Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
12:36 03.09.2026
0
0
0
NAXÇIVAN :
03 Sentyabr 2026, Cümə axşamı
Təcrübə göstərir ki, mina fəaliyyəti ilə yenidənqurma prosesi paralel aparılmalıdır. Bərpa prosesi uzunmüddətli planlaşdırma, güclü institutlar və hər şeydən əvvəl, zərər çəkmiş icmaların ehtiyacları nəzərə alınmaqla həyata keçirildikdə daha səmərəli olur.
"Şərq qapısı" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda bu reallıq, xüsusilə aydın görünür. Aİ Azərbaycanın bu sahədə həyata keçirdiyi genişmiqyaslı səyləri, xüsusilə ANAMA-nın, eləcə də ərazilərin tədqiqi və xəritələndirilməsi, təmizlənməsi, maarifləndirmə və zərər çəkmiş icmalara yardım proseslərində iştirak edən bütün əməliyyat subyektlərinin fəaliyyətini yüksək qiymətləndirir və təqdir edir.
“Biz bu səylərdə Azərbaycanın yanında olmaqdan qürur duyuruq”, – deyə Mariyana Kuyundziç qeyd edib.
Onun sözlərinə görə, məhz buna görə də konfransın mövzusu olduqca aktualdır:“Şəhərlərin bərpasından danışırıqsa, standartlardan da danışmalıyıq. Təhlükəsiz yaşayış məntəqələrindən danışırıqsa, mükəmməllikdən də danışmalıyıq. Yaşayış məntəqəsi yalnız partlayıcı təhlükələrin aradan qaldırılması ilə təhlükəsiz hesab edilmir. Burada deyilənlərlə razıyam ki, yaşayış məntəqəsi o zaman təhlükəsizdir ki, ailələr qorxmadan öz evlərinə qayıda bilsinlər, uşaqlar məktəbə təhlükəsiz gedə bilsinlər, ictimai xidmətlər yenidən fəaliyyət göstərsin, yenidənqurma işləri aydın standartlara uyğun həyata keçirilsin və icmalar gələcəyə inamla öz həyatlarını yenidən qura bilsinlər. Məhz bu, bizim nail olmağa çalışmalı olduğumuz mükəmməllik standartıdır. Başqa sözlə, humanitar minatəmizləmə ayrıca həyata keçirilən fəaliyyət kimi deyil, təhlükəsiz, dayanıqlı və inklüziv yaşayış məntəqələrinin yaradılmasına aparan daha geniş prosesin tərkib hissəsi kimi başa düşülməlidir”, – deyə o vurğulayıb.
Mariyana Kuyundziç Azərbaycanın təcrübəsinin bu baxımdan mühüm dərslər verdiyini diqqətə çatdırıb. O qeyd edib ki, bu, yalnız ərazilərin minalarla çirklənməsinin miqyası ilə deyil, həm də minatəmizləmə əməliyyatlarının yenidənqurma, geriqayıdış və uzunmüddətli regional inkişafla əlaqələndirilməsi zərurəti ilə bağlıdır.
“Bu, mürəkkəb və genişmiqyaslı prosesdir və burada davamlı beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət daşıyır. Aİ bu yanaşmanı qətiyyətlə dəstəkləyir. Üzv dövlətləri ilə birlikdə – “Team Europe” təşəbbüsü çərçivəsində –Aİ icmalar üçün minasız mühitin təmin olunmasına və regionda dayanıqlı inkişafın dəstəklənməsinə töhfə verməyə sadiqdir”, – deyə Aİ-nin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, hazırda Aİ-nin Azərbaycana münasibətdə bu kollektiv öhdəliyin həcmi 22 milyon avroya çatıb.
“Mesajımız aydın və dəyişməzdir: Heç kim ayaq basdığı torpaqda qorxaraq yaşamamalıdır. Bu baxımdan, bugünkü müzakirələr, xüsusilə dəyərlidir. Onlar bizə mina fəaliyyətinin şəhərlərin bərpasına necə daha səmərəli dəstək verə biləcəyinə, standartların necə gücləndirilə biləcəyinə və tərəfdaşlıqların bu sahədə daha effektiv nəticələr əldə etməsinə dair təcrübə mübadiləsi aparmaq imkanı yaradır”, – deyə Mariyana Kuyundziç vurğulayıb.
O qeyd edib ki, qarşıda hələ çox böyük vəzifələr dayanır, lakin ortaq qətiyyət də bir o qədər böyükdür.
“Aİ mina fəaliyyəti sahəsində Azərbaycan üçün etibarlı və uzunmüddətli tərəfdaş olaraq qalır. Humanitar minatəmizləməni təhlükəsiz yaşayış məntəqələrinin yaradılması və bərpa prosesinin mərkəzinə qoyan səyləri dəstəkləməyə sadiqik.
Birlikdə çalışaraq bir zamanlar təhlükə ilə yadda qalan torpaqların insanların geri qayıtdığı, yeniləndiyi və yeni imkanların yarandığı ərazilərə çevrilməsinə töhfə verə bilərik”, – deyə o əlavə edib.
Digər xəbərlər