NAXÇIVAN :

23 Yanvar 2026, Cümə

Muzey turizminə artan maraq

...

Bu nədən qaynaqlanır?

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan təkcə təbiəti və mətbəxi ilə deyil, həm də tarixi abidələri və muzeyləri ilə yerli və xarici turistlərin diqqətini cəlb edir. Son illərdə bölgəyə səfər edən turistlərin sayında artım müşahidə olunmaqdadır. Onların ən çox ziyarət etdikləri ünvanlar sırasında mədəniyyət ocaqları da var. Tarixi yaddaşın qorunduğu bu mədəniyyət ocaqları hər il minlərlə ziyarətçini qəbul edir. Bəs turistlərin ən çox üz tutduğu muzeylər hansılardır? Bu suala cavab tapmaq üçün Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Məmməd Hüseynli ilə əlaqə saxladıq. İlk olaraq bildirdi ki, bütün muzeylərə turistlərin axını güclüdür. Bu da təbiidir. Çünki yurdumuza gələn hər bir qonaq bu qədim diyarı hərtərəfli tanımaq istəyir. Bu da bizi sevindirir. Hər bir muzey əməkdaşı da çalışır ki, Naxçıvanı turistlərə olduğu kimi tanıtsın.

Öyrənirik ki, 2025-ci ilin ilk altı ayı ərzində Naxçıvanda fəaliyyət göstərən muzeylərə, ümumilikdə, 209 min 902 nəfər ziyarətçi baş çəkib. Onlardan 44 min 724 nəfəri xarici ölkələrdən gəlmiş turistlər olub.

“Bəs ən çox ziyarət edilən muzey hansıdır və bunun səbəbi nədir?” sualımızı isə müsahibim belə cavablandırdı: “Ən çox ziyarət edilən muzeylər sırasında Heydər Əliyev Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, eləcə də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi xüsusi yer tutur.

Müsahibimin sözlərinə görə, dünya tarixinin dahi şəxsiyyətlərindən biri, Azərbaycanın böyük siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair zəngin materialların toplandığı Heydər Əliyev Muzeyi ziyarətçilər arasında xüsusi maraq doğurur. Eyni zamanda 12-ci əsrə aid olan Azərbaycan memarlığının incilərindən sayılan Möminə xatun türbəsi zərifliyi və qədimliyi ilə turistləri özünə cəlb edir. Türbənin ətrafında müxtəlif dövrlərə aid daş abidələr, qəbirüstü kitabələr və tarixi nümunələr açıq havada sərgilənir. Naxçıvan xanlarının iqamətgahı kimi tarixi önəmi ilə tanınan “Xan Sarayı” Möminə Xatun türbəsi və Açıq Səma Altında Muzey Kompleksi ilə bir yerdə kompleks şəkildə fəaliyyət göstərməsi buranı turistlərin xüsusi maraq göstərdiyi məkanlardan birinə çevirib.

Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin də bu sırada öz yeri var. Naxçıvan xalçaçılıq məktəbinə aid qədim və müasir toxuculuq nümunələri burada toplanıb. Muzeydə əl işlərinin hazırlanması prosesi, naxışların mənası və simvolikası haqqında maraqlı məlumatlar da ziyarətçilərə təqdim olunur. Bundan əlavə, tarixi və möhtəşəm görünüşü ilə seçilən “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi də ziyarətçilərin daha çox üz tutduğu ünvanlardan biridir.

Müsahibim muzeylərə marağın daha da artırılması üçün yeni lahiyələrin reallaşdırılması barədə suallarımızı da ətraflı cavablandırdı. Bildirdi ki, bu məqsədlə mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir. Belə ki, muzeylərin və eksponatların mahiyyətinin daha dərindən öyrənilməsi üçün sakinlərlə görüşlər təşkil olunur, yeniyetmə və gənclərin muzeylərlə daha yaxından tanış olmaları üçün açıq və interaktiv dərslər keçilir, muzey əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması üçün seminarlar, təlimlər və ezamiyyətlər təşkil edilir.

Qeyd edək ki, muzeylərin zənginləşdirilməsi də daim diqqətdə saxlanılır. Artıq vətəndaşlar tərəfindən muzeylərə eksponat hədiyyə edilməsi ənənəvi hal almışdır. Bunun ifadəsidir ki, bəhs olunan dövrdə muzeylərə 2496 yeni eksponat daxil olmuşdur. Bu da muzeyə turist axımını artıran amillərdən biridir.

Bütün bunlar göstərir ki, diyarımızda fəaliyyət göstərən muzeylər yalnız tarixi yaddaşı yaşatmaqla kifayətlənmir, eyni zamanda maarifləndirici və mədəni tədbirlərlə cəmiyyətin bütün təbəqələrini öz ətrafında birləşdirir.

 Zəhra VƏLİYEVA

Nəşr edilib : 18.07.2025 15:36