Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatı...
19:04 29.10.2026
0
0
0
NAXÇIVAN :
29 Oktyabr 2026, Cümə axşamı
Naxçıvan Muxtar Respublikası zəngin təbii-coğrafi şəraiti, müxtəlif iqlim xüsusiyyətləri və qədim əkinçilik ənənələri ilə Azərbaycanın mühüm meyvəçilik bölgələrindən biridir. Əsrlərboyu bu ərazidə xalq seleksiyası nəticəsində formalaşmış aborigen meyvə sortları yerli torpaq-iqlim şəraitinə uyğunlaşma qabiliyyəti, məhsullarının özünəməxsus keyfiyyət göstəriciləri və təsərrüfat baxımından qiymətli xüsusiyyətləri ilə seçilir. Bu sortlar regionun aqrobioloji müxtəlifliyinin mühüm tərkib hissəsi olmaqla yanaşı, milli genetik irsimizin qorunmasında da əhəmiyyətli yer tutur. Son onilliklərdə intensiv bağçılığın inkişafı, xarici mənşəli sortların yayılması, urbanizasiya və iqlim dəyişiklikləri kimi amillər bir sıra yerli meyvə sortlarının yayılma arealının məhdudlaşmasına səbəb olub. Nəticədə, bəzi qiymətli aborigen sortların qorunması və yenidən kənd təsərrüfatı istehsalına cəlb edilməsi zərurəti yaranıb.
Aborigen meyvə sortları yalnız kənd təsərrüfatı məhsulu deyil, həm də əsrlərboyu formalaşmış xalq seleksiyasının qiymətli nəticəsidir. Onların qorunması biomüxtəlifliyin saxlanılması, gələcək seleksiya proqramlarının genetic materialla təmin edilməsi və kənd təsərrüfatının davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Yerli sortlar bölgənin torpaq-iqlim şəraitinə yüksək uyğunlaşma qabiliyyətinə malik olduğundan onların genetik potensialından səmərəli istifadə kənd təsərrüfatının davamlı inkişafı üçün mühüm istiqamətlərdən biridir.
Naxçıvan Muxtar Respublikası müxtəlif regionların zəngin meyvəçilik ənənələrinə malik olmaqla yanaşı, qiymətli aborigen meyvə sortlarının formalaşdığı mühüm genetik mərkəzlərdən biridir. Regionda uzun illər xalq seleksiyası nəticəsində qorunub saxlanılan aborigen ərik sortlarından “Əbu Talibi”, “Badamı”, “Limon”, “Şalax”, “Təbərzə”, “Haqverdi” və “Ağ ərik”, gilas “Öküzürəyi”, “Qırmızı növrəst”, “Ağ, Qırmızı, Sarı, Qara gilas”, badam “Kətanköynək”, “Qoşaləpə”, “Daş badam” yerli sortları yüksək məhsuldarlığı, özünəməxsus dad və ətrə, eləcə də yerli torpaq-iqlim şəraitinə yüksək adaptasiya qabiliyyəti ilə fərqlənir. Bu sortların yerli şəraitə uyğunlaşma xüsusiyyətlərinin, məhsul keyfiyyətinin və bioloji göstəricilərinin öyrənilməsi, onların qorunması və gələcəkdə səmərəli istifadəsi üçün mühüm əhəmiyyət kəsb edir.
Aborigen meyvə sortlarının qorunması və bərpasında səmərəli üsullardan biri onların uyğun calaqaltılar üzərində vegetativ yolla çoxaldılmasıdır. Calaqaltı bitkinin kök sistemini formalaşdırmaqla ağacın böyüməsinə, məhsuldarlığına, uzunömürlülüyünə və müxtəlif stres amillərinə davamlılığına birbaşa təsir göstərir. Düzgün seçilmiş calaqaltılar yerli sortların inkişafını sürətləndirir, onların yeni bağlarda uğurla becərilməsinə şərait yaradır və genetik xüsusiyyətlərinin qorunmasına xidmət edir.
