NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Milli birlik günü

...

Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvanda  keçirilən Ali Məclisin sessiyasında qəbul edilən tarixi Qərarla 31 dekabr günü ilk dəfə olaraq “Həmrəylik bayramı” kimi qeyd edildi, bu qətiyyətli addım dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində həyata keçirilən tədbirlərin kütləvi xarakter almasında mühüm rol oynadı. Dünya azərbaycanlılarının vahid ideologiya ətrafında təşkilatlanması və birləşməsi istiqamətində Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət həm də müstəqil Azərbaycanın gələcək inkişafına əsaslı zəmin yaradan faktorlardan biri kimi tarixə düşdü.

Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi Azərbaycanın qurtuluş, özünə qayıdış dövrü kimi xarakterikdir. Bunun birinci səbəbi, sözsüz ki, həmin dövrdə muxtar respublikada görülən işlərdə prinsip etibarilə milli birlik və həmrəyliyin ön sırada dayanmasıdır. Bəli, işğal təhlükəsi ilə üz-üzə, dünyadan, demək olar ki, təcrid vəziyyətdə qalmış Naxçıvanın sabaha gedən yolu, məhz muxtar respublika sakinlərinin Ümummilli Liderimizin ətrafında sıx birləşməsi, milli həmrəylik nümayiş etdirməsi sayəsində mümkün idi və belə də oldu.

Ümummilli Liderimiz Heydər Əliyev dünyanın ayrı-ayrı yerlərində yaşayan, fəaliyyət göstərən hər bir azərbaycanlının dilindən qopan sözünü, könlündən duyulan səsini, əməlini bir ideya altında, vahid amal uğrunda birləşdirməklə xalqımız qarşısında əvəzolunmaz tarixi xidmətini həyata keçirdi. “Bizim hamımızın bir vətəni var – bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq Azərbaycançılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”, – deyən dahi şəxsiyyət Azərbaycançılıq ideologiyasını, milli həmrəyliyi inamlı sabahlar, işıqlı gələcək naminə hər bir həmvətənimizin həyat qayəsinə çevirə bildi. Təsadüfi deyil ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyasının əsas ideoloji xətti də milli birlik və həmrəylik, Azərbaycançılıq olmuşdur. Bu mühüm tədbirdən sonra  diaspor təşkilatlarının fəaliyyətində canlanma yaranmış, dünya azərbaycanlılarını birləşdirən təşkilatlar daha aktiv fəaliyyət göstərməyə başlamışlar. Görülən işlərin nəticəsidir ki, hazırda dünyanın müxtəlif yerlərinə səpələnmiş azərbaycanlılar yaşadıqları xarici ölkələrdə cəmiyyətin iqtisadi, ictimai-siyasi və mədəni həyatına daha çox inteqrasiya olunur, həmin ölkələrlə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında yaxından iştirak edirlər.

Bu gün xarici ölkələrdə yaşayan soydaşlarımızın ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranıb. İldən-ilə siyasi, iqtisadi, mədəni, diplomatik nüfuzu artan Azərbaycan artıq beynəlxalq aləmdə mühüm tərəfdaşlardan birinə çevrilib. Bunun nəticəsində Azərbaycan haqqında məlumatlar daha obyektiv və sistemli şəkildə bütün dünyaya çatdırılır. Qürurverici haldır ki, milli birliyimiz və həmrəyliyimiz sentyabrın 27-də başlayan Vətən müharibəsində özünü bir daha göstərdi. Bu birliyin nəticəsində hər bir Azərbaycan vətəndaşı bir yumruqtək birləşərək 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdi. Tarixi qələbədən keçən beş il müddətində dünya azərbaycanlıları milli mənlik şüuru əsasında sıx birləşməyin əhəmiyyətini indi daha dərindən dərk edirlər. Ölkə Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində dünya azərbaycanlılarına müraciətlərinin birində dediyi kimi:  Onlar bilirlər ki, güclü müstəqil Azərbaycan dövləti var və onların arxasında dayanır. Əminəm, bu gün xaricdə yaşayan azərbaycanlılar haqlı olaraq fəxr edirlər ki, müstəqil Azərbaycanın, müzəffər Azərbaycanın övladlarıdır”.

 Xəzəngül ORUCOVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 29.12.2025 14:58