NAXÇIVAN :

23 Oktyabr 2026, Cümə

İgid ölər, adı qalar, müxənnətin nəyi qalar?

...

Milli Qəhrəman Şükür Həmidov xatirələrdə

Aprel zəfərindən sonra yolumuzu Lələtəpədən salmışdıq. Yazın ilk günləri olsa da, dağlıq ərazinin havası, məlumdur ki, soyuq olur. Hər tərəf dağ-daş, yüksəkliklərdə isə illərdir, bizi qoruyan ordumuzun igidləri… İsti-soyuq bilmədən, bəzən aylarla ailələrindən uzaq düşərək Vətənin bir qarış torpağını belə gözündən qoymayan Vətən oğulları…

Lələtəpə yüksəkliyindən gözoxşayan Cocuq Mərcanlının iki il ərzində necə inkişaf etdiyini seyr etmək nə qədər xoş idisə, digər tərəfdə işğal altında qalan torpaqlarımızın dağılmış, pərişan mənzərəsini görmək bir o qədər acınacaqlı idi…

Postlarda cəsur döyüşçülərlə həmsöhbət olur, Aprel zəfərindən qürurla danışmalarını dinləyir, qeydlərimizi götürürdük. Ancaq bu səfərdən bir arzum da vardı: Aprel döyüşlərində ad-san qazanmış, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş polkovnik Şükür Həmidovla görüşmək, hazırlayacağım materiala onun döyüş əzmini, Vətən sevgisini əks etdirən fikirlərini əlavə etmək…

İşlərinin çoxluğunu əsas gətirərək görüşə vaxt ayıra bilməyəcəyini bildirəndə israr etdim: – Mən Naxçıvandan gəlmişəm, uzaq yol qət etmişəm…

Bilirdim ki, Naxçıvan onun ürəyinin ən həssas nöqtələrindən biridir. Uzun illər burada xidmət etmiş, gənc əsgər və zabitlərin yetişməsində mühüm rol oynamışdı. Naxçıvanın hər dağına, daşına bələd idi. Elə bu doğma münasibət, Naxçıvana olan sevgisi də görüşümüzə vəsilə oldu.

İş saatından sonra mənə vaxt ayıran qəhrəmanımızla söhbətimiz çox maraqlı keçdi. Polkovnik Şükür Həmidov Aprel zəfərindən, ordumuzun döyüş ruhundan böyük şövqlə danışırdı. Söhbətimizin sonunda sağollaşarkən aramızda qısa bir dialoq oldu. Həmin anın sözləri bu gün də olduğu kimi xatirimdədir:

– Biz böyük zəfərimizdə yenə görüşəcəyik.

– Döyüş varsa, şəhadət də var.

– Qəhrəmanlar ölmürlər.

– Mən ölmək demədim, şəhidlik dedim.

Bəli, şəhidlik ali məqamdır. Elə bir məqam ki, hər kəsə nəsib olmur…

Şükür Həmidov hələ sağlığında “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş qorxmaz Vətən oğullarından idi. Səs tonu, üz cizgiləri, iti baxışları, cəsarətli duruşu ilə təpədən-dırnağa hərbçi idi. Onun çöhrəsindəki qətiyyət, danışığındakı əminlik, Vətənə bağlılığı insanı istər-istəməz təsirləndirirdi.

Qubadlıdan olan qəhrəmanımız doğma yurdunun azadlığı uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. O, vaxtilə haqqında danışdığı böyük zəfəri gördü, lakin həmin zəfərin sevincini bizimlə bölüşmək ona qismət olmadı. Qubadlının azadlığı uğrunda canından keçərək adını tariximizin qəhrəmanlıq səhifəsinə yazdı.

Hərb peşəsi çətindir, çətin olduğu qədər də şərəflidir. Bu peşəni seçənlər ölümün gözünə dik baxmağı, hər an Vətən uğrunda canlarından keçməyə hazır olmağı bacarmalıdırlar. Onların bir amalı, bir sevgisi var: Vətən! Bu amal uğrunda şirin canlarını fəda etməyə, ömürlərini yarımçıq qoymağa hazırdırlar. Sıravi əsgərindən generalınadək hər biri eyni müqəddəs andın daşıyıcısıdır: təki Vətən sağ olsun!

Şükür Həmidov kimi igidlər dünyadan köçsələr də, onların adı, əməlləri, Vətən uğrunda göstərdikləri fədakarlıq yaşayır. Çünki igidin ömrü bir gün sona çatsa da, qəhrəmanlığı xalqının yaddaşında davam edir.

Milli Qəhrəman, polkovnik Şükür Həmidovun əziz xatirəsinə ehtiramla.

Ruhiyyə RƏSULOVA

Nəşr edilib : 22.10.2026 15:36