İspaniya Krallığı Deputatlar Konqresinin sədri Azə...
22:32 22.01.2026
0
0
0
NAXÇIVAN :
23 Yanvar 2026, Cümə
Təqvim 24 oktyabrı göstərir... Biz onu dramların, faciələrin, hətta sətirlərin arasında tapdıq. Bəzən bir qaranlıq zindanda, bəzən azadlıq hayqıran bir ruhda gördük. O, insanın içindəki “İblis”i, eşqin, inancın və azadlığın qarşısında əyilməyən iradəni “Şeyx Sənan”da, bəşəriyyətə ümid olan bir nuru isə “Peyğəmbər”də bizə tanıtdı. Hər dövrə öz işığını salan fikir adamı, yazıçı, ideallar şairi, romantik şeirin və mənzum faciənin banisi... Bir əsrdən çoxdur ki, söz öz azadlığını onun misralarında tapır, fikir zülmə qarşı onun dramlarında üsyan edir.
Ruhunu zamanın zəncirlərinə təslim etməyən bir dahinin bu aləmə göz açdığı tarixin çağırışıdır bu gün. Gələcəyin poeziyasına, fəlsəfəsinə və teatrına öz möhürünü vuran Hüseyn Abdulla oğlu Rasizadənin doğum günündən artıq 143 il ötür.
Naxçıvan şəhərində ruhani ailəsində dünyaya göz açan Cavidin zəngin və keşməkeşli həyat yolu olmuşdur. Bəs görəsən, Cavidin həmin yolunu bu qədər unudulmaz və dəyərli edən yalnız ömür yolu idi, yoxsa onun söz dünyasında yaratdığı bəşəri ideyalar, fəlsəfi düşüncələr və sənətkarlıq zirvəsi?
Fikirləşirəm ki, Cavidin ömür yolu öz-özlüyündə həm maraqlı, həm də düşündürücüdür. Lakin onu əsl mənada unudulmaz edən, onun söz dünyasında yaratdığı ideyaların dərinliyi, sənətinin gücü və insanlığa səslənən fikirləridir. Cavid sənəti bir dəniz kimidir: dərin, amma suyu aydın. O sənət və o yaradıcılıq insanı düşündürməyə, sorğu-sual etməyə, kamilliyə doğru yönəlməyə vadar edir.
Mütəfəkkir ədəbiyyata, sadəcə, əsər yazmaq üçün yox, cəmiyyətin düşüncəsini dəyişmək, mənəviyyat və azadlıq uğrunda mübarizə aparmaq üçün gəlmişdi. Elə özünün də qeyd etdiyi kimi: “Əsiri olduğum bir şey varsa, o da həqiqət və yenə həqiqətdir.”
Yaradıcılığının ilk onilliyində müasir Azərbaycan romantizminin ən görkəmli nümayəndəsi kimi şöhrət qazanmışdır. Hətta 1920-ci illərin qəzetləri onun haqqında yazarkən “Qafqazın ən məşhur və ən şöhrətli şairi”, “Azərbaycanın ən qüdrətli şairi” kimi ifadələrdən istifadə edirdilər. Buna baxmayaraq, 1937-ci ildə siyasi repressiyalara məruz qalan, ailələrindən, həyatlarından qoparılan şəxslərdən biri də Cavid olmuşdur. Rejimin qara kölgəsi onun da üzərinə düşdü, doğma vətənindən uzaqlaşdırılaraq Sibirə sürgün edildi. O nəcib ruhun fəryadından illər keçdi, tam 41 il sonra ədalət zəfər çaldı. Dünyaya göz açdığı, ilk sözlərini dediyi, ilk ilhamlandığı qədim diyarına qaytarıldı ədib. Artıq Cavid Sibirin amansız qaranlığında tənhalığa məhkum edilmiş qərib deyildi. “Qayıdış” şeirində deyildiyi kimi:
Bəsdir, qəriblikdə yatdın, şairim,
Səni aparmağa üç oğlun gəlib.
Həmidin, Telmanın, Zakirin,
Elə bil ki, oğlun Ərtoğrul gəlib...
Cavidin Sibirdəki sürgün həyatı məndə çox dərin izlər buraxdı. Qərara aldım ki, Hüseyn Cavidin Naxçıvan şəhərində yerləşən ev-muzeyini və xatirə kompleksini ziyarət edim, yaşadığı və yaratdığı yeri öz gözlərimlə görüm.
