NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Mədəniyyət siyasətində dövlət konsepsiyası:

...

 Laçından Naxçıvana uzanan strateji xətt

2025-ci ildə Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Azərbaycanın mədəniyyət siyasətində yeni və mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu qərar təkcə beynəlxalq mədəni platformada iştirak deyil, eyni zamanda işğaldan azad edilmiş ərazilərin mədəni dirçəlişinin dövlət səviyyəsində prioritet elan olunmasının bariz nümunəsidir. Laçının bu statusu qazanması Prezident İlham Əliyevin mədəniyyətə yalnız estetik və simvolik dəyər kimi deyil, strateji dövlət siyasətinin ayrılmaz hissəsi kimi yanaşmasının məntiqi nəticəsidir.

Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət siyasəti ardıcıl, sistemli və ideoloji baxımdan bütövdür. Bu siyasətin mərkəzində milli-mənəvi irsin qorunması, tarixi yaddaşın bərpası və Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təqdimatı dayanır. Laçının mədəniyyət paytaxtı seçilməsi də məhz bu xəttin davamı olaraq Qarabağın və Şərqi Zəngəzurun təkcə coğrafi deyil, mədəni reabilitasiyasını təmin etməyə xidmət edir.

Prezidentin mədəni irslə bağlı siyasətinin mühüm istiqamətlərindən biri də Azərbaycan memarlıq məktəbinin dünya miqyasında tanıdılmasıdır. Bu baxımdan, Möminə xatun türbəsinin bərpası və dahi memar Əcəminin abidəsinin ucaldılması ilə bağlı imzalanmış sərəncamlar xüsusi əhəmiyyət daşıyır. Bu qərarlar təkcə tarixi abidələrin fiziki bərpası deyil, eyni zamanda milli memarlıq düşüncəsinin, estetik dünyagörüşünün və intellektual irsin yenidən cəmiyyətə qaytarılması deməkdir.

Möminə xatun türbəsi Azərbaycan memarlıq tarixinin zirvələrindən biridir. Onun bərpası Prezident İlham Əliyevin tarixi irsə münasibətindəki prinsipial mövqeyini, dəyərlərə sahib çıxmaq iradəsini açıq şəkildə nümayiş etdirir. Memar Əcəmi Naxçıvani isə yalnız bir dövrün deyil, bütövlükdə, Şərq memarlığının simvoludur. Onun xatirəsinin abidə ilə əbədiləşdirilməsi dövlətin mədəniyyətə münasibətində şəxsiyyət amilinə, yaradıcılıq irsinə və tarixi davamlılığa verdiyi önəmin göstəricisidir.

Laçın xətti ilə Naxçıvan xəttini birləşdirən əsas məqam Prezident İlham Əliyevin mədəniyyət siyasətində coğrafi bölgü aparmamasıdır. İstər işğaldan azad edilmiş Qarabağ torpaqları, istərsə də qədim Naxçıvan diyarı vahid mədəni strategiyanın tərkib hissəsi kimi dəyərləndirilir. Bu strategiya milli kimliyin möhkəmləndirilməsinə, tarixi yaddaşın qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Laçının MDB-nin mədəniyyət paytaxtı kimi təqdim edilməsi Azərbaycanın postmünaqişə dövründə mədəni diplomatiya alətlərindən səmərəli istifadə etdiyini də göstərir. Bu addım ölkənin regionda mədəni liderlik iddiasını gücləndirir, eyni zamanda Qarabağın sülh, mədəniyyət və əməkdaşlıq məkanı kimi təqdim olunmasına imkan yaradır.

Prezident İlham Əliyevin mədəniyyət sahəsində apardığı siyasət göstərir ki, mədəni irs yalnız keçmişin yadigarı deyil, bu günün ideoloji dayağı və gələcəyin strateji resursudur. Laçından Naxçıvana uzanan bu ardıcıl dövlət xətti Azərbaycanın mədəni suverenliyinin, tarixi davamlılığının və milli özünüdərk prosesinin mühüm təminatçısıdır.

Ülviyyə HƏMZƏYEVA

Milli Məclisin deputatı

Nəşr edilib : 24.12.2025 14:32