NAXÇIVAN :

13 Avqust 2026, Cümə axşamı

Naxçıvan Dövlət Universiteti ilə Çinin daha bir nüfuzlu universiteti arasında anlaşma memorandumu imzalanıb

...

İyulun 13-də Naxçıvan Dövlət Universiteti ilə Çin Xalq Respublikasının Urumçi Peşə Universiteti (Urumqi Vocational University) arasında təhsil, elm və innovasiya sahələrində əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu onlayn formatda imzalanıb.
"Şərq qapısı" xəbər verir ki, memoranduma əsasən tərəflər birgə elmi tədqiqatların aparılması, müəllim, tələbə və inzibati heyət mübadiləsi, eləcə də logistika, turizm, süni intellekt, rəqəmsal media, incəsənət, tibb, yeni enerji və istehsal sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər. Sənəd, həmçinin birgə akademik proqramların, ikili diplom layihələrinin, “3+1” modeli üzrə bakalavr proqramlarının hazırlanmasını, yay məktəblərinin, təcrübə proqramlarının, seminar və konfransların təşkili, Süni İntellekt Mərkəzinin yaradılması, Çin dili və mədəniyyəti üzrə proqramların hazırlanmasını da əhatə edir.
Urumçi Peşə Universitetinin prezidenti Tang Xiaobing imzalanan sənədin iki universitet arasında uzunmüddətli əməkdaşlığın əsasını qoyduğunu bildirib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev isə qeyd edib ki, cari ilin aprelində universitet nümayəndə heyətinin Urumçiyə səfəri zamanı aparılan müzakirələr bu əməkdaşlığın formalaşmasına zəmin yaradıb. Rektor memorandumu iki universitet arasında yeni əməkdaşlıq mərhələsinin başlanğıcı kimi dəyərləndirib.
Qeyd edək ki, anlaşma memorandumu qardaşlaşmış Naxçıvan və Urumçi şəhərləri arasında əlaqələrin daha da inkişafına töhfə verəcək. Sonda onlayn qrup fotosu çəkdirilib.

Nəşr edilib : 13.07.2026 19:22