NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Mən hər bir azərbaycanlının Prezidenti olacağam

...

Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri də Azərbaycanın gələcək taleyində əvəzsiz rolu, milləti və dövləti qarşısında müstəsna xidmətləri olan cənab İlham Əliyev kimi böyük şəxsiyyət və müdrik bir lider yetişdirməsi olmuşdur. Ümummilli Lider Heydər Əliyevin qurduğu dövlətin taleyini tapşıracağı yeni liderin seçilməsində nümayiş etdirdiyi özünəməxsus müdrikliyin miqyası illər keçdikcə daha aydın görünür, seçimin uğuru  təkzibolunmaz şəkildə öz təsdiqini tapır. Onun 2003-cü ilin prezident seçkiləri ərəfəsində prezidentliyə namizəd İlham Əliyev haqqında dediyi “Mən İlham Əliyevə özüm qədər inanır və onun gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri o, başa çatdıracaqdır” sözləri Ümummilli Liderin uzaqgörənliyinin və seçiminin alternativsizliyinin bariz nümunəsi sayıla bilər. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin keçdiyi həyat yolu, ictimai-siyasi proseslərdə fəal iştirakı, idarəetmədə qazandığı təcrübə, intellektual səviyyəsi və müasir dövrün siyasi xadimləri üçün xarakterik olan bütün yüksək keyfiyyətləri mənimsəməsi 2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilən prezident seçkilərində onun şəksiz qələbəsini təmin etdi. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, – deyən cənab İlham Əliyev cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilmişdir. Ötən  illərin reallıqları zamanın dahisi Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilmişdir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müdrik siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyevin yüksək erudisiyası, mükəmməl siyasi strategiyası, sarsılmaz qətiyyəti, polad iradəsi, yorulmaz fəaliyyəti və xalqla iqtidar arasında olan sıx birliyin sayəsində planetimizin üzləşdiyi çoxsaylı qlobal çətinliklərə, ümumbəşəri ciddi və mürəkkəb problemlərə, həmçinin müharibədən yeni çıxmış ölkə olmağımıza rəğmən respublikamızda iqtisadiyyat güclənir, bütün sahələrdə mütəmadi olaraq mütərəqqi islahatlar həyata keçirilir, regionların tarazlı inkişafının davamlılığı təmin olunur, hər bir istiqamət üzrə ardıcıl uğurlar əldə edilir ki, nəticədə, dövlətimiz daha da qüdrətlənir və doğma Azərbaycanımız durmadan çiçəklənir.

Azərbaycan dövləti, Azərbaycan xalqı İlham Əliyev cənablarının rəhbərliyi altında gələcəyə, yüksəlişə və inkişafa doğru dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu yolla inamla irəliləyir və hər bir ölkə vətəndaşının fəxr edəcəyi, qürur duyacağı bir məkana çevrilir. Ötən illər aşkar şəkildə göstərdi ki, cənab İlham Əliyev öz fəaliyyət dövrünü bu amalın reallaşmasına həsr etmiş, Ulu Öndərimizin müstəqillik və azadlıq ideyalarını dönmədən həyata keçirmiş, Azərbaycanı sosial-iqtisadi inkişaf, demokratik, hüquqi dövlət quruculuğu və siyasi sabitlik baxımından dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirmişdir.

Yeni mərhələ

Prezident İlham Əliyev 2018-ci il aprelin 18-də andiçmə mərasimində islahatların yeni dalğasını anons etmiş, ölkənin ictimai-siyasi, mədəni həyatının hər bir sahəsini əhatə edən çoxşaxəli islahatların yeni mərhələsi başlanmışdır. Dövlətimizin başçısı islahatlar modelini yığcam olaraq belə ifadə etmişdir: “Biz məqsədyönlü, düşünülmüş addımlar atırıq ki, ölkəmizin inkişafına yeni təkan verək, hələ də həll olunmamış problemləri həll edək, nöqsanları, xoşagəlməz halları, çatışmayan məqamları aradan götürək və bunu edirik”.

Bu gün hakimiyyətin bütün qollarında – qanunverici, icraedici və məhkəmə hakimiyyətlərində islahatlar gedir, prosesi asanlaşdırmaq məqsədilə yeni hüquqi aktlar qəbul edilir, heç bir dövlət orqanı yenilənmə, islahat kursundan kənarda qalmır.

