Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi q...
22:05 27.10.2026
0
0
0
NAXÇIVAN :
27 Oktyabr 2026, Çərşənbə axşamı
Müasir dünyada münaqişələrin dərinləşməsi, beynəlxalq hüququn tətbiqində ikili standartların müşahidə olunması və dövlətlər arasında etimadın zəifləməsi sülh və dialoq məsələlərini qlobal gündəliyin əsas mövzularına çevirib. Belə bir şəraitdə Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə yönəlmiş təşəbbüsləri yalnız humanitar əməkdaşlıq baxımından deyil, həm də beynəlxalq münasibətlər sistemində qarşılıqlı hörmətin və bərabərhüquqlu tərəfdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu baxımdan fərqli sivilizasiyaları bir araya gətirən platforma olmaqla yanaşı, qlobal problemlərin həlli yollarının müzakirəsi üçün də mühüm imkan yaradır.
Oktyabrın 27-də “Ortaq gələcək naminə dialoq” mövzusunda işə başlayan forum 100-dən artıq ölkədən iştirakçıları bir araya gətirib. Tədbirin gündəliyində mədəniyyətlərarası və dinlərarası münasibətlərlə yanaşı, sülh, təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və qarşılıqlı anlaşma kimi məsələlərin dayanması təsadüfi deyil. Çünki müasir dünyada mədəniyyətlər arasında anlaşma siyasi ziddiyyətlərdən, münaqişələrdən və beynəlxalq münasibətlərdəki problemlərdən ayrı mövcud ola bilməz.
Multikulturalizm və milli həmrəylik modeli
Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsindəki mövqeyi, ilk növbədə, tarixi ənənələrə və müxtəlif etnik-dini qrupların birgəyaşayış təcrübəsinə əsaslanır. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən ölkə əsrlərboyu müxtəlif mədəniyyətlərin qarşılaşdığı, qarşılıqlı təsir göstərdiyi və zənginləşdiyi məkan olub. Bu tarixi təcrübə müasir dövrdə multikulturalizm siyasətinin formalaşması üçün mühüm zəmin yaradıb.
Azərbaycan modelinin əsas xüsusiyyətlərindən biri milli kimliyin qorunması ilə fərqli etnik və dini mənsubiyyətlərə hörmətin uzlaşdırılmasıdır. Cəmiyyətdəki həmrəylik, qarşılıqlı hörmət və Azərbaycançılıq ideyası ölkənin ictimai-siyasi həyatında birləşdirici amillər kimi çıxış edir. Bu yanaşma multikulturalizmin yalnız mədəni müxtəlifliyin tanınması ilə məhdudlaşmadığını, eyni zamanda ictimai sabitlik və milli birliyin qorunması ilə əlaqəli olduğunu göstərir. Prezident İlham Əliyev forumun açılış mərasimində çıxışı zamanı Azərbaycanın bu sahədəki təcrübəsini belə ifadə edib: “Azərbaycan tarixən hər zaman mədəniyyətlərin çox olduğu ölkə olub. Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlərboyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlərboyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri Azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir”.
Dövlət başçısının bu fikirləri Azərbaycanın mədəniyyətlərarası dialoq təşəbbüslərinin tarixi və ictimai əsaslarını ifadə edir. Müxtəlif mədəniyyətlərin yanaşı yaşaması yalnız tarixi irsin qorunması deyil, həm də müasir cəmiyyətin sabitliyinə və inkişafına təsir göstərən amildir. Etnik və dini müxtəlifliyin qarşıdurma mənbəyinə deyil, ümumi cəmiyyətin zənginliyinə çevrilməsi dövlət siyasəti ilə yanaşı, ictimai münasibətlərdə qarşılıqlı hörmətin mövcudluğunu da tələb edir.
Azərbaycanın müstəqillik dövründə üzləşdiyi çətinliklər fonunda milli həmrəyliyin əhəmiyyəti daha aydın görünür. Ermənistanın 30 illik hərbi təcavüzü və işğalı dövründə ölkənin müxtəlif etnik və dini qruplarının nümayəndələrinin ərazi bütövlüyünün bərpası uğrunda birgə mübarizəsi ümummilli maraqlar ətrafında birliyin təzahürü olub. Bu təcrübə göstərir ki, cəmiyyətdə qarşılıqlı etimadın və ortaq dəyərlərin mövcudluğu dövlətin çətin sınaqlar qarşısında dayanıqlılığını gücləndirən amillərdəndir.
