BDYPİ kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan ...
12:23 22.09.2026
0
0
0
NAXÇIVAN :
22 Sentyabr 2026, Çərşənbə axşamı
Türkiyənin Malatya şəhərində keçirilən IX Beynəlxalq “Altın Kayası” Şahmat Turniri naxçıvanlı zəka sahibi yeniyetmələrin növbəti parlaq qələbələri ilə yaddaqalan olub. Avqustun 24-dən 29-dək davam edən və 17 ölkədən 625 şahmatçının mübarizə apardığı yarışda muxtar respublikanın təmsilçiləri öz yüksək hazırlıqları və əzmkar oyunları ilə diqqət mərkəzinə düşməyi bacarıblar.
Beynəlxalq turnirdə Naxçıvanı “A” kateqoriyasında Sadiq Məmmədov, Mirsaleh Seyidli və Yasin Əzimov, “B” kateqoriyasında isə Hüseyn Qənbərli və Nigar Qənbərli təmsil ediblər. Gərgin və prinsipial mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən, “B” kateqoriyasında çıxış edən Hüseyn Qənbərli 7,5 xal toplayaraq turnirin qalibi olub. Şahmatçımız müstəsna oyun nümayiş etdirərək, eyni zamanda 0-1549 reytinq intervalında bütün rəqiblərini geridə qoyub və yarışın xüsusi əlavə mükafatına layiq görülüb.
Daha təcrübəli şahmatçıların qüvvəsini sınadığı “A” kateqoriyasında da idmançılarımız uğurlu nəticələrə imza atıblar. Yasin Əzimov topladığı 6,5 xalla turniri 4-cü pillədə başa vurub, Sadiq Məmmədov isə 6 xalla 7-ci yeri tutaraq mükafatçılar sırasına daxil olub.
Naxçıvan Şahmat Məktəbinin yetirmələri üçün bu yarış həm də zəngin beynəlxalq təcrübə baxımından xüsusi əhəmiyyət kəsb edib. Müxtəlif ölkələrin fərqli oyun üslubuna malik şahmatçılar ilə şahmat taxtası arxasında qarşılaşmaq idmançılarımızın analitik təfəkkürünü və taktiki gedişlərini daha da təkmilləşdirməyə imkan yaradıb.
Turnirdən zəngin təəssüratlarla qayıdan Yasin Əzimov hər bir partiyanın böyük psixoloji və taktiki gərginliklə keçdiyini bildirib: “Beynəlxalq miqyaslı yarışlar şahmatçıdan maksimum diqqət və hər bir gedişin dəqiq hesablanmasını tələb edir. 4-cü pillədə qərarlaşsam da, əldə etdiyim bu nəticəni gələcək qələbələrim üçün vacib bir pillə hesab edirəm. Növbəti turnirlərdə daha yüksək zirvələri fəth etmək üçün məşqlərimi aralıqsız davam etdirəcəyəm”.
Digər təmsilçimiz Mirsaleh Seyidli də Malatya turnirinin onun peşəkar inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb: “Beynəlxalq arenada fərqli şahmat məktəblərinin nümayəndələri ilə gücümüzü sınamaq özünəinamımızı artırır. Qazandığımız bu təcrübə növbəti məsuliyyətli qarşılaşmalara daha yaxşı hazırlaşmağımıza böyük zəmin yaradır”.
Malatyadan zəfərlə qayıdan şahmatçılarımızın bu uğuru göstərir ki, muxtar respublikada yetişən gənc zəka sahibləri böyük turnirlərə tam hazırdırlar. Qazanılan təcrübə və əldə olunan nəticələr isə gənc təmsilçilərimizin növbəti beynəlxalq qarşılaşmalarda daha böyük zirvələri fəth edəcəyindən xəbər verir.
Elnurə CƏFƏROVA
Digər xəbərlər