NAXÇIVAN :

14 May 2026, Cümə axşamı

Naxçıvan mətbəxi: dadlar üzərindən mədəniyyətin izi

...

Naxçıvan – təkcə qədim tarixi, abidələri və təbiəti ilə deyil, həm də özünəməxsus mətbəxi ilə seçilən bir diyardır. Bu torpağın hər bir yeməyi, hər bir dadı əsrlərin yaddaşını daşıyır, keçmişdən bu günə uzanan bir mədəniyyət körpüsü yaradır. Naxçıvan mətbəxinə nəzər saldıqda, sadəcə, yemək deyil, həyat tərzi, ənənə, ailə dəyərləri və qonaqpərvərlik ruhu ilə qarşılaşırıq.
Naxçıvan mətbəxinin ən diqqətçəkən xüsusiyyətlərindən biri də onun qədim ənənələrə bağlı qalmasıdır. Məsələn, ailə süfrəsində birlikdə yemək yemək burada bir ritual kimidir. Xüsusilə bayram günlərində, toy və mərasimlərdə hazırlanan yeməklər təkcə qonaqları doyurmaq üçün deyil, həm də hörmət və sevginin ifadəsidir. Süfrəyə qoyulan hər bir təam ev sahibinin qonağa olan münasibətini göstərir.
Bu mətbəxdə plovdan tutmuş müxtəlif şorbalar, ət yeməkləri, xəmir xörəkləri və şirniyyatlara qədər geniş çeşid mövcuddur. Lakin hər yeməyin öz hekayəsi var. Məsələn, uzun illərdir, hazırlanan ənənəvi yeməklər nənələrdən analara, analardan isə yeni nəsillərə ötürülərək yaşadılır. Bu ötürülmə prosesi, sadəcə, reseptin qorunması deyil, həm də mədəniyyətin davamlılığının təmin edilməsidir.
Naxçıvan mətbəxində diqqətçəkən digər bir məqam isə qonaqpərvərlik ənənəsidir. Bu torpaqda qapıdan içəri girən hər kəs Tanrı qonağı sayılır və ən gözəl nemətlərlə qarşılanır. Süfrə nə qədər zəngin olarsa, ev sahibinin ürəyi də bir o qədər geniş sayılır. Bu baxımdan, yeməklər burada sosial münasibətlərin ayrılmaz hissəsidir.
Naxçıvan süfrəsində yeməklərin təqdimatı da ayrıca bir mədəniyyət nümunəsidir. Süfrə açmaq burada sadə bir gündəlik fəaliyyət deyil, əksinə, incə düşünülmüş bir mərasimdir. Süfrəyə düzülən yeməklərin ardıcıllığı, onların rəng uyğunluğu, qonaqlara təqdimolunma qaydası –  bütün bunlar ev sahibinin zövqünü və qonağa verdiyi dəyəri əks etdirir. Bu baxımdan, yemək mədəniyyəti burada estetik düşüncə ilə də sıx bağlıdır.
Eyni zamanda bu mətbəxdə israfçılığa yer yoxdur; hər bir məhsulun dəyəri bilinir və maksimum şəkildə istifadə olunur. Bu isə həm qədimdən gələn qənaətcil həyat tərzinin, həm də təbiətə olan hörmətin göstəricisidir. Naxçıvan mətbəxində müxtəlif ədviyyələrin və yerli otların istifadəsi yeməklərə özünəməxsus dad qatır. Bu dadlar isə başqa bölgələrlə müqayisədə fərqli və yaddaqalan olur.

Ayşən Adıgözəlova
 

Nəşr edilib : 07.05.2026 11:30