Naxçıvan Muxtar Respublikası şəraitində iqlimə uyğun becərmə texnologiyalarının tətbiqi müxtəlif meyvə bitkiləri üçün xarici mənşəli perspektivli calaqaltı sortlarının əkininin həyata keçirilməsi uyğundur. Respublikada meyvəçiliyin elmi əsaslarla inkişaf etdirilməsi istiqamətində aparılan tədqiqatlar çərçivəsində, bioloji xüsusiyyətlərinə görə regionun torpaq-iqlim şəraitinə uyğunlaşma potensialına malik xarici mənşəli müasir calaqaltı meyvə sortları ilk dəfə olaraq elmi tədqiqatlara cəlb edilmişdir. Bu məqsədlə VSL-2, Gizella 6, Garnem 15, Adara və Myrobolan 29-C calaqaltılarının muxtar respublika şəraitində introduksiyası həyata keçirilmiş və onların fenoloji inkişafı, vegetativ böyüməsi, adaptasiya qabiliyyəti, kök sisteminin formalaşması və perspektivliyi üzrə müşahidələr aparılmışdır. Aparılan tədqiqatların əsas məqsədi muxtar respublikanın müxtəlif torpaq-iqlim şəraitinə yüksək uyğunlaşma qabiliyyəti nümayiş etdirən calaqaltı sortlarını müəyyənləşdirmək, onların genetik və bioloji xüsusiyyətlərini öyrənmək, əkin sahələrinin genişləndirilməsini elmi cəhətdən əsaslandırmaq və müasir tingçilik təsərrüfatının inkişafına töhfə verməkdir. Bununla yanaşı, perspektivli calaqaltılar üzərində aborigen meyvə sortlarının çoxaldılması, onların tətbiqi və istehsalata təşviqi regionda yüksək məhsuldarlığa malik, davamlı və uzunömürlü meyvə bağlarının salınmasına, eləcə də itmə təhlükəsi altında olan yerli genetik resursların qorunaraq gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Şəkil. Tədqiqat obyekti
İqlim dəyişiklikləri fonunda quraqlığa, yüksək temperatur şəraitinə və su çatışmazlığına davamlı meyvə sortlarının əhəmiyyəti daha da artır. Naxçıvanın sərt kontinental iqlimi yerli sortların təbii seçmə yolu ilə yüksək adaptasiya qabiliyyəti qazanmasına səbəb olmuşdur.
Müasir dövrdə genetik ehtiyatların mühafizəsi beynəlxalq səviyyədə də prioritet istiqamətlərdən biridir. Yerli meyvə sortlarının kolleksiya bağlarında saxlanılması, onların molekulyar və morfoloji xarakteristikalarının öyrənilməsi, elektron məlumat bazalarının yaradılması və fermer təsərrüfatlarında yenidən becərilməsi aqrar elmin əsas vəzifələrindən hesab olunur. Bu istiqamətdə elmi-tədqiqat müəssisələrinin fəaliyyəti kənd təsərrüfatının davamlı inkişafına, biomüxtəlifliyin qorunmasına və yerli genetik resursların gələcək nəsillərə ötürülməsinə mühüm töhfə verir.
Naxçıvan Muxtar Respublikasında aparılan tədqiqatlar göstərir ki, perspektivli calaqaltılar üzərində çoxaldılan aborigen meyvə sortları yüksək uyğunlaşma qabiliyyəti nümayiş etdirir və məhsuldarlıq baxımından ümidverici nəticələr verir. Bu isə regionda yeni intensiv bağların salınması ilə yanaşı, milli genofondun zənginləşdirilməsi və itməkdə olan qiymətli sortların yenidən kənd təsərrüfatı istehsalına cəlb olunması üçün geniş imkanlar yaradır.
Nəticə etibarilə, Naxçıvan Muxtar Respublikası şəraitində əkini həyata keçirilmiş calaqaltı sortlarının becərilməsi ilə itmə təhlükəsində olan aborigen meyvə sortlarının bərpası bir-birini tamamlayan mühüm elmi istiqamətlərdir. Bu fəaliyyətlər təkcə yerli meyvəçiliyin inkişafına deyil, həm də biomüxtəlifliyin qorunmasına, milli genetik ehtiyatların zənginləşdirilməsinə, iqlim dəyişikliklərinə davamlı kənd təsərrüfatı sisteminin formalaşdırılmasına və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Elmi əsaslara söykənən bu tədqiqatların davamlı şəkildə həyata keçirilməsi gələcək nəsillər üçün qiymətli genetik irsin qorunmasının və səmərəli istifadəsinin əsas təminatlarından biridir.
Günel SEYİDZADƏ
Akademik Həsən Əliyev adına Naxçıvan Kənd Təsərrüfatı Elmi Tədqiqat İnstitutu Aqrar elmlər üzrə fəlsəfə doktoru
Digər xəbərlər