NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Mən səmanın dualara açılan qapısıyam

...

Uzaqdan baxanda mənə parıldayan firuzəyi bir daşı xatırladırsan. Çalarların, əzəmətin, cizgilərin hər dəfə məni heyran etməyi çox yaxşı bacarır. Çox zaman isə sənin sükutunda təsəlli tapmaq, daxili bir hüzura qovuşmaq üçün ziyarətə gələnləri görürəm. Günəşin süzülən şəfəqləri sanki sənin üzərindən onlara nur ələyir. Nəhayət, bu gün Nuh Peyğəmbərin izləri ilə yoğrulmuş bu məkanı, Naxçıvanın Tac-Mahalını ziyarət etməyə getdik. Klassik Şərq memarlığının incə cizgilərini özündə birləşdirən, Cənubi Qafqazın ən böyük ibadətgahlarından biri olan mənəvi birlik məkanı, Heydər məscidindəyik.
Addım-addım sənə yaxınlaşıb o müqəddəs qapıdan içəri daxil olanda qəlbimizin mənəvi bir saflıq və hüzur tapdığını hiss edirik. Ramazan ayında bizləri öz ağuşuna qonaq etdiyin kimi, bu müqəddəs gecələrdə göy üzünün hilalını və ulduzlarını da öz başının üzərində qonaq edirsən. Sanki səma bütün gözəlliyi ilə sənin nuruna şərik olur. Naxçıvanın bu müasir ziyarətgahı elə bil, Əshabi-kəhf sükunətini şəhərin mərkəzinə gətirir. İnsanı hər tərəfdən ağuşuna alan dərin dincliyin içində ucalan bu abidə indi öz daxili səsi ilə pıçıldamağa başlayır və bizi öz hekayəsini dinləməyə dəvət edir:
“Mən, Naxçıvanın müasir simasına vurulmuş ən zərif möhür, Ulu Öndər Heydər Əliyevin adını daşıyan, onun xatirəsinə ucaldılan sülh və inam məkanıyam. Mən, bu diyarın qonaqpərvər qucağında yüksələn, qapısı hər könülə açıq olan bir mənəviyyat yurduyam. Gənc bir abidə olsam da, ruhumda əsrlərin memarlıq ənənələrini və xalqımın sarsılmaz inancını yaşadıram. Hər səhər günəş yurdumuzun üzərinə doğanda, mən ilk şüaları minarələrimlə, daş yaddaşıma ən gözəl nəğmə kimi həkk olunan “Amin” sədaları ilə qarşılayıram. İçəriyə doğru addımlayan hər kəs o möhtəşəm çilçırağın işığında öz daxili aydınlığını tapır. Divarlarımdakı naxışlar, sənətkar əməyi ilə işlənmiş hər bir detal Azərbaycan ruhunun zərifliyini pıçıldayır. İnsanlar şəhərin uğultusunu, gündəlik qayğılarını kənarda qoyub dərdlərini, sevinclərini, arzularını mənlə bölüşürlər. Həmin an mən bir divar olmaqdan çıxıb onların ruhuna toxunan canlı bir sirdaşa çevrilirəm. Elə bugünkü sirdaşım da sən olduğun kimi.
Bilirsənmi, bu günlərdə mənim qübbəmin altında tamam başqa bir həyəcan, tamam başqa bir doğmalıq var. On bir ayın sultanı olan Ramazan qapımı döydüyü andan etibarən, mən, sadəcə, bir abidə deyil, hər kəsi eyni süfrə başında, eyni dua xəttində birləşdirən bir könül mərkəzinə çevrilmişəm. Bu müqəddəs ay şəhərə sanki xüsusi bir hüzur gətirir. İnsanlar iftar vaxtı yaxınlaşdıqca mənə üz tutub, orucun verdiyi mənəvi saflığı birgə dualarla taclandırırlar. Uca minarələrimdən yüksələn azan səsi Naxçıvanın axşam səmasına yayıldıqca elə bil, göy üzü yerlə pıçıldaşır. Ay işığı firuzəyi günbəzimə toxunanda isə mən sanki bir dəniz kimi bu səmada dalğalanıram.
Mən bu divarlar arasında hər gün minlərlə taleyin pıçıltısını eşidir, hər səcdədə torpağa ələnən ümidləri qəlbimə yığıram. Ramazanın ilk günündən etibarən daxilimdəki sükunət hər ötən gün bir az daha dərinləşir, hər iftar vaxtı açılan əllər mənim mənəvi bünövrəmi hər keçən gün daha da möhkəmləndirir. Lakin mənim sükunətimin elə bir zirvəsi var ki, o gecə daşlarım belə həyəcandan titrəyir. Bu, min aydan daha xeyirli olan, bəşəriyyətin taleyinin nurla yazıldığı Qədr gecəsidir. Qədr gecəsində mən bir ibadətgahdan daha çox, ümidin mərkəziyəm. Mən o mübarək gecədə edilən hər  duanı qat-qat böyüdüb göylərə çatdıran mənəvi bir vasitəyə çevrilirəm. 
Səhər mehi əsməyə başlayanda divarlarımdakı hər bir naxış, hər bir daş gecə boyu edilən o səmimi dualardan, tökülən göz yaşlarından payını alıb yenidən canlanır. Sabaha qədər davam edən o ilahi oyaqlıq hər bir möminin qəlbindəki qaranlığı işıqlandıran bir məşələ çevrilir.
Mən bu ayda, sadəcə, bədənlərin deyil, ruhların da iftar etdiyi bir limanam. Bir xurmanı, bir stəkan suyu və ya sadəcə, bir təbəssümü paylaşmaq, bu mübarək ayın mənim daş divarlarıma hopdurduğu, unudulmayan bir ayə sədası kimidir. İnsanlar bir-birinə mərhəmət göstərdikcə sanki mənim soyuq daşlarım da o səmimiyyətlə isinir və bu müqəddəs əməllər mənim mənəvi yaddaşımda silinməz bir naxışa çevrilir…”

Səmayə RƏSULOVA
Naxçıvan Dövlət UniversitetininJurnalistika ixtisası üzrə IV kurs tələbəsi

 

Nəşr edilib : 19.03.2026 18:13