2020-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribatla əlaqədar müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si, həmin il oktyabrın 10-da Fransanın Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-də Ermənistanın yeni hərbi təcavüzü, dinc sakinləri, uşaqları, mülki obyektləri, beynəlxalq nəqliyyat-kommunikasiya və tranzit xətlərini hədəfə alması haqqında 50 siyasi partiya sədri daxil olmaqla, 140 tanınmış ziyalı, ictimai-siyasi fəal, etnik azlıqların nümayəndələri  beynəlxalq və regional təşkilatlara birgə bəyanat və müraciətlər ünvanlamışlar. Bəyanat və müraciətlərdə siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları Müzəffər Ali Baş Komandanın Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi-hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduqlarını bildirmiş, beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupu həmsədrlərinin ikili standartlardan çıxış etməsi tənqid olunmuşdur.

2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad olunması münasibətilə 50 siyasi partiya Prezident, Müzəffər Ali Baş Komandanı təbrik edərək bu qələbəni illərlə yürüdülmüş müdrik siyasətin, siyasi uzaqgörənliyin, iqtisadi islahatların, xalqın iqtidara göstərdiyi yüksək etimadın, xalq-dövlət vəhdətinin ən ali təcəssümü olduğunu bildirdilər.

Ədalətin bərpası

Xalqımız öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək müasir Azərbaycan tarixinin ən böyük uğurunu-bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Uzaqgörən lider İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzü birmənalı olaraq təsdiq etdi. Prezident İlham Əliyev yalnız hərb meydanında Müzəffər Sərkərdə kimi deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Xalqımız öz dövlət başçısının xalqın, dövlətin maraqları naminə böyük qətiyyətini bir daha gördü. Cənab Prezidentin televiziya kanallarına verdiyi müsahibələr dünyanın dörd tərəfinə yayılan haqq səsimiz idi. Cənab Prezidentin dediyi kimi: “Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan hərbi birləşmələrinin heç bir hədəfi, heç bir məqsədi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və torpaqlarımızı işğaldan azad edəcəyik”.

Zamanın gedişini haqqın-ədalətin bərpası istiqamətində dəyişən müdrik lider və yenilməz sərkərdə İlham Əliyev dühasının Azərbaycana qazandırdığı möhtəşəm qələbə xalqa ən dəyərli ərməğan oldu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis olunması, Qarabağda aparılmış qısamüddətli antiterror əməliyyatı nəticəsində əzəli yurdlarımızın erməni separatçılarından tam təmizlənməsi, Xankəndidə dövlət bayrağımızın ucaldılması, Azərbaycanın qəlbindəki illərin yarasının sağalması ilə yaddaşımıza yazılmış böyük bir günün əlamətdar tarixi kimi təqvimə qovuşdu.

Birmənalı olaraq haqq savaşımızda əldə etdiyimiz qələbə Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bu qələbə sayəsində qalib xalq kimi özünü dünyaya bəyan etdi. Ali Baş Komandan Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək xalqımıza özünün çoxəsrlik tarixində ən böyük uğuru və xoşbəxtliyi yaşatdı.

Xalqın inamı

44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı.

Xalqın öz liderinə yüksək inamının nəticəsi idi ki, 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində İlham Əliyev inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçildi. Bu seçki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisi idi. Son 20 ildə bütün bu uğurların şahidinə çevrilən Azərbaycan xalqı əldə olunan nailiyyətləri ölkə Prezidenti cənab İlham Əliyevin ümummilli maraqlara söykənən məqsədyönlü siyasətinin məntiqi nəticəsi hesab edərək səsini cənab İlham Əliyevə verməklə Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətini nümayiş etdirdi.

            Beynəlxalq aləmdə söz sahibi

Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Dünya artıq Azərbaycanı regionun lideri, qlobal layihələr həyata keçirən, islahatlar aparan, əməkdaşlığa və Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfələr verən etibarlı tərəfdaş kimi qəbul edir. Cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasətlə Azərbaycan xarici əlaqələrini, siyasi-iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Digər tərəfdən, Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfələr verir. Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər və ölkəmizlə əməkdaşlığa böyük önəm verirlər.

Azərbaycanın mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kurs respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. Azərbaycan dünyanın sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətinə çevrilib.

Ölkə Prezidenti cənab İlham Əliyevin Avropa liderlərinin dəvəti ilə ən mötəbər tədbirlərə dəvət alması, yüksək tribunalardan çıxışı, ən yüksək səviyyədə qarşılanması ölkəmizin artan nüfuzunun bariz nümunəsidir. Nəticədə, Avropa ölkələri Azərbaycanla əməkdaşlığa yüksək önəm verir, Prezident İlham Əliyevi Avropa üçün ən önəmli  LİDER hesab edirlər.

