçirilə biləcəyini düşünür. Onun fikrincə, monumental sənətdə əsərin bədii keyfiyyəti qədər yerləşdiyi məkanla harmoniyası da mühüm əhəmiyyət daşıyır. Naxçıvanda da onu narahat edən bir abidə var: Bəhruz Kəngərli heykəli. Əsər olaraq dəyərlidir, buna söz yoxdur. Lakin dayandığı geniş əraziyə görə olduqca kiçik qalır: “Həmin heykəl Kəngərlinin ev-muzeyinin ölçüsünə uyğundur, şəhər meydanına yox”.

Əslən Qərbi Azərbaycandan olan Elxan müəllim üçün Naxçıvanda yaşamaq xüsusi mənəvi məna daşıyır: “Qərbi Azərbaycana ən yaxın nöqtədəyəm. Buradakı insanlar, torpaq, hava, su mənə doğma gəlir. İnsanların davranışlarında öz qohumlarımı görürəm”.

Ona lazımi şəraiti yaradılıb, o isə buna öz yaradıcılığı ilə cavab verir. Gənclərə münasibəti də bu ruhla doludur: “Tanındıqdan sonra gərək digər gəncləri də qabağa çəkə biləsən. Mən yaşlandıqda böyük titullar qazansam belə böyük layihələrdə mütləq gənclərlə birlikdə işləyəcəyəm. Həm ona görə ki, fiziki cəhətdən bəzi işləri artıq tək etmək olmur, həm də bu sənət davam etdirilməlidir”.

Söhbətin sonunda o, bir daha Viktor Hüqonun büstünə baxır. Sanki tamamlanmış hesab olunan əsərdə belə yeni imkanlar axtarır: “Bəlkə, başını bir qədər fərqli istiqamətə çevirəydim… Variantlar çoxdur. Sənətkar əsərinə dəfələrlə qayıtmalıdır”.

Emalatxanadan ayrılarkən Naxçıvanın günəşi gözləri qamaşdırır. Aşağıda isə bir heykəltaraş yenidən işinin başına qayıdır. Qarşısında hələ tamamlanmamış bir büst dayanıb.

Bəlkə də, sənətkarı hər gün emalatxanaya qaytaran elə budur – tamamlanmış nəticə deyil, davam edən axtarışın özü. Elxan Zeynalov üçün heykəltaraşlıq daşda və ya gildə forma yaratmaqdan daha çox zamana iz salmaq cəhdidir.

 

                                                                                                   Rafiq TƏHMƏZ

Nəşr edilib : 10.06.2026 14:23