NAXÇIVAN :

05 Noyabr 2026, Cümə axşamı

Naxçıvan Dövlət Uşaq Teatrı: 20 ilin səhnə salnaməsi

...

Uşaqlıq illərinin ən unudulmaz xatirələri bəzən bir nağıldan, bəzən səhnədə canlanan qəhrəmanın macəralarından, bəzən də pərdənin arxasından boylanan möcüzələrdən başlayır. Teatr uşaqlar üçün, sadəcə, tamaşa izlədikləri məkan deyil, həm də xəyallarının qanadlandığı, yaxşı ilə pisi ayırmağı, dostluğun, cəsarətin və mərhəmətin dəyərini öyrəndikləri sehrli bir dünyadır. Burada hər obrazın öz hekayəsi, hər tamaşanın bir mesajı var. Səhnədə yaşanan hadisələr balaca tamaşaçıları düşündürür, onların duyğularına toxunur, yaddaşlarında silinməz izlər buraxır.
Artıq 20 ildir ki, Naxçıvan Dövlət Uşaq Teatrı bu sehrli dünyanın qapılarını uşaqların üzünə açır. Ötən illər ərzində səhnədə nağıllar canlanıb, müxtəlif   qəhrəmanların taleyi tamaşaçılarla bölüşülüb, yeni əsərlər repertuara daxil edilib, yaradıcı axtarışlar davam etdirilib. Teatrın ötən illərdə keçdiyi yaradıcılıq yolu, bu gün gördüyü işlər və qarşıya qoyduğu məqsədlər barədə Azərbaycan Respublikasının Əməkdar artisti, teatrın quruluşçu rejissoru, Naxçıvan Dövlət Universitetinin müəllimi, Altai teatrının yaradıcısı və rəhbəri Nurbəniz Niftəliyeva ilə söhbət etdik.
Müsahibim teatrın yaranma tarixindən danışarkən bildirib ki, kollektiv 2006-cı il iyunun 1-də Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Vüsal Rza­yevin müəllifi və quruluşçu rejissoru olduğu “Cəsur dovşan” tamaşası ilə fəaliyyətə başlayıb. İlk tamaşanın səhnəyə çıxması yeni yaradıcılıq yolunun başlanğıcı olmaqla yanaşı, Naxçıvanın mədəni həyatında uşaq teatrının gələcək inkişafı baxımından da mühüm addım olub. Həmin il oktyabrın 4-də kollektiv dövlət statusu alaraq Naxçıvan Dövlət Uşaq Teatrı adını qazanıb. 
Nurbəniz Niftəliyeva qeyd edib ki, yeni kollektivin yaranması bir neçə sənətkarın təşəbbüsü, zəhməti və uşaq teatrının gələcəyinə olan inamı sayəsində mümkün olub: “Naxçıvan teatrının təcrübəli sənətkarları ilə məktəblilərin bir araya gəlməsi kollektivin formalaşmasında mühüm rol oynayıb. Yarandığı ilk gündən teatrın əsas məqsədi uşaqların maraq və düşüncə dünyasına uyğun tamaşalar hazırlamaq, onların dünyagörüşünü zənginləşdirmək, səhnə sənətinə marağını artırmaq olub. Kollektivin fəaliyyətini genişləndirməsi üçün yaradılan şərait də teatrın inkişafına öz töhfəsini verib. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində müvafiq yaradıcılıq imkanları ilə təmin olunan teatr 270 nəfərlik tamaşaçı zalı, iş və qrim otaqları ilə fəaliyyətini davam etdirir”.
Əməkdar artistin sözlərinə görə, ötən illər ərzində teatrın yaradıcılıq fəaliyyətində uşaqların təxəyyülünün, estetik zövqünün və musiqi duyumunun inkişafına xüsusi önəm verilib. Səhnələşdirilən əsərlərdə balaca tamaşaçıların yaş xüsusiyyətləri və maraqları nəzərə alınıb, müxtəlif obrazlar vasitəsilə onlara mənəvi dəyərlər aşılanıb. Çünki uşaq teatrının məqsədi yalnız maraqlı tamaşalar təqdim etmək deyil, həm də uşaqların düşüncəsinə təsir göstərmək, onların yaddaşında xoş təəssürat və unudulmaz xatirələr yaratmaqdır.
Müsahibim məktəblilərin teatrın yaradıcılıq həyatındakı roluna da diqqət çəkib:  “Məktəbli aktyorların iştirakı teatrın fəaliyyətində həmişə xüsusi yer tutub. Uşaqların peşəkar aktyorlarla eyni səhnəni bölüşməsi onlara yalnız rol ifa etmək təcrübəsi qazandırmayıb, həm də məsuliyyət, kollektivlə işləmək və özünü ifadə etmək bacarıqlarını inkişaf etdirib. Müxtəlif illərdə tamaşalarda iştirak edən məktəblilər teatrın yaradıcılıq həyatının ayrılmaz hissəsinə çevriliblər”. 
Nurbəniz Niftəliyeva repertuarın zənginləşdirilməsi istiqamətində görülən işlərdən danışıb. Onun sözlərinə görə, hazırda yeni tamaşaların hazırlanması və səhnə əsərlərinin repertuara daxil edilməsi istiqamətində fəaliyyət davam etdirilir: “Rza Zeynalovun quruluşunda Vüsal Rzayevin “Daşdəmirin nağılı”, Əməkdar artist Nurbəniz Niftəliyevanın quruluşunda isə “Dostluğun rəmzi Novruz”, “Məzlum dovşan”, “İdeal kimdir?”, “Danışan kukla” və “Momo” tamaşaları 2026-cı ilin repertuar planına daxil edilib. 20 illik fəaliyyət ərzində teatrın səhnəsində, ümumilikdə, 58 tamaşa təqdim olunub, çoxsaylı mədəni tədbirlər keçirilib. Bu rəqəmlərin arxasında müxtəlif illərdə kollektivdə çalışan müəlliflərin, rejissorların,   aktyorların, rəssamların, texniki heyət üzvlərinin və məktəbli ifaçıların zəhməti dayanır. Hər birinin əməyi teatrın bu günə qədər gəlib çatmasında öz izini qoyub”.
Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik fəaliyyət yolu ilk tamaşadan başlayan yaradıcılıq axtarışlarının, sənətə bağlılığın və uşaqlara ünvanlanan mənəvi missiyanın salnaməsidir. İllər, nəsillər, səhnədə canlanan obrazlar dəyişsə də, uşaqların teatr dünyasına marağı, qəhrəmanların sevincinə şərik olmaq, onların yaşantılarına kövrəlmək duyğusu dəyişməz qalır. Teatrın iki onillik ərzində keçdiyi yol da məhz bu bağlılığın, sənətə sədaqətin və uşaqların mənəvi dünyasına töhfə vermək istəyinin ifadəsidir. Arzu edirik ki, bu sənət ocağında pərdələr hər zaman açılsın, yeni obrazlar yaransın, səhnədə nağıllar yaşasın, uşaqların sevinci və alqışları əskik olmasın.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 31.10.2026 15:47