Beynəlxalq hüquq və ikili standartlar problemi
Müasir beynəlxalq münasibətlərin ən ciddi problemlərindən biri beynəlxalq hüquq prinsiplərinin tətbiqində vahid yanaşmanın qorunmamasıdır. Dövlətlərin suverenliyi və ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipləri olsa da, onların müdafiəsi və beynəlxalq qərarların icrası məsələsində fərqli münasibətlərin ortaya çıxması beynəlxalq sistemə olan etimada mənfi təsir göstərir. Azərbaycanın uzun illər Ermənistanın işğalı ilə üzləşməsi bu problemin ölkənin tarixindəki konkret təzahürüdür. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının ərazilərimizdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edən dörd qətnamənin icra olunmaması beynəlxalq qərarların həyata keçirilməsinin nə qədər vacib olduğunu göstərirdi. Həmin sənədlərin icrasını təmin edəcək təsirli mexanizmlərin olmaması beynəlxalq hüququn nüfuzu və beynəlxalq təşkilatların effektivliyi ilə bağlı ciddi suallar yaradırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 30 il kağız üzərində qalan qətnamələri öz gücü hesabına icra edərək ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bu tarixi təcrübə bir daha göstərdi ki, beynəlxalq hüququn nüfuzu yalnız qəbul edilən qərarlarla deyil, onların icrasını təmin edən real mexanizmlərlə ölçülür. Prezident İlham Əliyev forumda bu məsələyə toxunarkən beynəlxalq təşkilatların qərarlarının icrası problemini xüsusi vurğulayıb: “Nəzərə alınmalı olan digər bir məsələ beynəlxalq təşkilatların qərarlarının icra mexanizmidir. Hazırda bir çoxları Birləşmiş Millətlər Təşkilatında islahatlardan danışır. Təfərrüatlara çox varmaq istəmirəm, lakin hesab edirəm ki, mühüm məsələlərdən biri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmi olmalıdır. Qeyd etdiyim kimi, biz 30 il bu vəziyyətlə üzləşmişik. BMT Təhlükəsizlik Şurası Azərbaycan torpaqlarının azad olunmasını tələb edən dörd qətnamə qəbul etmişdi. Onlar icra olunmadı. Onların icrasını təmin edən mexanizm yox idi. Ermənistana qarşı heç bir sanksiya tətbiq edilmədi”.
2020-ci ildə İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması regionda yeni reallıq formalaşdırdı. Bu fakt beynəlxalq münasibətlərdə qərarların qəbul edilməsindən daha çox onların icrasının əhəmiyyətini bir daha gündəmə gətirdi.
Müharibədən davamlı sülhə doğru
Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra Ermənistanla sülh münasibətlərinin qurulmasına yönəlmiş proses Cənubi Qafqazın gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Respublikamızın sülh təşəbbüsləri ilə çıxış etməsi müharibədən sonrakı mərhələdə regional münasibətlərin yeni əsaslar üzərində qurulmasına yönəlib. 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişi layihəsinin paraflanması və üçtərəfli Bəyannamənin imzalanması bu prosesin mühüm mərhələsi olub. Sənədlərin paraflanması və imzalanması siyasi dialoqun davam etdirilməsi və normallaşma istiqamətində irəliləyiş baxımından əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin forumdakı çıxışında diqqətçəkən məqamlardan biri müharibədən sonra qisasçılıq siyasətinin davam etdirilməməsi və sülhə üstünlük verilməsi ilə bağlı yanaşmadır: “Ötən ilin yayında paraflanmış sülh sazişinin layihəsini də biz hazırlamışdıq. Ermənistanla sülh sazişinin təşəbbüskarı biz olmuşuq. Çünki biz sonsuz müharibələr istəmirdik və qisas almaq niyyətində deyildik. Hərçənd hesab edirəm ki, emosiyalar da nəzərə alınmalıdır. Mən həmişə deyirəm ki, biz qisasımızı döyüş meydanında aldıq və bundan irəli getməməliyik. Əks təqdirdə, bu, sonsuz müharibəyə çevrilər”.
Bu yanaşma münaqişədən sonrakı mərhələnin əsas dilemmasını – hərbi qələbəni davamlı siyasi nəticəyə çevirmək məsələsini önə çıxarır. Müharibənin başa çatması ilə yanaşı, yeni qarşıdurmaların qarşısının alınması, regional əlaqələrin bərpası və sülh şəraitində əməkdaşlıq imkanlarının yaradılması da vacibdir. Bu xüsusda Cənubi Qafqazda münasibətlərin normallaşması yalnız Azərbaycan və Ermənistan üçün deyil, daha geniş region üçün də əhəmiyyətlidir. Sülhün möhkəmlənməsi nəqliyyat əlaqələrinin inkişafına, iqtisadi əməkdaşlığın genişlənməsinə və qarşılıqlı etimadın artmasına şərait yarada bilər.
Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanları
Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində siyasi tərəfdaşlıqlar, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları mühüm rol oynayır. Çinlə hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamənin və ABŞ ilə Strateji Xartiyanın imzalanması, eləcə də Avropa İttifaqının bir sıra üzv dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması ölkənin müxtəlif siyasi və iqtisadi mərkəzlərlə əlaqələrini genişləndirmək imkanlarını göstərir. Bu əlaqələrin əhəmiyyəti yalnız diplomatik münasibətlərlə məhdudlaşmır. Enerji resurslarının beynəlxalq bazarlara çatdırılması, nəqliyyat dəhlizlərinin inkişafı və regional iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycanın beynəlxalq əməkdaşlıq sistemindəki rolunu artırır. Avropa ilə Asiya arasında yerləşən ölkənin coğrafi mövqeyi müvafiq infrastruktur və sabit regional münasibətlərlə birləşdikdə iqtisadi üstünlüyə çevrilə bilər.
Beynəlxalq nüfuzun davamlı olması üçün iqtisadi imkanlarla yanaşı, siyasi etimadın qorunması da vacibdir. Müxtəlif tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsi, regional və qlobal təşkilatlarda iştirak, beynəlxalq təşəbbüslərə ev sahibliyi ölkənin xarici siyasət imkanlarını genişləndirir. Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin Zirvə görüşlərinə ev sahibliyi statusu daşıması bu baxımdan diqqətəlayiqdir.
Ortaq gələcək üçün dialoqun real nəticələri
Prezident İlham Əliyevin forumdakı çıxışında vurğuladığı digər mühüm prinsip dövlətlərin müstəqilliyinə və seçimlərinə hörmətlə bağlıdır: “Amma ikili standartlar təkcə bununla məhdudlaşmır. İkili standart həm də kiminsə sənə necə yaşamağı öyrətmək istəməsidir. Halbuki bunu etməzdən əvvəl güzgüyə baxıb özündən soruşmalısan: sənin kiməsə ağıl öyrətməyə, müstəqil bir ölkəyə necə yaşamalı olduğunu, nə etməli və nə etməməli olduğunu diktə etməyə mənəvi haqqın varmı? Biz heç vaxt bunu etmirik. Biz diqqətimizi öz daxili işlərimizə yönəldirik. Başqa ölkələrdə baş verənlər isə həmin ölkələrin xalqlarının işidir. Bu bizim işimiz deyil. Biz də özümüzə qarşı eyni münasibəti gözləyirik və buna nail oluruq”. Bu mövqe beynəlxalq münasibətlərdə qarşılıqlı hörmətin, suverenliyin və dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinin əhəmiyyətini önə çıxarır.
Beləliklə, davamlı sülh ədalətin, qarşılıqlı hörmətin və bərabərhüquqlu münasibətlərin təmin olunması ilə mümkündür. Azərbaycanın mədəniyyətlərarası dialoq təşəbbüslərinin əhəmiyyəti də məhz bu prinsiplərin beynəlxalq gündəlikdə müzakirəsinə, fərqli mədəniyyətlər və dövlətlər arasında anlaşmanın möhkəmləndirilməsinə xidmət etməsindədir. Ortaq gələcəyə aparan yol beynəlxalq hüquqa əsaslanan əməkdaşlıq və məsuliyyətli dialoqdan keçir. Bütün bu amillərin timsalında Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın beynəlxalq əməkdaşlıq, qarşılıqlı hörmət və sülh təşəbbüslərinin müzakirəsi üçün mühüm platformadır. Müasir dünyanın üzləşdiyi münaqişələr və etimad böhranı göstərir ki, dialoq yalnız fikir mübadiləsi ilə məhdudlaşmamalı, beynəlxalq hüququn prinsiplərinə əməl olunması və ədalətli münasibətlərin qurulması ilə tamamlanmalıdır. Azərbaycanın irəli sürdüyü yanaşmanın mahiyyəti də bundan ibarətdir: fərqlilikləri qarşıdurma səbəbinə deyil, əməkdaşlıq imkanına çevirmək, milli maraqlara hörmətlə yanaşı, xalqlar arasında anlaşmanı gücləndirmək. Çünki ortaq gələcəyin təminatı gücün deyil, hüququn, qarşıdurmanın deyil, dialoqun, ikili standartların deyil, ədalətin üstün tutulmasından keçir.
Nail ƏSGƏROV
Digər xəbərlər