Qırmızı kərpicdən tikilən, şərq üslublu həmin birmərtəbəli evin qapısını açanda böyük bir dahinin ruhunun insana toxunduğunu hiss etmək olurdu. Elə bu vaxt sanki görkəmli dramaturqun dilindən bu sözlər qulağımda eşidildi:
Məni bu isti otaqlardan, yurdumdan, yarımçıq əlyazmalarımdan ayırdılar... Məni doğmalarımdan, Mişkinazın nəfəsindən ayırdılar... Qaranlıq kamerada qəlbimi yandıran Vətən həsrəti ilə bir məhbusun ruhu kimi yaşadım...
Muzeyin hər bir əşyası, hər bir divarı sanki o böyük sənətkarın səssizliyə bürünmüş fəryadını, dərin düşüncələrini bizə pıçıldayırdı. Muzeyin ekspozisiya zallarını və guşələrini gəzdim: Cavidlər ailəsinə aid məişət əşyaları, miz və stullar, şəkillər... Ən çox diqqətimi çəkənlərdən biri də divara asılmış “Şairin yuxusu” adlı rəsm əsəri oldu.
Hekayəsini eşitdikdə isə daha da təəccübləndim. Həbsdə olarkən Cavid yuxuda görür ki, səmada buzlar içindədir və ətrafında kəpənəklər uçuşur. Bu yuxunu yanında olan otaq yoldaşına danışır. Həmin gündən üç gün keçir və Hüseyn Cavid vəfat edir. Azərbaycanın Əməkdar rəssamı Mircəlil Seyidov da həmin otaq yoldaşı ilə görüşür və bu söhbəti eşitdikdə təsirlənir, qərara alır ki, o yuxunu rənglərlə əbədiləşdirsin.
İş otağına keçdikdə isə o əsərlərin yazıldığı masanı gördüm. Elə bil, o masa hələ də sonuncu misrasını yazmaq üçün sahibini gözləyirdi. Cavidi orada, o masada təsəvvür edəndə xeyirlə şərin, nurla qaranlığın mübarizəsini, gözəllik və sevginin fəlsəfəsini duydum. Sonra içimi titrədən, Sibirin soyuğunu hiss etdirən, muzeyin ən ağır və yaddaqalan hissəsinə repressiya dövrünə aid olan guşəyə, yəni matəm otağına daxil oldum. Bura gəlmək üçün tələsən addımlarım indi yerimək bilmədi. Bu otaqdan həyəcansız keçmək mümkün deyildi. Otağa daxil olanda 41 ilin həsrətinin, bir ömrün ağrısının, bir millətin susdurulmuş sözünün simvolunu – məzarı üzərinə qoyulan həmin taxta parçasını gördüm. Sanki dil açıb “Cavidin ruhu yenə doğma torpağında nəfəs alır”, – deyə pıçıldayırdı...
Muzeydən çıxanda anladım ki, Cavidin ideyaları zamansızdır. Bu gün də Cavidin səsi susmayıb. “İnsan hara gedir?”, “İblis hələ də aramızdadırmı?”, “İdeal uğrunda mübarizə davam edirmi?” kimi sualları ilə hələ də çağdaş insanla dialoqdadır.
Onun yaradıcılığı bir işıqdır və o işıq yurdunun səmasında, biz gənclərin gözlərində, kitabların və qəzetlərin içində yanır. Bu gün – Hüseyn Cavidin doğum günündə, biz onu yalnız bir sənətkar kimi deyil, həm də azadlıq, ədalət və mənəviyyat uğrunda mübarizə aparmış bir fikir adamı kimi anırıq. O bizə öyrətdi ki, bəzi ölümlər həyat qədər dəyərlidir, bəzi eşqlər isə əbədiyyət qədər uzun. Necə ki, “Cavid” sözü “əbədi”, “həmişəyaşar” mənasındadırsa, Hüseyn Cavid kimi qələm sahibi də bizlərin qəlbində həmişə yaşayacaq.
Hər qulun cihanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir ilahı var,
Mənim tanrım gözəllikdir, sevgidir...
Səmayə RƏSULOVA
Naxçıvan Dövlət Universitetinin
Jurnalistika ixtisası üzrə 4 kurs tələbəsi
Digər xəbərlər