Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Univ...
01:40 24.08.2026
0
0
0
NAXÇIVAN :
24 Avqust 2026, Bazar ertəsi
“Bir hadisənin qarşısını almaq o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır”.
Heydər Əliyev
Yay aylarında havanın temperaturunun yüksəlməsi, yağıntıların azalması, quraqlığın artması və bitki örtüyünün quruması meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə yüksək temperaturun uzun müddət davam etdiyi, havanın nisbi rütubətinin aşağı düşdüyü və küləkli hava şəraitinin müşahidə olunduğu günlərdə yanğının yaranması və qısa müddətdə geniş əraziyə yayılması üçün əlverişli şərait formalaşır. Bu baxımdan, yanğın risklərinin əvvəlcədən müəyyənləşdirilməsi, qabaqlayıcı tədbirlərin görülməsi və mümkün hadisələrə operativ müdaxilənin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki meşə yanğını yalnız ağac və kol örtüyünün məhv olması ilə nəticələnmir, bütövlükdə, meşə ekosisteminə və ekoloji tarazlığa ciddi təsir göstərir.
Azərbaycanın müxtəlif yüksəklik qurşaqlarında formalaşan meşə ekosistemləri ölkənin biomüxtəlifliyinin qorunmasında mühüm rol oynayır. Meşələr çoxsaylı bitki və heyvan növləri üçün yaşayış və qidalanma mühiti olmaqla yanaşı, torpaq və su ehtiyatlarının mühafizəsinə, eroziya proseslərinin zəiflədilməsinə və torpaqda nəmin saxlanmasına kömək edir. Eyni zamanda bitki örtüyü atmosferdə karbonun udulması və saxlanılmasında mühüm rol oynadığından, meşələrin qorunması iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması baxımından da əhəmiyyətlidir.
Meşə yanğınlarının ekosistemlərə təsiri isə yanğının miqyasından və intensivliyindən asılı olaraq daha geniş nəticələr doğura bilər. Yanğın zamanı ağac, kol və ot bitkiləri məhv olur, canlıların yaşayış və qidalanma mühiti zədələnir. Quşlar, məməlilər, sürünənlər, həşəratlar və digər canlılar birbaşa alovun təsirinə məruz qala və ya yaşayış ərazilərini tərk etməyə məcbur ola bilərlər. Xüsusilə biomüxtəlifliyin yüksək olduğu ərazilərdə baş verən yanğınlar növlərarası əlaqələrə, qida zəncirinə və ümumi ekoloji tarazlığa ciddi təsir göstərə bilər. Yanğının digər mühüm nəticəsi torpaq örtüyü ilə bağlıdır. Yanğın nəticəsində bitki örtüyünün məhv olması torpağın qoruyucu funksiyasını zəiflədir və eroziya riskini artırır. Bitki örtüyü ilə qorunmayan torpaq külək və su eroziyasına daha həssas olur. Xüsusilə yamaclarda güclü yağıntılar torpağın yuyulmasını sürətləndirə, səth axınını artıra və nəticədə, torpaq deqradasiyasına şərait yarada bilər.
Yanğınların atmosfer havasına təsiri də diqqətdən kənarda qalmamalıdır. Yanma zamanı tüstü, karbon qazı, karbonmonoksid, müxtəlif ölçülü hissəciklər və digər yanma məhsulları atmosferə yayılır. Küləyin istiqamətindən asılı olaraq tüstü yanğın zonasından uzaq ərazilərə də yayıla bilər.
Bütün bunlar göstərir ki, meşə yanğınlarına qarşı mübarizədə əsas istiqamət profilaktik tədbirlərin gücləndirilməsi olmalıdır. Yanğın artıq baş verdikdən sonra onun söndürülməsinə və nəticələrinin aradan qaldırılmasına sərf olunan resurslarla müqayisədə, yanğının əvvəlcədən qarşısının alınması həm daha səmərəli, həm də ekoloji baxımdan daha məqsədəuyğundur. Bu məqsədlə meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində yanğına qarşı mühafizə və mineral zolaqların yaradılması, mövcud zolaqların yenilənməsi, yolkənarı ərazilərdə qurumuş otların biçilməsi, kol-kos və digər yanıcı materialların təmizlənməsi mühüm profilaktik tədbirlər sırasındadır.
Meşə fondunda və xüsusi mühafizə olunan təbiət ərazilərində baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması, yanğın təhlükəsinin minimuma endirilməsi və təbii sərvətlərin mühafizəsinin təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kompleks qabaqlayıcı tədbirlər həyata keçirilir.
Yay mövsümündə, xüsusilə havaların isti və quraq keçdiyi günlərdə meşə və yaşıllıq sahələrinin yanğından mühafizəsi məqsədilə qabaqlayıcı tədbirlər gücləndirilir. Yanğının yayılmasının qarşısını almaq və alovun digər ərazilərə keçmə riskini azaltmaq üçün mineral zolaqlar salınır, yol kənarlarında qurumuş otlar, kol-kos və digər yanıcı materiallar, eləcə də yanğın təhlükəsi yarada biləcək bitki örtüyü təmizlənir.
