Naxçıvanda iki özəl bağçaya lisenziya verilib...
14:30 04.09.2026
0
0
0
NAXÇIVAN :
04 Sentyabr 2026, Cümə
İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin (İƏT Əmək Mərkəzi) dəvəti ilə Seneqalın Dövlət Qulluğu, Əmək və Dövlət Xidmətinin İslahatı naziri Mamadou Lamine Diantenin rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 3-4-də Azərbaycanda işgüzar səfərdə olub. İƏT Əmək Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən səfər Azərbaycan və Seneqal arasında institusional əlaqələrin gücləndirilməsinə, müvafiq sahələrdə təcrübə mübadiləsinin təşviqinə və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsinə xidmət edib.
"Şərq qapısı" xəbər verir ki, sentyabrın 4-də İƏT Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov ilə Seneqalın Dövlət Qulluğu, Əmək və Dövlət Xidmətinin İslahatı naziri Mamadou Lamine Diante arasında ikitərəfli görüş keçirilib.
Görüş zamanı tərəflər mövcud əməkdaşlığın genişləndirilməsi perspektivlərini, xüsusilə əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində gələcək birgə fəaliyyət istiqamətlərini müzakirə ediblər. 2027-ci ildə Seneqalın paytaxtı Dakar şəhərində keçiriləcək Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə 24-cü Dünya Konqresinə hazırlıq, eləcə də bu çərçivədə İƏT Əmək Mərkəzi ilə Seneqal arasında strateji tərəfdaşlığın qurulması müzakirələrin əsas mövzularından olub.
Azər Bayramov əməyin təhlükəsizliyi və sağlamlığının İƏT Əmək Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb. Baş direktor peşə risklərinin qarşısının alınmasına yönəlmiş preventiv yanaşmaların təşviqinin, təhlükəsiz və sağlam iş mühitinin formalaşdırılmasının, eləcə də üzv dövlətlər arasında bu sahədə bilik, təcrübə və qabaqcıl yanaşmaların mübadiləsinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Öz növbəsində, Mamadou Lamine Diante Dünya Konqresinin ilk dəfə Afrika qitəsində keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. Nazir Konqresin əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində müxtəlif ölkələrin təcrübələrinin, innovativ həllərin və müasir yanaşmaların beynəlxalq səviyyədə təqdim və müzakirə olunması üçün mühüm platforma olacağını qeyd edib. O, İƏT Əmək Mərkəzinin Strateji Tərəfdaş qismində iştirakının İƏT üzv dövlətlərinin Konqresdə fəal iştirakının təşviqinə, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini vurğulayıb.
İkitərəfli görüşün ardınca İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi ilə Seneqalın Dövlət Qulluğu, Əmək və Dövlət Xidmətinin İslahatı Nazirliyi arasında Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə 24-cü Dünya Konqresi çərçivəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumu Baş direktor Azər Bayramov və nazir Mamadou Lamine Diante imzalayıblar.
Anlaşma Memorandumu İƏT Əmək Mərkəzinin gələn il Dakarda keçiriləcək Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə 24-cü Dünya Konqresində Strateji Tərəfdaş qismində iştirakını, habelə tərəflər arasında əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir.
Memorandumun imzalanması İƏT Əmək Mərkəzi ilə Seneqal arasında institusional əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində mühüm addım olmaqla yanaşı, əməyin təhlükəsizliyi və sağlamlığı sahəsində birgə təşəbbüslərin həyata keçirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və İƏT üzv dövlətləri arasında bu istiqamətdə daha sıx əməkdaşlığın təşviqi üçün yeni imkanlar yaradır.
Digər xəbərlər