NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Karyera sərgisi gənclərlə işəgötürənləri bir araya gətirib

...

23-24 iyun tarixlərdə Naxçıvan şəhərinin “Böyük bağ” ərazisində “İstedad və imkanların qovuşduğu məkan” şüarı altında “Karyera sərgisi 2026” keçirilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən sərgi gənclərlə işəgötürənləri bir araya gətirib.

Dövlət qurumları, özəl müəssisələr və müxtəlif təşkilatların təmsil olunduğu tədbirdə iştirakçılara əmək bazarının tələbləri, mövcud vakansiyalar, təcrübə proqramları və işə qəbul prosedurları barədə ətraflı məlumat verilib. Sərgi çərçivəsində gənclər potensial işəgötürənlərlə birbaşa ünsiyyət qurub, karyera imkanları ilə tanış olub və peşəkar əlaqələrini genişləndirmək imkanı əldə ediblər. Tədbir müddətində tələbə və məzunlar onları maraqlandıran sahələr üzrə məlumat alıb, gələcək fəaliyyət istiqamətləri ilə bağlı müəssisə nümayəndələri ilə fikir mübadiləsi aparıblar. Bu baxımdan, sərgi gənclərin əmək bazarını daha yaxından tanımasına, öz bilik və bacarıqlarına uyğun iş imkanlarını dəyərləndirməsinə şərait yaradıb.

Sərgidə iştirak edərək müxtəlif sahələr üzrə vakansiyalara müraciət edən bir neçə gənclə həmsöhbət olub, onların tədbirlə bağlı təəssüratlarını və gələcək karyera hədəflərini öyrəndik.

Naxçıvan Dövlət Universitetinin Tərcümə (ingilis–Azərbaycan dilləri) ixtisası üzrə IV kurs tələbəsi Rəqsanə Behbudlu bildirib ki, sərgidə öz ixtisasına uyğun iş imkanları ilə maraqlanıb: “Bizim üçün nəzərdə tutulan iş imkanları barədə məlumat aldıq. Müraciət qaydaları ilə maraqlandıq və bizə bildirildi ki, vakansiyalara elektron portal vasitəsilə müraciət etmək mümkündür. Bu cür tədbirlər tələbələrin əmək bazarı ilə daha yaxından tanış olması baxımından faydalıdır”.

Mühasibat ixtisası üzrə təhsil alan Səfər Mənsimov sərgidə Vergi Xidmətinin stendinə müraciət etdiyini deyib: “İxtisasıma uyğun sahələr barədə məlumat topladım. Vergi sistemində çalışmaq marağım olduğu üçün həmin istiqamətdə müraciət etdim. Burada işə qəbul prosesi və tələb olunan meyarlar barədə ətraflı məlumat əldə etdik”.

İqtisadiyyat ixtisası üzrə təhsil alan Əli Nadirov isə İqtisadiyyat Nazirliyinin təqdim etdiyi imkanlarla maraqlandığını vurğulayıb: “Belə tədbirlər gənclərin öz ixtisaslarına uyğun istiqamətləri daha yaxından tanımasına kömək edir. Nazirliyin nümayəndələri vakansiyalar və müraciət şərtləri barədə suallarımızı cavablandırdılar”.

Qeyd edək ki, sərginin əsas məqsədi gənclərin məşğulluq imkanlarını genişləndirmək, onları əmək bazarının tələbləri ilə tanış etmək və işəgötürənlərlə birbaşa əlaqələrinin qurulmasına dəstək göstərməkdir.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 24.06.2026 16:47