MİQ iştirakçıları imtahan yeri və vaxtını sabah öy...
23:07 09.07.2026
0
0
0
NAXÇIVAN :
09 Iyul 2026, Cümə axşamı
Xalqımızın malik olduğu qədim sənət növləri içərisində xəttatlığın özünəməxsus yeri vardır. Sənət kimi formalaşması X-XII əsrlərə təsadüf edən xəttatlıq Şərq aləmində, o cümlədən ölkəmizdə orta əsrlərdə meydana gəlmiş, əsrlərboyu müxtəlif mərhələlər keçmişdir. İslam aləmi tərəfindən mənimsənilib istifadə edilən, ərəb hərflərinin müxtəlif formalarda yazılması ilə meydana gələn bu yazı sənəti incəsənətin bir növü sayılmasa da, ayrıca sənət qolu kimi daim inkişafda olmuşdur.
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun Əlyazmaların toplanması şöbəsinin müdiri Fəxrəddin Eylazovla həmsöhbət olduğumuzda o bildirdi ki, Şərqin mühüm mədəniyyət mərkəzlərindən biri olan Azərbaycan və onun ayrılmaz tərkib hissəsi Naxçıvan ərazisi qədim və orta əsrlər zamanı yaradılmış memarlıq abidələri ilə zəngindir. VII yüzilliyin ortalarından başlayaraq islamlaşan Azərbaycanda memarlıq abidələri özündə yerli türk ənənələrini saxlamaqla bərabər, həm də islami xarakter daşımağa başladı. İslam mədəniyyəti tarixində xüsusi yer tutan Azərbaycan xalqı və bu xalqın içərisindən çıxan mütəfəkkirlər Xilafətin sərhədləri daxilində “Müsəlman intibahı” adlanan mədəni oyanışın baş verməsində yaxından iştirak etmişlər. Həmin vaxt müsəlman dünyasında yetişən Əhməd əl-Bərdəyi, Əbdüləziz əl-Bərdəyi, Məhəmməd ibn Həsən Naxçıvani, Nizami Gəncəvi, Əcəmi Naxçıvani və başqalarını göstərmək olar.
Fəxrəddin müəllim onu da qeyd etdi ki, orta əsr Azərbaycan memarlığının inkişafında dərin və silinməz izlər buraxmış Əcəmi Əbubəkr oğlu Naxçıvani Naxçıvan memarlıq məktəbinin banisi kimi Naxçıvan ərazisində və qonşu ölkələrdə özündən sonrakı memarların fəaliyyətinə də həlledici təsir göstərmişdir. Ərəb dili və yazısının, bununla birlikdə islam mədəniyyətinin Azərbaycan xalqının həyatına, məişətinə güclü surətdə daxil olması digər sahələrdə olduğu kimi, memarlıq abidələrinin üzərinə də həkk olunmağa başladı. Buna ən bariz nümunəni XII yüzillikdə Naxçıvan şəhərində Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilən abidələri və onlarda istifadə olunan xətt növlərini qeyd etmək olar.
XII əsrdə yaradılmış həmin abidələr əsrləri aşaraq Əcəmi dühasının cazibədar qüvvəsini bu gün də bizə nümayiş etdirir, yüksək estetik zövq verir, müəllifinin bədii irsinin həqiqətən ölməz sənət əsərləri sırasına daxil olduğuna şəhadət edirlər. Bu yenidən canlanan memarlıq irsi, Əcəmi Naxçıvaninin o dövrdə - XII əsrdə işinə təsadüf edilməyən bir memar olduğunu deməyə əsas verir. Əcəmi bizə məlum olan şah əsərlərin müəllifi kimi, yüksək fərdi yaradıcılıq siması olan nəhəng bir sənətkardır. Yaşadığı dövrdə adı onunla yanaşı çəkilən ikinci bir memar hələ məlum deyildir.
Əcəmi Əbubəkr oğlu Naxçıvaninin həyat və yaradıcılığı tədqiqatçılar tərfindən geniş araşdırılmış və onun yaradıcılığının müxtəlif cəhətləri işıqlandırılmışdır. Onun memarlıq ənənələri təkcə qədim mədəniyyət mərkəzi olan Naxçıvanda deyil, Yaxın Şərqin tarixində və mədəni inkişafında mühüm yer tutan, özünəməxsus izlər qoyan bir məktəb olduğunu deyən müsahibim qeyd edir: “Naxçıvan və ona yaxın ərazilərdə tikilən bəzi abidələrdə Əcəmiyə xas olan xəttatlıq üsullarının bu və ya başqa şəkildə təzahürü vardır. Azərbaycanda bu təsir şimalda Bərdəyə, Cənubda isə Həmədan və Zəncana qədər bir əraziyə yayılmışdır. Özlərini kitabələrdə “Naxçıvani” adlandıran sənətkarlar XIV əsrə qədər onun banisi olduğu məktəbin üslub xüsusiyyətlərini davam etdirmişlər. Bu cəhətdən Marağa, Qarabağlar, Bərdə, Salmas, Xoy, Urmiya abidələrini yada salmaq kifayətdir. Əcəmi məktəbində istifadə olunan xətt növlərindən biri onun əsərlərində daha dolğun şəkildə müşahidə olunan kufi xəttidir. Möminə xatun məqbərəsi, Yusif Küseyir oğlu türbəsi üzərində müşahidə olunan xətt növləri xüsusilə Möminə xatun türbəsi üzərindəki kitabələr kufi xəttinin dörd növünü əhatə etməkdədir”. Belə ki, kufi xəttinin özlüyündə dörd əsas növü vardır: kufi nəsx, kufi suls, kufi həndəsi və kufi şikəstə. İlk Quran nüsxələri də məhz kufi xətti ilə yazılmışdır. Bunun bariz nümunəsini Möminə xatun məqbərəsinin giriş qapısında daha dəqiq izləmək mümkündür.
