NAXÇIVAN :

26 Sentyabr 2026, Şənbə

Komitə sədri: Azərbaycan şəhərsalma və daşınmaz əmlak sahəsində yeni investisiya imkanları yaradır

...

Azərbaycanın beynəlxalq investisiya əməkdaşlığına və uzunmüddətli tərəfdaşlığa sadiqliyi xüsusilə şəhərsalma və daşınmaz əmlak sektorunda mühüm əhəmiyyət daşıyır.
"Şərq qapısı" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Yaranan investisiya istiqamətləri: Daşınmaz əmlak, turizm və şəhərsalma” mövzusunda paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, uzunmüddətli investorlar yalnız ayrı-ayrı binalara və layihələrə deyil, bütövlükdə məkanlara, bazarlara, infrastruktura və gələcək investisiya imkanlarına diqqət yetirirlər.
“Bu baxımdan, təkcə fərdi layihələrin deyil, həmçinin infrastrukturun və regionların kompleks inkişafının təmin edilməsi vacibdir”, - deyə Anar Quliyev qeyd edib.
Komitə sədri bildirib ki, Azərbaycan hazırda mühüm transformasiya mərhələsindən keçir. Şəhərsalma sahəsində yanaşmanın strateji xarakter daşıdığını vurğulayan Anar Quliyev müasir infrastrukturun yaradılması, dayanıqlı inkişafın təmin edilməsi və proqnozlaşdırılan investisiya mühitinin formalaşdırılmasının əsas prioritetlər sırasında olduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, bu yanaşma uzunmüddətli inkişaf vizyonundan və baş planlardan başlayır: “Baş planlar yalnız tənzimləyici sənəd deyil, eyni zamanda, yaşayış məkanlarını, mobilliyi, iqtisadi fəaliyyəti, mülkiyyət münasibətlərini və həyat keyfiyyətini vahid sistemdə birləşdirən mühüm şəhərsalma alətidir”.

Nəşr edilib : 26.09.2026 11:56