NAXÇIVAN :

23 Yanvar 2026, Cümə

İndi onun xatirələri ilə yaşayıram

...

Şərur Şəhidlər xiyabanında tez-tez görürəm iki övladı ilə şəhid həyat yoldaşının məzarını ziyarət edən Çinarə xanımı. Rayonun Oğuzkənd sakini, Vətən müharibəsi şəhidi Mərhəmətin vəfalı həyat yoldaşını. Söhbətləşərik hərdən bu gənc xanımla. Danışar həyatından, həyat yoldaşından.
2019-cu ilin aprel ayından Əlahiddə Ümumqoşun Orduda xüsusi təyinatlı qüvvələrin tərkibində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etməyə başlayıb. Vətən müharibəsi başlayanda “Müharibə başlayıb bizlər də gedəcəyik”, – deyirdi: “Onu sonuncu dəfə oktyabrın 8-də yola saldım işə, növbətçi idi həmin gecə. Evdən çıxanda ürəyim sanki mənə dedi ki, bu onunla son görüşündü. İstədim, arxasından səslənəm, dayandım bir anlıq. Dedim, işə tələsir, narahat etməyim. İki gün sonra oktyabrın 10-da Naxçıvandan bir qrup hərbçi Qarabağa yola düşdü. Mərhəmət də onların içində idi. Xalaoğlum Nihat evlərinə zəng vurub xəbər edəndən sonra mən bildim ki, o gedib döyüşə. Zəng vurub özündən soruşanda məni sakitləşdirdi və dedi ki, təlimə gedir. Amma sonra bildim ki, həmin gün anamgilə zəng vurub: “Çinarə və uşaqlardan muğayat olun, mən döyüşə gedirəm”, – deyib.
Sonradan məcbur qalıb döyüşdə olduğunu dedi mənə. Tez-tez olmasa da, imkan tapan kimi evə zəng vururdu. Sonuncu dəfə oktyabr ayının 23-də onunla danışdım. Daha zəng gəlmədi. Sonradan öyrəndim ki, yaralanıb, 13 saat atəş altında qalıb, xilas etmək mümkün olmayıb. Xocavənd rayonunun Tuğ kəndi istiqamətində şəhid olub. Mən onun şəhid olduğu xəbərini ayın 27-də öyrəndim”.
“30 oktyabr 2020-ci il həyatımın ən ağır günüdür”, – deyir şəhid xanımı: “O gün Mərhəmətin nəşi ilə bərabər bütün xəyallarımı, sevincimi də dəfn etdim torpağa. Beş ildir, iki balamı,  bir də onun xatirəsini yaşatmaq üçün nəfəs alıram. Övladlarına, bizə qarşı o qədər yaxşı idi, bizlərin heç bir zaman xətrinə dəyməzdi, deyib-gülən, şən insan idi. O qədər gözəl ata, mehriban həyat yoldaşı idi ki, vaxt tapan kimi uşaqlarını gəzməyə aparar, onlara istədiklərini alardı. Heç korluq verməzdi bizə. O mənim 7 il həsrətdən sonra qovuşduğum yarım idi. Altıillik evlilik həyatımızda bir dəfə belə güldən ağır söz demədi mənə. Hər çətinliyə birlikdə sinə gərdik. Xoşbəxt idik. Qismət bizi çox tez ayırdı. İndi mən onun xatirələri ilə yaşayıram”. 

Ramiyə Əkbərova

Nəşr edilib : 14.09.2025 12:20