NAXÇIVAN :

31 Oktyabr 2026, Şənbə

Müəllim əməyinin bəhrəsi şagird uğurunda yaşayır

...

Müəllimlik dedikdə, ilk olaraq göz önündə uca bir ad, böyük zəhmət və mənəvi zirvə canlanır. Bu adın ucalığı illərlə qazanılan təcrübədə, şagirdlərə ötürülən biliklərdə, onların gələcəyinə tutulan işıqda özünü göstərir. Müəllim üçün ən böyük uğur yetişdirdiyi şagirdlərin nailiyyətlərini görmək, ən böyük qürur isə çəkdiyi zəhmətin hədər getmədiyinə şahid olmaqdır. Bu zirvəyə aparan yol isə səbir, sevgi və fədakarlıq tələb edir. Ömrünü bu sahəyə həsr etmiş Aytən Quliyeva və Bilqeyiz Əkbərovanın pedaqoji fəaliyyəti də məhz belə bir yolun –  illərin zəhməti, peşəyə sədaqət və müəllim adının məsuliyyəti ilə yoğrulan hekayəsidir.

Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinə yüksək balla qəbul olan Aytən Quliyeva tələbəlik illərində Abbas Zamanov adına təqaüdə layiq görülüb. Universiteti fərqlənmə diplomu ilə başa vuran Aytən müəllim elə həmin ildən pedaqoji fəaliyyətə başlayıb. Bu gün Hüseyn Cavid adına Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə çalışan müəllim artıq 29 ilə yaxındır ki, bilik və təcrübəsini şagirdləri ilə bölüşür. İllər ərzində onun üçün doğma olan bu məktəb yalnız iş yeri deyil, həm də neçə-neçə şagirdin həyatına toxunduğu, onların gələcəyinə öz töhfəsini verdiyi bir məkana çevrilib.

Aytən müəllimin illər ərzində göstərdiyi əmək dövlət tərəfindən də yüksək qiymətləndirilib. 2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülən pedaqoqun peşəkarlığı sertifikatlaşdırma imtahanlarının nəticələrində də özünü büruzə verib. O, imtahanın birinci mərhələsində 57, ikinci mərhələsində isə 60 bal toplayıb. Bu il Beynəlxalq Müəllimlər Günü münasibətilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülməsi isə onun uzun illər ərzindəki fəaliyyətinə verilən növbəti qiymət olub.

Aytən müəllim şagirdləri ilə səmimi münasibət qurmağa, onların düşüncələrini anlamağa, hər birinin fərdi xüsusiyyətlərini nəzərə alaraq inkişafına dəstək olmağa çalışır. Onun üçün müəllim əməyinin ən böyük mükafatı şagirdlərinin qazandığı uğurları görmək, vaxtilə verdiyi bilik və tövsiyələrin onların həyatında necə əks olunduğuna şahidlik etməkdir. Çünki müəllimin zəhməti yalnız dərs zamanı öyrədilən biliklərlə ölçülmür. Bəzən bir xoş söz, vaxtında göstərilən diqqət, verilən düzgün istiqamət illər sonra şagirdin həyatında öz bəhrəsini verir. Aytən müəllim də məhz belə məqamlarda illər əvvəl seçdiyi peşənin nə qədər dəyərli olduğunu bir daha hiss edir.

Müəllimlik yolunu zəhmət və təcrübə ilə davam etdirən Bilqeyiz Əkbərovanın fəaliyyəti də diqqətəlayiqdir. Orta təhsilini M.T.Sidqi adına Ordubad şəhəri 1 nömrəli tam orta məktəbdə alan Bilqeyiz müəllim ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya fakültəsində başa vurub. 2000-ci ildə Ordubad şəhər 2 nömrəli tam orta məktəbdə müəllimlik fəaliyyətinə başlayıb, 2004-cü ildən isə doğma məktəbinə qayıdaraq M. T. Sidqi adına 1 nömrəli tam orta məktəbdə biologiya müəllimi kimi çalışır.

Vaxtilə şagird kimi təhsil aldığı məktəbə illər sonra müəllim olaraq geri dönmək, bir zamanlar şagird kimi əyləşdiyi siniflərdə indi yeni nəslə bilik vermək insanın həyatında xüsusi məna daşıyır. Bilqeyiz müəllim üçün doğma məktəbdə çalışmaq həm də qazandığı bilik və təcrübəni özündən sonra gələn nəslə ötürmək imkanı yaradır. İllər ərzində məktəbin dəhlizlərindən keçən müxtəlif şagird nəsilləri, dəyişən tədris mühiti və yeni təcrübələr müəllimin peşə yolunun ayrılmaz hissəsinə çevrilir. Belə bir məkanda müəllim olmaq isə təkcə bilik vermək deyil, həm də doğma təhsil ocağının ənənələrini davam etdirmək deməkdir.

Bilqeyiz Əkbərovanın 26 illik pedaqoji fəaliyyəti gənc nəslin təhsilinə həsr olunan zəhmət illəridir. Onun təhsil sahəsindəki fəaliyyəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunan Bilqeyiz müəllim peşəkar biliklərini sertifikatlaşdırma imtahanlarında əldə etdiyi nəticələrlə də təsdiqləyib. İmtahanın birinci dövriyyəsində 59 bal, ikinci dövriyyəsində isə mümkün 60 baldan maksimum nəticə göstərib. Bu göstəricilər müəllimin öz üzərində davamlı işləməsinin, biliklərini yeniləməsinin və peşəkar inkişafına məsuliyyətlə yanaşmasının ifadəsidir.

Bilqeyiz Əkbərovanın əməyinə verilən qiymət bununla da bitməyib. Cari il oktyabrın 3-də elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülən müəllim bunu illərdir, göstərdiyi əməyə verilən dəyər kimi qəbul edir. Onun sözlərinə görə, müəllim zəhmətinin qiymətləndirilməsi insana əlavə güc verir, seçdiyi yolda daha həvəslə çalışmağa sövq edir. Bilqeyiz müəllim də gələcəkdə savadlı, vətənini sevən, cəmiyyətə faydalı gənclər yetişdirmək üçün öz işini eyni məsuliyyətlə davam etdirmək niyyətindədir.

Bu gün müəllim əməyinin ən gözəl bəhrəsi yetişdirdiyi şagirdlərin uğurlarında, onların həyatında qoyduğu izlərdir. İllər keçsə, nəsillər dəyişsə də, müəllimin öyrətdikləri və aşıladığı dəyərlər yaşayır. Çünki müəllim zəhməti zaman keçdikcə unudulmur, gələcək nəsillərin uğurlarında öz bəhrəsini verir.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 18.10.2026 17:00