NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Milli Məclisin deputatı Vüqar Rəhimzadə: Naxçıvanda su ehtiyatlarının artırılması üçün yeni imkanlar yaradılır

...

"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə su ehtiyatlarından səmərəli istifadə edilməsi prioritet istiqamətlərdən birini təşkil edir. Ölkəmizin müxtəlif bölgələrində yeni su anbarlarının tikintisi, meliorasiya və irriqasiya sistemlərinin yenilənməsi, əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm layihələr icra olunub. Su təhlükəsizliyinin gücləndirilməsi, kənd təsərrüfatının dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması və ekoloji mühitin qorunması bu siyasətin əsas prioritetlərindəndir. Eyni zamanda su ehtiyatlarının idarəetmə mexanizmlərinin formalaşdırılması və rəqəmsal texnologiyaların tətbiqi sahəsində ardıcıl addımlar atılır".
Bu sözləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə “Şərq qapısı” qəzetinə müsahibəsində deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib. Böyük əhəmiyyət kəsb edən bu Sərəncam Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanda su ehtiyatlarının qorunması, mövcud resurslardan səmərəli və dayanıqlı istifadə mexanizmlərinin formalaşdırılması, həmçinin su təminatı infrastrukturunun müasirləşdirilməsi məqsədi daşıyır.
Vüqar Rəhimzadə vurğulayıb ki, təsdiq edilmiş Tədbirlər Planına əsasən Naxçıvanda içməli və suvarma su sistemlərinin yenilənməsi, itkilərin azaldılması, hidrotexniki qurğuların yenidən qurulması və əsaslı təmiri, nasos stansiyalarının və təzyiqli boru xətlərinin yenidən qurulması, içməli su təchizatı və kanalizasiya şəbəkələrinin qurulması, içməli sutəmizləyici qurğuların tikintisi, yeni subartezian quyuların qazılması və infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda qapalı suvarma və kollektor-drenaj şəbəkələrinin tikintisi üzrə texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması tapşırılıb.
Deputat qeyd edib ki, sənədin icrası nəticəsində Naxçıvanda əhalinin keyfiyyətli içməli suya çıxış imkanlarının daha da yaxşılaşdırılması, kənd təsərrüfatında məhsuldarlığın artması və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi təmin ediləcək. Su ehtiyatlarının səmərəli idarə olunması ekoloji tarazlığın qorunmasına da müsbət təsir göstərəcək. Bununla yanaşı, bu sahədə atılan addımlar Naxçıvanın sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək. Tədbirlər Planının həyata keçirilməsi aidiyyəti dövlət qurumları arasında koordinasiyalı fəaliyyətin təmin olunmasını nəzərdə tutur.
"Dövlətimizin başçısının imzaladığı bu Sərəncam su təhlükəsizliyinin gücləndirilməsi və dayanıqlı inkişaf strategiyasının ardıcıl şəkildə reallaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Ümumilikdə, imzalanan Sərəncam Azərbaycanın su ehtiyatlarının səmərəli və dayanıqlı idarə olunması istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin tərkib hissəsi olmaqla ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvanda su təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsinə zəmin yaradır", – deyə Vüqar Rəhimzadə əlavə edib.

Nəşr edilib : 21.02.2026 16:05