Beynəlxalq təşkilatlara rəhbərlik etməkdə zəngin təcrübə qazanan Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müxtəlif vaxtlarda bu quruma iki dəfə sədrlik edib. Qoşulmama Hərəkatının sədri olduğu müddətdə həyata keçirilən tədbirlər qurumun üzv dövlətləri tərəfindən yüksək dəyərləndirilib. Mötəbər tədbirlərə uğurlu ev sahibliyi etmək Azərbaycanın beynəlxalq aləmdə olan reytinqini getdikcə artırıb. Bütün bunlar, təbii ki, cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət və diplomatik məharət nəticəsində mümkün olmuşdur. Bununla bərabər Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizə prosesinə ciddi töhfə verən ölkə kimi tanınması onun COP29-a ev sahibliyi etmək imkanını daha da gücləndirdi. Azərbaycanın bu sahədə uzun illərdir, həyata keçirdiyi ardıcıl siyasət və layihələr, enerji mənbələrinin inkişaf etdirilməsi, o cümlədən külək və günəş enerjisi stansiyalarının qurulması baxımından ölkəmiz böyük işlər reallaşdırdı.

COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizə növbəti dəfə böyük etimad və inamın göstəricisi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında vurğuladığı kimi: “Ötən ilin dekabrında, təxminən, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük”.

Vətən müharibəsindəki zəfərimizin ilk rəsmi təsdiqi – 10 noyabr bəyanatında Azərbaycan liderinin sülh gündəliyinə daxil etməyə müyəssər olduğu “Zəngəzur dəhlizi” layihəsi cənab İlham Əliyevin Qafqaza dayanıqlı sülh və davamlı inkişaf gətirmək missiyasının son dərəcə əhəmiyyətli parçasıdır.

ABŞ-də imzalanmış Birgə Bəyannamə ilə ən böyük məqsədlərimizdən birinə – Zəngəzur dəhlizinin açılmasına, Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz çıxışın təmin edilməsinə nail ola bildi.

8 avqust 2025-ci ildə Vaşinqtonda, Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla Birgə Bəyannamə imzaladı və Azərbaycanla Ermənistan arasında sülh sazişinin layihəsi paraflandı. Azərbaycanla Ermənistan arasında uzun illərdən sonra əbədi sülhün əldə olunmasına, bölgəmizdə bütün tərəflər üçün qarşılıqlı əməkdaşlıq, dayanıqlı inkişaf mühitinin yaranmasına, bu torpaqlarda yaşayan insanların rifah və xoşbəxtliyinə yol açan belə mühüm addımla Cənubi Qafqazda yeni strateji dövr başlandı.

2020-ci ildə 44 günlük müharibə nəticəsində qazandığımız tarixi zəfər, 2023-cü ildə həyata keçirilmiş 23 saatlıq antiterror əməliyyatı ilə Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin tam təmin olunması, qələbəmizin bütün dünyada qəbul edilməsi kimi bu yeni reallığın müəllifi – gücü, qətiyyəti xalqımızın sarsılmaz dəstəyindən, Vətənə, xalqa sevgisindən gələn Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir.

Bu böyük dövlət adamının Azərbaycan adına son bir neçə ildə əldə etdiyi nəticələrin mahiyyətinə diqqət yetirdikdə həmin nailiyyətlərin bu qədər çevik şəkildə – qısa zaman ərzində qazanıldığına bəzən heyrətlənənlər də olur. Lakin son illərin bu parlaq uğurlarına fokuslanarkən, onlara gətirib çıxarmış hazırlıq proseslərinin mükəmməlliyini də nəzərdən keçirərkən fərq edirsən ki, bu proseslərin heç biri qısa zamanda və asanlıqla baş verməyib, hər birinə illərin, onilliklərin zəhməti sərf olunub.

8 avqust 2025-ci ildə Ağ Evdə dövlət rəhbərimizin iştirakı ilə baş verən və qəlbi Vətənə bağlı bütün dünya azərbaycanlılarını qürurlandıran o unudulmaz anlar da, əslində, illərlə düzgün görülmüş işlərin, düzgün atılmış strateji addımların, düzgün hesablanmış qərarların məntiqi nəticəsidir.

Milyonların sevgisi

Ölkəmizin uğurları, tarixə yazılan möhtəşəm qələbələr deməyə əsas verir ki, dövlətimizin başçısı qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaq üçün istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə düşünülmüş və məqsədyönlü siyasət həyata keçirərək Azərbaycanın timsalında “Güclü dövlət“ konsepsiyasını reallaşdırmağa nail olmuşdur. Prezident İlham Əliyev qurucu, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün qüvvəsini bu vəzifələrin reallaşmasına səfərbər edən, milyonların sevgisini qazanan alternativsiz LİDERdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çox qısa zaman kəsiyində ölkəmizin qazandığı bütün bu uğur və qələbələr Ümummilli Liderin dediyi “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərini gerçəkləşdirdi.

Arzu ABDULLAYEV

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini

Nəşr edilib : 23.12.2025 23:56