Lakin qabaqlayıcı tədbirlərin səmərəliliyi yalnız aidiyyəti qurumların fəaliyyəti ilə məhdudlaşmır. Meşə və xüsusi mühafizə olunan təbiət ərazilərindən istifadə edən vətəndaşların da yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməsi mühüm şərtdir. İnsan amili meşə yanğınlarının yaranmasında əsas risklərdən biri olduğundan nəzarətsiz tonqal qalanması, siqaret kötüklərinin söndürülmədən atılması, quru ot və bitki örtüyünün yandırılması, odla ehtiyatsız davranılması, eləcə də kənd təsərrüfatı işləri zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi yolverilməzdir. İsti, quru və küləkli havada kiçik bir od mənbəyi belə qısa müddətdə genişmiqyaslı yanğına çevrilə bilər. Buna görə meşələrin və təbii sərvətlərin qorunması yalnız aidiyyəti qurumların deyil, hər bir vətəndaşın məsuliyyətidir.
Yay mövsümündə meşələrə, milli parklara, qoruqlara və digər təbii ərazilərə üz tutan insanlar yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməlidirlər. Meşə və meşəətrafı ərazilərdə icazəsiz tonqal qalanmamalı, od mənbələri nəzarətsiz buraxılmamalıdır. Siqaret kötüklərinin yerə atılması, xüsusilə quru ot və yarpaq örtüyü olan ərazilərdə od mənbəyindən istifadə edilməsi yolverilməzdir. Təbiətdə tullantıların, xüsusilə yanğına səbəb ola biləcək materialların saxlanılmasına da yol verilməməlidir. Kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslərin də bu məsələdə məsuliyyəti böyükdür. Biçin və digər təsərrüfat işləri zamanı quru bitki örtüyünün yandırılması nəzarətdən çıxaraq geniş əraziyə yayıla, meşə və digər təbii ərazilərə keçə bilər. Buna görə də yanğın təhlükəsizliyi tələblərinə riayət olunması yalnız əkin sahələrinin deyil, ətraf ekosistemlərin də qorunmasına xidmət edir.
Yanğının erkən aşkarlanması və operativ məlumatlandırma onun genişlənməsinin qarşısının alınmasında mühüm amillərdəndir. Təbiətdə tüstü, alov və ya digər yanğın əlaməti müşahidə edən şəxslər dərhal aidiyyəti qurumlara məlumat verməli, hadisənin yeri barədə mümkün qədər dəqiq məlumat təqdim etməlidirlər. Yanğının ilkin mərhələdə müəyyənləşdirilməsi onun daha sürətlə lokallaşdırılmasına və böyük ekoloji itkilərin qarşısının alınmasına imkan verir. Bu zaman şəxsi təhlükəsizlik də nəzərə alınmalı, vətəndaşlar təhlükəli ərazilərə daxil olmamalı və yanğınla mübarizəni peşəkar qüvvələrə həvalə etməlidirlər.
Yanğın hadisəsi və ya yanğın təhlükəsi müşahidə edildikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168” Çağrı Mərkəzinə zəng edərək məlumat vermək vacibdir.
Yanğının söndürülməsi ilə ekoloji problem başa çatmır. Yanmış ərazinin əvvəlki vəziyyətinə qayıtması, bitki örtüyünün və canlıların yaşayış mühitinin bərpası uzun müddət tələb edə bilər. Bu baxımdan, meşəbərpa tədbirlərində yalnız ağacların əkilməsi deyil, ekosistemin bütövlüyünün nəzərə alınması, təbii regenerasiya imkanlarının qiymətləndirilməsi və yerli bitki növlərinin qorunması vacibdir.
Nəticə etibarilə, meşə yanğınlarının qarşısının alınması risklərin əvvəlcədən qiymətləndirilməsini, profilaktik tədbirlərin gücləndirilməsini, operativ müşahidəni, praktiki hazırlığı və əhalinin maarifləndirilməsini əhatə etməlidir. Nazirlik tərəfindən mineral zolaqların salınması, ərazilərin yanıcı materiallardan təmizlənməsi, yanğınsöndürmə təlimlərinin və maarifləndirmə tədbirlərinin keçirilməsi bu istiqamətdə görülən mühüm işlərdəndir.
Meşələrin mühafizəsi biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının, atmosfer havasının və bütövlükdə, ekoloji tarazlığın qorunması deməkdir. Bir neçə dəqiqəlik diqqətsizlik geniş meşə sahəsinin məhvinə səbəb ola bilər. Əksinə, məsuliyyətli davranış, yanğın təhlükəsizliyi qaydalarına əməl etmək və təhlükə barədə vaxtında məlumat vermək böyük ekoloji itkilərin qarşısını ala bilər. Meşə yanğınını söndürməkdən daha vacibi onun baş verməsinə imkan verməməkdir.
Səkinə MƏHƏRRƏMOVA
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin əməkdaşı
Digər xəbərlər