NAXÇIVAN :

24 May 2025, Şənbə

Misir səfirinin Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb

...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Misir səfiri Hişam Məhəmməd Nağını ölkədə diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

"Şərq qapısı" xəbər verir ki, nazirin səfirin ölkədə diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

C.Bayramov tarixi dostluğa və qardaşlığa əsaslanan Azərbaycan və Misir münasibətlərinin xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edərək iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib. İki ölkə arasında həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, D-8 kimi çoxtərəfli platformalarda uğurlu əməkdaşlıq məmnunluqla vurğulanıb.

Görüşdə iki ölkənin liderlərinin 2023 və 2024-cü illərdə qarşılıqlı şəkildə rəsmi səfərlərinin iki ölkə arasında münasibətlərə xüsusi təkan verdiyi qeyd olunub. Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyəti və Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmə mexanizmlərinin intensivləşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin iqtisadi, ticarət, turizm sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Misir səfiri Azərbaycanda fəaliyyəti müddətində ona göstərilən diqqətə və dəstəyə görə təşəkkürünü bildirib.

Nəşr edilib : 23.05.2025 18:42