Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın ...
12:40 16.09.2026
0
0
0
NAXÇIVAN :
16 Sentyabr 2026, Çərşənbə
Türk Dövlətləri Təşkilatının (TDT) aparıcı milli analitik mərkəzlərinin ikinci beynəlxalq konfransının keçirilməsi təşəbbüsün davamlı platformaya çevrildiyini göstərir.
"Şərq qapısı" xəbər verir ki, bunu TDT-nin Baş katibi Kubaniçbek Ömüralıyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransında çıxışı zamanı deyib.
Baş katib bildirib ki, aparıcı milli analitik mərkəzlərin ilk konfransı ötən il Daşkənddə, Özbəkistan Respublikasının təşəbbüsü ilə keçirilib. Bakıda ikinci konfransın təşkili isə ekspertlər arasında davamlı məsləhətləşmələr, birgə tədqiqatlar və sübuta əsaslanan siyasətin hazırlanması üçün bu təşəbbüsün institusional platformaya çevrildiyini nümayiş etdirir.
K.Ömüralıyev qeyd edib ki, türk dövlətlərinin qarşısında duran əsas məqsəd ortaq coğrafiyanı, mədəni əlaqələri, tarixi irsi, insan kapitalını və iqtisadi potensialı dayanıqlı və inklüziv inkişafa yönəltməkdir.
O bildirib ki, son illərdə TDT-nin əməkdaşlıq gündəliyi genişlənib və təşkilat ətraf mühit, enerji, yaşıl transformasiya, turizm, rəqəmsallaşma və insan kapitalının inkişafı kimi istiqamətləri əhatə edən layihələr üzərində fəaliyyət göstərir.
Baş katibin sözlərinə görə, TDT ümumi dəyərlər əsasında formalaşmış əməkdaşlıq çərçivəsindən layihəyönümlü regional əməkdaşlıq platformasına doğru inkişaf edib.
“Bizim ümumi yolumuz aydındır: ortaq coğrafiyamızı, mədəni əlaqələrimizi, tariximizi, insan kapitalımızı və iqtisadi potensialımızı dayanıqlı və inklüziv inkişafa çevirmək”, – deyə K.Ömüralıyev vurğulayıb.
O qeyd edib ki, TDT məkanının iqtisadi potensialı böyükdür və bu potensialın ümumi rifaha çevrilməsi üzv dövlətlərin qarşısında mühüm məsuliyyət qoyur.
Baş katib analitik mərkəzlər arasında əməkdaşlığın gücləndirilməsinin regional iqtisadi proseslərin daha dərindən öyrənilməsi, ortaq çağırışlara dair birgə yanaşmaların hazırlanması və qərar qəbuletmə prosesinin analitik əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Digər xəbərlər