Qədim kufi xətti ilə meydana gələn xəttatlıq sənəti əsrlərboyu müxtəlif mərhələlər keçərək özünün ən yüksək zirvəsinə gəlib çatmışdır. Xəttatlıq Şərqdə, o cümlədən Azərbaycanda orta əsrlərdə meydana gəlmişdir. Xəttatlığın sənət kimi formalaşmasından da danışan müsahibim onu da bildirdi ki, bu X-XII əsrlərə təsadüf edir. İlk dövrlərdə klassik 6 xətt növü yaranmışdır (süls, nəsx, mühəqqəq, reyhani, tuqi, rüqə). Bunlardan “süls” adlanan xətt növü X əsrdə ərəb xəttatı Əbu Əli Məhəmməd ibn Muğlə, mühəqqəq və reyhani xətləri XI əsrdə bədii xətt ustası İbn əl-Bəvvab, tuqi və ruqə xətləri isə XIII əsr ərəb xəttatı və şairi Əbülfəz Dinəvəri tərəfindən yaradılmışdır. Müsahibimin bu xəttlər haqqında qeyd etdiyi məlumatlar tarixi abidələrimizi daha yaxından tanımağımıza səbəb olur.
AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun Əlyazmaların toplanması şöbəsinin müdiri Fəxrəddin Eylazov onu qeyd edir ki, XII əsrdən etibarən kufi xətti təkmilləşdikdən sonra ibn Muğlə Şirazi nəsx xəttini ixtira edir və bu ad ona özündən əvvəlki xətti, yəni kufi xəttini aradan çıxardığı üçün verilmişdir. Digər xətlərlə müqayisədə nəsx xətti özünün sadəliyi, rahat oxunuşu və asan yazılışı ilə diqqəti daha çox cəlb edir.
Mədəniyyətlər beşiyi olan Naxçıvan Muxtar Respublikası ərazisindəki daş kitabələrdə və yaxud əlyazmalarda nəsx xəttinə daha çox rast gəlmək olur.
Şikəstə xətti. XII əsrdə nəsx xətti əsasında yaradılan şikəstə xətti, əsasən, sınıq xətlərdən ibarət olduğuna görə ona belə bir ad verilmişdir. Elə şikəstə sözünün mənası da (sınıq) deməkdir. Divani xəttində olduğu kimi şikəstə xətt növündə də ikişəkilli hərflər (əlif, ra, vav və dal) kimi hərflər özündən sonrakı hərflərə də birləşdirilir. Digər xətlərlə müqayisədə şikəstə xətti ilə daha tez yazmaq mümkün olduğundan bu xəttə daha çox rast gəlmək olur. Naxçıvan Dövlət Tarix muzeyində saxlanılan daş kitabədə verilən mətn nümunəsi şikəstə xətt növünə aiddir.
Nəstəliq xətti haqqında da məlumat verən müsahibim qeyd edir ki, XIV əsrin sonlarında məşhur xəttat Mir Əli Təbrizi tərəfindən nəsx və təliq xətlərinin əlaqələndirilməsi nəticəsində yaradılan nəstəliq xətti XV-XVI əsrlərdə Yaxın Şərqdə, Azərbaycanda və Naxçıvanda geniş yayılmış və əsasən, əlyazma kitablarının üzünün köçürülməsində məktub və sənədlərin yazılmasında geniş tətbiq olunmuşdur. Sonralar daha geniş yayılan nəstəliq xətti gümüşdən, bürüncdən, saxsıdan hazırlanan qabların və bəzək əşyalarının bəzədilməsində daha çox istifadə edilmişdir. AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda saxlanılan əlyazmalarda və Naxçıvan Dövlət Tarix Muzeyində mühafizə olunan şifrəli 1 ədəd kəşkülün üzərində həkk olunan xətt nümunələri nəstəliq xəttinə aiddir. Naxçıvan ərazisində indiyədək qalan müsəlman epiqrafikası abidələri təsdiq edir ki, XVII-XVIII əsrlərdə kitabələrin yazılmasında bu xətdən daha geniş şəkildə istifadə olunub.
Bir sözlə, orta əsrlərdə Naxçıvan ərazisində yazı vasitəsi kimi müxtəlif xətlərdən geniş istifadə olunmuşdur. Və bugümüzə qədər gəlib çatan bu nümunələr onu deməyə əsas verir ki, Naxçıvan adidələri türk-İslam tarixinin izlərini özündə yaşadan ən gözəl abidələrdəndir.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər